Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:54

Thomas de Waal: “Atəşkəsin pozulması siyasi qərardır”


Tovuz rayonunun Ağdam kəndində mərmi qəlpələri
Tovuz rayonunun Ağdam kəndində mərmi qəlpələri

Karnegi Avropa fondunun aparıcı əməkdaşı Thomas de Waal-ın fikrincə, Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır davam edən münaqişə “siyasi qərardır”

AzadAvropa/AzadlıqRadiosu Azərbaycan-Ermənistan sərhədində son baş verənlərlə bağlı məqalə hazırlayıb. İyulun 12-dən Azərbaycanın Tovuz rayonu istiqamətində döyüşlər qızışıb, hər iki tərəfdən ümumilikdə 16 nəfər öldürülüb, biri azərbaycanlı dinc sakindir.

Bu, 1988-ci ildə başlamış Dağlıq Qarabağ münaqişəsində son dörd ilin ən ağır əməliyyatı sayılır. Tərəflər bir-birini “provokasiya”da ittiham edir.

Bəzi məlumatlara görə, 12 iyul insidentinə sərhədin şimal hissəsində hərəkət edən Azərbaycan hərbi maşını səbəb olub. Ancaq bu iddiaları müstəqil təsdiqləmək qeyri-mümkündür.

“Qəribədir, çünki insidenti əslində heç nə təhrik etməyib”, – Karnegi Moskva Mərkəzinin siyasi təhlilçisi Arkady Dubnov “Current Time”a deyib.

Onun sözlərinə görə, zorakılığın qəfil qızışmasının elə bir “özünəməxsus izahı” yoxdur, millətçilər isə istənilən qarşıdurmanı “qələbə” kimi qələmə verməyə çalışırlar.

“Bu konfliktin baş verdiyi şərait yalnız onu göstərir ki, əsas faktor insanla bağlıdır, hərbi-siyasi, strateji, yaxud geosiyasi deyil”, – Dubnov vurğulayır.

“Siyasi qərar”

Karnegi Avropa fondunun aparıcı əməkdaşı Thomas de Waal da indiki durumda tərəflərin bir-birinə barmaq silkələdiyini, aydınlığın olmadığını etiraf edir. Ancaq onun fikrincə, Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır davam edən münaqişə “siyasi qərardır”.

“Burda təsadüfi bir şey yoxdur. Atəşkəsin pozulması siyasi qərardır”, – de Waal tvitində yazıb.

O, Bakının münaqişəylə bağlı mövcud çıxılmaz durumda daha çox məyus olduğunu vurğulayır. Baxmayaraq ki, beynəlxalq vasitəçilər ötən ilin əvvəlində Ermənistan və Azərbaycan liderlərini “xalqlarını sülhə hazırlamağa” çağırmışdı.

“Kimin başladığı aydın deyil, ancaq Azərbaycanın bunu etməyə daha çox marağı var, çünki vəziyyətin heç də normal olmadığını dünyanın yadına salmağı xoşlayır, 2018-ci ildən bəri siyasi proqresin baş verməməsindən məyusdur. Prezident İlham Əliyev iyulun 7-də bunu açıq şəkildə dedi”,– de Waal tvitində yazıb.

Budəfəki əməliyyatların fərqinə gəlincə, məqalədə döyüşlərin üçüncü günü Azərbaycanın general mayorunun öldürülməsi qeyri-adi hal sayılır. Bundan başqa, indiyədək baş verən toqquşmalarda snayper və pulemyotlardan istifadə olunurdusa, bu dəfə tanklar, dronlar, artilleriya, minaatanlar işə düşüb.

Beynəlxalq Böhran Qrupunun aparıcı təhlilçisi, AzadlıqRadiosu-nun keçmiş müxbiri Olesya Vartanyan budəfəki döyüşlərlə 2016-cı ilin dörd günlük müharibəsini tələsik müqayisə etməməyə çağırır. Həmin müharibədə 200-dən çox ölən olmuşdu.

