Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:37

Putin-in başı doğrudanmı dərddədir – Qərb mediası


Vladimir Putin
Vladimir Putin

Qərb mediası koronavirus pandemiyası dövründə Rusiyada baş verənlərə xüsusi diqqət ayırır, bəzi nəşrlər hətta Prezident Vladimir Putinin mövqeyinin zəiflədiyini iddia edirlər.

“The Daily Beast” portalında Anna Nemtsova yazır ki, Putin son illərdə indiki kimi zəif görünməmişdi, COVID-19-un səbəb olduğu iqtisadi çətinliklər isə səbəblərdən yalnız biridir.

“Putinin reytinqi koronavirus böhranından öncə düşməyə başlamışdı, neft ucuzlarır, iqtisadiyyat pisləşirdi. Bu il bu tufanı nəyin dayandıra biləcəyini görmürəm”, – müstəqil sorğular keçirən Levda Mərkəzinin direktor müavini Denis Volkov deyib.

“İctimai əhval-ruhiyyənin 2008-ci ilin böhranı vaxtında olduğu kimi dəyişdiyini görürük. Respondentlərimizin 25 faizə qədəri maaşlarının kəsildiyini deyir”, – Volkov portala deyib.

Yoxsulluq

Müəllif yazır ki, Putinin ən böyük çətinliyi Rusiyanın köhnə xəstəliyi olan yoxsulluqdur. Yaxşı vaxtlarda, neftin qiymətləri astronomik həddə olanda prezident əhalini pulla təmin edirdi və bununla qürur dururdu. O, silahlı qüvvələri gücləndirir, açıq, yaxud gizli şəkildə xaricə göndərir, yeni silah sistemləri yaradırdı. İqtisadçılar deyirlər ki, Putin həm silahı, həm də yağı təmin edirdi.

“Amma bu il ölkənin sürətlə azalan iqtisadiyyatı milyonlarla insanı yoxsulluq həddinə çatdırıb. 2014-cü ildə reytinqi 80 faiz olan Putinin göstəriciləri kəskin azalıb. İndiki 59 faizlik reytinq Qərbdə müsbət sayıla bilərdi, amma Rusiyada Putin öyrəşib ki, televiziyada xəbərlərə demək olar tam nəzarət etsin, amma bunu da itirməyə başlayır”, – məqalədə deyilir.

Kremlin əsas qəzeti olan “Rossiyskaya Gazeta” iddia edir ki, əhalinin 70 faizi hələ də xəbərləri Kremlin nəzarətində olan televiziyalardan alır. Amma müəllif 58 faizin internetdəki xəbərləri də izlədiyini yazır.

Hökumət həmişə deyir ki, dövlət büdcəsi üçün rezervləri var, dövlət sektorunda maaşları ödəyə biləcək. Amma iqtisadiyyatın ümumilikdə saxlanması başqa məsələdir. Ötən il, hələ pandemiya başlanmamışdan Federal Dövlət Statistika Xidməti bildirmişdi ki, 20,9 milyon rusiyalı, yaxud əhalinin 14 faizindən çoxu ayda 200 dollardan da az pulla dolanır.

Müəllif onu da qeyd edir ki, Putin ötən ay koronaviruslu xəstələrlə işləyən tibbi işçilərinə 300, “qırmızı zonalarda”kı həkimlərə isə 600 dollar bonus vəd etmişdi. Ancaq həkimlər apreldə maaş alanda bonusun ödənmədiyini görüblər. Dövlət televiziyasının dəfələrlə “zəmanəmizin qəhrəmanları” adlandırdığı tibb işçiləri Putini vəd olunan bonusları ödəməyə çağırırlar. İndiyədək petisiyanı 107 minə yaxın imzalayan olub.

Putin-ə təhdid yoxdur

Neftin ucuzlaşması və COVID-19 pandemiyası Putini zəiflətsə də, onun hakimiyyətinə, xarici siyasət ambisiyalarına hələlik, elə də güclü təhdid yaratmayıb. “The Hill” portalındakı məqalədə belə deyilir.

Müəlliflər neftin qiymətlərindəki böhranın və pandemiyanın Putini həssas məqamda yaxaladığını qeyd edirlər. Axı, o, ölkə konstitusiyasına dəyişikliklər etməyi planlaşdırırdı. Dəyişikliklər Putin-in 2024-cü ildə yenidən prezidentliyə namizədliyini verməsinə yol aça bilərdi. COVID-19 ucbatından referendum təxirə salındı. Putinin reytinqi düşür. Tərəfdaşları olan İran və Suriya da sanksiyalar altında zəifləyir və sairə. Amma məqalədə bütün bu böhranların Putinin nə ölkə içində, nə də xaricdə mövqeyini ciddi zəiflətməyəcəyi vurğulanır.

“Birincisi, Putinin topladığı xarici valyuta ehtiyatları Rusiyanın iqtisadi problemlərini bir müddətə yoluna qoymağa imkan verə bilər.

İkincisi, Putin Rusiyada yerli informasiya məkanına nəzarətini gücləndirir. Son illər qəbul etdiyi saysız tədbirlər rusiyalıların informasiyaya çıxışını məhdudlaşdırıb…

Putin-in cəmiyyətə nəzarətə mexanizmləri effektivdir, genişləndirilir. Kreml Müdafiə Nazirliyinin, Milli Qvardiyanın, COVID-19-la mübarizə aparan digər təhlükəsizlik xidmətlərinin büdcəsini və səlahiyyətini genişləndirib. Rusiyada yerli hakimiyyətlər üztanıma proqramlarını, rezidentin hərəkətlərini telefon vasitəsilə izləmək sistemlərini sınaqdan keçirirlər… Putin gələcəkdə siyasi narazıları və xalq etirazlarını boğmaqdan ötrü bu alətlərə yenidən baxa bilər”, – məqalədə deyilir.

XS
SM
MD
LG