Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:48

'Azərbaycan prezidenti siyasi müxalifəti bitirmək istəyir' – Qərb mediası


İlham Əliyev, arxiv fotosu
İlham Əliyev, arxiv fotosu

“İlham Əliyev özündən çıxıb. Azərbaycan prezidenti heç vaxt müstəqil jurnalistlərə və dissidentlərə xoş baxmayıb. Beynəlxalq müşahidəçilər fevralda parlament seçkisinin həqiqi siyasi rəqabət olmadan keçirildiyini deyirlər. İndi isə, pandemiya, neftin ucuzlaşdığı, Ermənistanla gərginliyin artdığı bir məqamda cənab Əliyev qəfildən düşmənlərin, siyasi müxalifətin ‘beşinci kolon’unu aşkarlayıb, onları həbsə atdırmağa başlayıb. Əliyevin qəzəbi Azərbaycanda müstəqil siyasi qüvvələrin olan-qalan qalıqlarının da axırına çıxa bilər”. ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti redaksiya rəyində belə yazır.

Qeyd edək ki, iyulun 14-dən 15-nə keçən gecə orduya kütləvi dəstək yürüşündən sonra ölkədə onlarla fəal saxlanıb. Onların içində müxalifətdə olan AXCP partiyasının üzvləri də var. Onlar əmlakı zədələmə, hakimiyyət nümayəndəsinə müqavimət, aparıcı üzvlər isə hakimiyyəti zorla ələ keçirmə cəhdində ittiham olunur. Prezident İlham Əliyev aksiyadan bir gün sonrakı çıxışında yürüşdəki təxribata görə müxalifətçiləri ittiham etmiş, onları hədələmişdi.

“Cənab Əliyev onları birbaşa hədəf götürüb”

“The Washington Post” isə Əliyevin Novruz bayramı çıxışında koronavirus pandemiyası ilə mübarizədən danışmasına, eyni zamanda bəzi qüvvələri təhdid etməsinə diqqət çəkir. Onda prezident deyirdi ki, Azərbaycanın “düşmənləri aramızdadır, bu elementlər özlərini müxalifət adlandırır, satqınlar xaricdən pul alırlar. Onların əsas məqsədi Azərbaycanı dağıtmaqdır”. Prezident vurğulayırdı ki, pandemiya dövründə “beşinci kolonun təmsilçilərinin təcridi tarixi zərurətə çevriləcək”.

İyulun 12-dən 16-dək Azərbaycanın Ermənistanla həmsərhəd Tovuz rayonunda toqquşmalar baş verib. Azərbaycan tərəfdən biri general olmaqla 11 hərbçi və bir dinc sakin öldürülüb. Ermənistan dörd hərbçisinin öldürüldüyünü bildirib. Bakıda orduya dəstək yürüşünə isə minlərlə insan çıxıb. Sonradan kiçik bir qrup parlamentə girib, bir neçə polis maşınının kütlə tərəfindən aşırıldığı bildirilir. Polis etirazçıları dağıdıb.

Qəzet yazır ki, cənab Əliyev bu etirazdan bəhanə kimi istifadə edərək “beşinci kolonu” hədəfə alıb. Onun tənqid etdiyi AXCP lideri Əli Kərimli isə ordunu dəstəkləmişdi. “Dəxli yoxdur; Cənab Əliyev onları birbaşa hədəf götürüb, ‘beşinci kolonun işini bitirməliyik deyib’... Xalq Cəbhəsinin ‘ermənilərdən də pis olduğunu’ iddia edib”, – məqalədə deyilir.

Dövlət Departamenti niyə narahat olmalıdır

Qəzet Azərbaycandakı mənbələrə istinadla hazırda 120-dək şəxsin saxlandığını qeyd edir. Dövlət Departamenti iyulun 20-də hakimiyyəti pandemiyadan istifadə edərək “vətəndaş cəmiyyəti fəallarını, müxalifətçiləri, ictimai müzakirəni” susdurmamağa çağırıb.

“Cənab Əliyevin xarici işlər nazirləri dərhal şərh verərək Birləşmiş Ştatlarda irqi bərabərsizliyə etiraz aksiyalarına toxunub, deyib ki, ‘bu durumda Dövlət Departamentinin kimdən və niyə narahat olduğunu anlaya bilmirik’.

İzah edək. Birləşmiş Ştatlarda etirazlar işlək demokratiyanın həyat mənbəyidir. Bu demokratiyanın problemləri var, ancaq söz və sərbəst toplaşma azadlığını, eləcə də prezidenti tənqid etmək hüququnu təmin edir. Cənab Əliyevin tənqidçiləri məhv etməkdən ötrü dəmir yumruğa əl atması demokratiyanın əksinə getməkdir və bu səbəbdən hər kəs həddini bilməyən bu tirandan narahat olmalıdır”, – məqalədə vurğulanır.

Azərbaycanda hakimiyyət təmsilçiləri ölkədə insan hüquqlarının pozulmasıyla bağlı yerli və beynəlxalq tənqidləri qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər. Nüfuzlu media orqanlarının, insan haqları təşkilatlarının səsləndirdiyi tənqidlər isə çox vaxt “ermənipərəst qüvvələrin işi” kimi təqdim olunur.

XS
SM
MD
LG