“Bəzi müxbirlər 2016-cı illə tələsik müqayisə aparırlar. Bu yanlışdır. Çünki bu dəfə kiçik bir ərazidə, məhdud ağır texnikayla əməliyyat gedir. 2016-cı ildə toqquşmalar isə Dağlıq Qarabağda münaqişə zonasında cəbhəboyu aparılırdı”, – o, tvitində yazıb.

Təhlükəli millətçilik

Təbii ki, bu dəfə də zorakılıqlar hər iki ölkədə millətçi əhvalı qızışdırıb.

“Əgər hər iki tərəfdə hərbi-siyasi qanad özünü daha böyük vətənpərvər və vətənin maraqlarının müdafiəçisi kimi göstərsə, vəziyyəti daha da ağırlaşdıra bilər. Bu çox təhlükəlidir”, – Dubnov deyib.

Məqalədə iyulun 14-də gecə Bakıda orduya dəstək məqsədilə minlərlə insanın küçələrə axışdığı, koronavirus pandemiyası səbəbindən ictimai toplantılara qoyulan qadağaların unudulduğu vurğulanır. Nəzarətdən çıxmaq həddinə çatan kütlə sonradan polis və təhlükəsizlik əməkdaşları tərəfindən dağıdılıb.

Ermənistanın Baş naziri Nikol Pashinian isə Azərbaycanın hərəkətlərinin “cavabsız qalmayacağını” deyib.


Pashinian iki il qabaq hakimiyyətə gələndən cəbhə xəttində zorakılıq səngimişdi. Eyni vaxtda diplomatik və siyasi danışıqlar da aparılırdı, amma azı son bir ildə gərginlik artıb.

Böhran Qrupu daxil kənar müşahidəçilərin fikrincə, əsas məsələlər – Dağlıq Qarabağa bitişik ərazilər, orada yaşayan əhali, beynəlxalq sülhməramlı missiyası, Dağlıq Qarabağın statusu üzrə danışıqlar aparılmasa, mövqelər daha da bərkiyə, qatılaşa bilər.

Münaqişə yenilənir, yoxsa...?

Bəs, son günlər baş verənlər irimiqyaslı münaqişənin yenilənməsidir, yoxsa “dondurulmuş münaqişədə” çoxdan gedən qaynama prosesidir?

BMT, Birləşmiş Ştatlar, Avropa Birliyi, Türkiyə və Rusiya atəşkəs rejimini bərpa etməyə, tərəfləri təmkinli olmağa çağırıb.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan hələ 2019-cu ildə BMT Baş Məclisində çıxışında xəbərdarlıq edib ki, Cənubi Qafqazda sabitlik “dünyamızın ədalətli və dinc gələcəyi üçün çox vacibdir”.

ABŞ Dövlət katibi Mike Pompeo iyulun 15-də ölkəsinin son zorakılıqlardan “dərindən narahat” olduğunu deyib, tərəfləri “gərginliyi azaltmağa” çağırıb.

De Waal 2019-cu ilin sonunda xəbərdarlıq edirdi ki, “vəziyyət yenidən pisləşsə, bu, ATƏT-in Minsk qrupunun Fransa, Rusiya və Birləşmiş Ştatlardan olan beynəlxalq vasitəçiləri üçün sınaq olacaq. Onlar son iki ildə Dağlıq Qarabağa dair həddən artıq susqun davranıblar, Ermənistanla Azərbaycanın üstünlüyü ələ almasına şərait yaradıblar. Vasitəçilər daha fəal olmalı, yeni ideya və yanaşmalar irəli sürməli, qaynamaqda olan münaqişənin yenidən qızışmasını önləməlidirlər”, – o yazırdı.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

Münaqişə böyüyərək müharibəyə çevrilib. 1994-cü ildə onlar arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

XS
SM
MD
LG