Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:34

'Gəncə məhbusu' pis rəftardan şikayətçidir


Həbsxana
Həbsxana

Gəncə hadisələrinə görə həbs olunanlardan Elvin Nəzərov ona verilən cəzanı Şəki Penitensiar Müəssisəsində çəkir. Ailə üzvləri onun müəssisədə fiziki və psixoloji təzyiqə, pis rəftara məruz qaldığını iddia edir.

Bu barədə AzadlıqRadiosuna danışan həyat yoldaşı Şəbnəm Nəzərova deyir ki, bu müəssisəyə köçürüləndən təzyiq altındadır. Onun sözlərinə görə, müəssisə rəhbərliyinin göstərişiylə, heç bir əsas olmadan, müxtəlif bəhanələrlə E.Nəzərovu tez-tez cərimə kamerasına (kars) salırlar: "Müəssisənin rəisi Ramin Əliyev əvvəl gündən onunla yola getmir. Axırıncı söz-söhbət mayın 2-də olub. Elvinin başında tük yoxdur, təzə qırxılıb. Rəis gəlib ki, yenə qırxdırmalısan. Bu da deyib ki, başımda tük var ki, qırxdırım da?! Aparıb "kars" otağına salıblar, zorla başını bir də qırxıblar. Bununla da ürəkləri soyumayıb, saçqırxan aparatla başına-başına vurublar".

E.Nəzərovun başı qırxılandan sonra cərimə kamerasından çıxarıldığını deyən həyat yoldaşının sözlərinə görə, bu prosesdə müəssisənin rəis müavini də iştirak edib.

Ş.Nəzərova deyir ki, həyat yoldaşı Gəncə hadisələrindən sonra həbs olunduğu ilk günlərdə məruz qaldığı fiziki və psixoloji işgəncənin fəsadlarından hələ də əziyyət çəkir. Onun sözlərinə görə, Şəki Penitensiar Müəssisəsindəki rəftar onun durumunu daha da ağırlaşdırır: "Ona qarşı rəftardan da şikayət də verilib, amma nəticəsi yoxdur".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, E.Nəzərovun təzyiq altında saxlanması barədə deyilənlər həqiqətəuyğun deyil.

"Mən müəssisə rəhbərliyi ilə dəqiqləşdirdim. Bu məhkumun heç bir problemi yoxdur. Nə ona qarşı pis rəftar var, nə cərimə kamerasına salınıb. Başqa məhkumlar kimi, normal qaydada saxlanılır", - M.Sadıqov belə deyir.

Xatırlatma

E.Nəzərov 2018-ci il iyulun 10-da Gəncədə keçirilən etiraz aksiyasından sonra həbs olunub. O, məhkəmədə bildirib ki, həbs olunarkən və ondan sonra bir neçə gün ərzində işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, polis idarəsinə gətiriləndən sonra əllərini qandallayıb, gözlərini də bağlayıblar ki, döyənlərin üzünü görməsin: "Ayaqlarımın altına dubinka ilə var gücləri ilə döyürdülər, huşumu itirirdim. Onda su tökürdülər üstümə, ayılırdım və yenidən döyürdülər. Boğazımın altında, sinə sümüyünün yuxarı hissəsindəki yerlərə vururdular. Çox dəhşətli ağrı verirdi. Alışqanı yandırıb belimə tuturdular və saxlayırdılar. Belim yandıqca, ağrının şiddətindən ürəyim gedirdi. Bütün bədənim göyərmişdi, qan içində idim, ağrıdan ayaqüstə dayana bilmirdim..."

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.

E.Nəzərov CM-nin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə suçlanaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsi onun cəzasını 2 il 6 aya endirib.

XS
SM
MD
LG