Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:01

İranda doğumu artırmağa çalışırlar – Qərb mediası


Tehran metrosunda bəzi vaqonlar yalnız qadınlar üçündür
Tehran metrosunda bəzi vaqonlar yalnız qadınlar üçündür

İranda dövlət xəstəxanaları və klinikalar kişi sterilizasiyasını, kontraseptivlərin paylanmasını dayandırır. Məqsəd əhali artımını dəstəkləməkdir. Bunu aparıcı səhiyyə rəsmisi dövlət mediasına deyib.

İranda hazırda hər bir qadına ortalama 1,7 uşaq düşür, ancaq əhali artımından ötrü bu göstərici 2,2 olmalıdır. Səhiyyə Nazirliyinin Əhali və Ailə Sağlamlığı İdarəsinin baş direktoru Hamed Barakati bazar günü IRNA agentliyinə bu haqda deyib. Onun sözlərinə görə, indiki templə 2050-ci ilədək ölkə əhalisinin üçdə birinin yaşı 60-dan yuxarı olacaq. “Bunu istəsək də, istəməsək də... qocalmaqda olan ölkəyə çevriləcəyik”, – o vurğulayıb.

Barakati onu da deyib ki, ailə planlama prosedurları və məhsulları apteklərdə və özəl xəstəxanalarda təqdim olunacaq. Həyatına risk olan qadınlar bu xidmətləri dövlət xəstəxanalarında da əldə edə biləcək.

Rəsmilərin tövsiyəsi

“The Guardian” qəzeti yazır ki, İran hökumətindəki mühafizəkarlar, eləcə də Ali dini lider Ayətulla Ali Khamenei azı on ildir vətəndaşları dünyaya çox uşaq gətirməyə çağırırlar. Ailə planlama xidmətlərinə çıxış məhdudlaşdırılıb, sonsuzluq klinikalarının sayı artırılıb. İranlılara deyirlər ki, hər 18-24 aydan bir uşaq sahibi olmaq təhlükəsizdir. Bundan qabaq 3-5 il gözləmək tövsiyə olunurdu. Analıq məzuniyyəti 9 ayadək uzadılıb, 2013-cü ildən kişilərə də iki həftəlik məzuniyyət verilir.

Ancaq bütün bunlara baxmayaraq, ölkədə doğum səviyyəsi azalmaqdadır. Barakati buna görə zəif iqtisadi şərtləri suçlayıb, kişilərin özlərini nikaha, ailəyə çox həsr edə bilmədiyini deyib. Onun sözlərinə görə, qadınların ailə sahibi olmasını onların təhsil dalınca getməsi yubadır.

1990-cı illərin sonlarında İran ailə planlama siyasətinə görə alqışlanırdı, 1980-ci ildə hər qadına yeddiyə yaxın uşaq düşürdüsə, 2011-ci ildə bu rəqəm 2-dən az idi.

BBC yazır ki, iki il qabaq İranda əhali artımı 1,4 faiz idi. İraqda bu göstərici 2,3%, Səudiyyə ərəbistanında 1,8 faiz olub.

İnsan haqları qrupları isə doğum səviyyəsinin artırılması ilə bağlı hökumətin əvvəlki cəhdlərini tənqid edib, bu məsələnin qadınların işçi bazarına daxil olmasına yeni baryerlər yaratdığını, onları “körpə istehsal edən maşınlara” çevirdiyini deyib. İranda universitet tələbələrinin 60 faizi qadınlardır, ancaq qadınların işçi qüvvəsində iştirakına görə dünyada ən aşağı göstəricilər bu ölkəyə məxsusdur.

XS
SM
MD
LG