Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:06

Elmar Məmmədyarov həbslərə təəssüfləndiyini deyir


E.Məmmədyarov
E.Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov unikal.org-a açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin həbsinə təəssüfləndiyini bildirib. Amma bununla belə, baş verənləri şərh etmək istəməyib.

"Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur", - nazir söyləyib.

Xatırlatma

İyulun 3-də XİN-də keçirilən əməliyyat zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev həbs olunub. Onların hər üçünün barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

F.Molla-zadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib. Onlar tenderlərdə tanış adamların yaratdığı şirkətləri qalib elan etməkdə, həmin şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsini geri alıb mənimsəməkdə, xarici ölkə vətəndaşları üçün rüşvətlə viza düzəltməkdə suçlanırlar.

XİN əməkdaşlarının özləri və ya vəkillərinin bu ittihamlara münasibəti məlum deyil. Amma DTX-nın yaydığı videogörüntülərdə F.Molla-zadənin istintaqa ifadəsindən bir parça yer alıb. Həmin ifadədə o, tenderlər vasitəsilə korrupsiyaya yol verdiklərini etiraf edir və buna görə peşman olduğunu söyləyir.

Bu maddələrlə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyində yeni saxlanılanlar var. Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir.

Bundan öncə isə yerli media xarici işlər naziri E.Məmmədyarovun oğullarının ABŞ-da 4 milyonluq mənzil alması haqda məlumat yaymışdı. O zaman nazirlik AzadlıqRadiosuna bunun şəxsi məsələ olduğunu demiş, şərh verməmişdi. Bu məlumatdan sonra nazirin istefası məsələsi gündəmə gəlmişdi.

XS
SM
MD
LG