Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

Müxalifətçinin məşqçi oğlu xəstəlik yaymaqda günahlandırılır


Məmməd İbrahim
Məmməd İbrahim

İyulun 22-də Xətai Rayon Məhkəməsi Mehdi İbrahimli ilə Cinayət Məcəlləsinin eyni - 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması - xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə ittiham edilən AXCP fəallarından Məhəmməd İmanlı ilə də bağlı qərar verib.

M.İmanlının da 3 aylıq həbs edildiyi bildirilir. Onun da orduya dəstək aksiyasından sonra saxlandığı açıqlanmışdı.

***

İyulun 14-də Bakıda orduya dəstək aksiyasında iştirak edərkən saxlanan Mehdi İbrahimli barəsində bu gün, iyulun 22-də Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna M.İbrahimlinin atası, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.

+++

"İyulun 14-də Bakıda orduya dəstək aksiyasında iştirak edən oğlum Mehdi İbrahimli iyulun 15-i səhər saatlarında saxlanıb. Xətai rayonundakı 37 saylı polis bölməsinə gətirilib və iyulun 20-nə kimi həmin bölmədə olub".

Bunu AzadlıqRadiosuna M.İbrahimlinin atası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim bildirib.

Məmməd İbrahim deyib ki, Mehdi İbrahiminin vəkili Bəxtiyar Hacıyev ancaq iyulun 20-də onunla və müstəntiqlə görüşüb.

Atasının deməsinə görə, vəkil qeyd edib ki, Mehdi İbrahimliyə qarşı Cinayət Məcəlləsinin 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması - xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi irəli sürülüb. Həmin maddə üzrə şəxs 2 min 500 manatdan 5 min manatadək cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər:

"Guya Mehdi qaydanı pozub, şəhərə çıxaraq xəstəlik yayıb"

"Vəkilə deyiblər ki, Mehdi nə vaxtsa COVID-19 (koronavirus) infeksiyasına yoluxub, evdə məcburi müalicəyə cəlb edilib. Hansı ki, belə hadisə olmayıb. Guya Mehdi qaydanı pozub, şəhərə çıxaraq xəstəlik yayıb. Belə hal olmayıb. Çünki Mehdi şəhərə çıxanda 8103-ə SMS göndərib çıxırdı. Halbuki, ev şəraitində məcburi müalicəyə cəlb edilənlər bloklanır və onlara SMS icazəsi verilmir. Mehdi isə hər gün şəhərə çıxırdı. Ona ev şəraitində müalicə təyin olunmayıb. Sağlam idi. Əgər xəstə idisə və müalicəyə cəlb olunmuşsa, xanımı, körpəsi ilə bir evdə qalırıq, niyə həkim gəlməyib? Nə zamandan Mehdi məcburi müalicəyə cəlb edilib?".

'İndi görüşə bilmirik'

Məmməd İbrahim deyib ki, oğlu absurd, gülünc, uydurma bir ittihamla üzləşib. Onun sözlərinə görə, bu gün, iyulun 22-də ona oğlunun artıq qızdırmasının olması barədə məlumat gəlib: "Altı gün 37 saylı Xətai polis bölməsində saxlananda hər gün görə bildim. İndi Xətai Rayon Polis İdarəsində saxlanılır, görüşə bilmirik".

Məmməd İbrahim hesab edir ki, oğlu yürüşdə iştirak edəndə və sonra da ictimai qaydanı pozmayıb, amma ona absurd ittiham irəli sürüblər:

"Əgər onun bir günahı yox idisə, altı gün niyə saxlayırdınız?"

"Əgər onun bir günahı yox idisə, altı gün niyə saxlayırdınız? İndi niyə 48 saat saxlanma qərarı çıxarırsınız? Oğlumu mənə görə saxlayıblar".

Məmməd İbrahimin dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Mehdi İbrahim kimdir?

İdman Akademiyasını bitirib. Futbol məşqçisidir. Dörd yaşında bir qızı var. İspaniyada Madridin "Real" klubunda kurs keçib, UEFA-a ona lisenziya verib...

Orduya dəstək yürüşü

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. Hüquq müdafiəçiləri bu hadisələrlə bağlı ümumilikdə 100-ə yaxın şəxsin saxlandığını ehtimal edirlər. Sonradan saxlananlardan bəziləri sərbəst buraxılıb. Saxlananların 20-dən çoxunun AXCP üzvü olduğu deyilir. Onlardan 10-a qədərinin artıq istintaqa cəlb edildiyi bildirilir.

İyulun 15-də prezident İlham Əliyev də özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında da bu məsələyə toxunmuşdu: "Mənə verilən məlumata görə, dünən (iyulun 14-də) bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar…".

AXCP isə bəyanat yayaraq prezidentin bu dediklərini təkzib edib.

Prezident dünən, iyulun 21-də çıxışında isə AXCP üzvlərini hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyində günahlandırıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 15 milyon 111 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 619 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə indiyə kimi 28 min 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 376 nəfər vəfat edib.

Səhiyyə Nazirliyi bildirib ki, təqribən 12 min insan da bu virusla bağlı evdə müalicə alır və ya karantində saxlanır.

XS
SM
MD
LG