Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:44

İqtisadçının ehtimalı: 'Neft Fondunun xərc hissəsi artırılacaq...'


Dövlət Neft Fondu
Dövlət Neft Fondu

Dünən, iyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi (MN) 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib.

"...Dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, ...habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Eləcə də, məqsəd sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir", -MN bildirib.

Amma bununla belə, hələlik, qanun layihəsinin detalları dəqiq açıqlanmır. Hətta parlament üzvlərinin bəziləri nəzərdə tutulan dəyişikliklər layihəsini almadıqlarını söyləyirlər.

R.Nurullayev
R.Nurullayev

Deputat: "Büdcə elə qurulmalıdır ki,..."

Milli Məclisin deputatı Razi Nurullayev "Turan" agentliyinə deyib ki, hazırkı koronavirus pandemiyası şəraitində ölkənin vəziyyəti tamam dəyişib: "Bir çox nazirliklər, komitələr üzərilərinə qoyulan öhdəlikləri yerinə yetirmək iqtidarında deyillər, işçilərin yarısı belə işə çıxmır".

Onun fikrincə, ola bilsin ki, bir çox nəzərdə tutulan layihələrin həcmindən kəsilsin və digər sosial layihələrə yönəldilsin.

Deputat hesab edir ki, büdcə elə qurulmalıdır ki, insanların sosial rifahını yaxşılaşdırmağa xidmət etsin: "Çünki artıq ilin yarısından çoxu gedib. Amma nəzərdə tutulan bəzi sosial və digər layihələr yerinə yetirilmir. Bu baxımdan, düşünürəm ki, elə dəyişikliklər də bu məsələləri nəzərdə tutur".

Müstəqil ekspertlər hələ 3 ay öncədən belə bir zəruriyyətin yaranacağı ehtimalını ictimai çıxışlarda vurğulayırdılar.

"Hökumətin planlamasında qüsurlar var"

İqtisadçı Natiq Cəfərlinin AzadlıqRadiosuna deməsinə görə, elə o zaman və daha sonra da Maliyyə Nazirliyindən, digər əlaqədar qurumlardan büdcənin profisitlə yerinə yetirildiyini əsas gətirərək buna ehtiyac olmadığını söyləyiblər:

N.Cəfərli
N.Cəfərli

"Amma görünən budur ki, ya Maliyyə Nazirliyinin, ya hökumətin planlamasında qüsurlar var. Öncədən problemləri görüb həll etmək əvəzinə, dərinləşməsinə imkan yaratdıqdan sonra həlli ilə bağlı müəyyən addımlar atılır".

N.Cəfərliyə görə, büdcəyə yenidən baxılması zərurəti həm xərc, həm də gəlir hissədə ciddi azalmaların olması ilə bağlı yaranıb. O deyir ki, İcmal büdcədə xüsusilə azalmalar var, çünki icmal büdcəyə Neft Fondunun büdcəsi də daxildir. İqtisadçının fikrincə, amma Neft Fondunun büdcəsinin gəlir hissəsində bu il ciddi problemlər yaşanacaq:

"Neftin orta qiyməti 55 dollardan hesablansa da..."

"Səbəb də budur ki, büdcənin gəlir hissəsində neftin orta qiyməti 55 dollardan hesablansa da, bu günə ortalama qiymət 39-40 dollar civarındadır".

İqtisadçı xatırladır ki, hökumət pandemiya ilə bağlı 3.5 milyard manatlıq iqtisadi paket açıqlayıb: "Bura həm 600 min insana 190 manatlıq birdəfəlik ödəmənin verilməsi (işsiz və pandemiya ilə bağlı karantin dövründə işini itirən şəxslərə aprel və may aylarında verilən birdəfəlik yardım-red.), həm də vergi güzəştləri, biznes çevrələrinin götürdükləri kreditlərin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi daxildir. Belə güzəşt paketləri var ki, tam yerinə yetirilməyib, ilin sonuna kimi müəyyən dərəcədə yerinə yetirilə bilər. Bunların büdcənin xərc hissəsində yeri yox idi, indi xərc hissəsinə salınacaq".

Şişirdilmiş büdcə təqdim edənlər kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

N.Cəfərlinin deməsinə görə, büdcənin gəlir hissəsində də ciddi problemlər var. İqtisadçı hesab edir ki, Neft Fondu transfertlərdə üzərinə düşən öhdəliyi yerinə yetirəcək, amma vergi toplanmasında, gömrük ödəmələrində ilin geri qalan hissəsində ciddi problemlər yaşanacaq:

"Çünki neft sektorundan gələn gəlirlərdə azalmalar müşahidə olunub, ilin sonuna kimi də müşahidə olunacaq".

"Xərc və gəlir hissələrinə əl gəzdiriləcək"

İqtisadçınin fikrincə, bütün bu şəraiti nəzərə alaraq büdcəyə əlavə və dəyişikliklərin edilməsi bir zərurətə çevrilmişdi: "Çünki xərclər ayrılır, amma o xərcin yetərli mənbələri yoxdur, gələcəkdə də gəlirlərin azalmasını nəzərə alsaq, o gəlirlərin yerini kompensasiya edəcək mənbələr yoxdur. Çox güman ki, büdcədə dəyişikliklər olacaq, xərc və gəlir hissələrinə əl gəzdiriləcək. Böyük ehtimal, başqa mənbə olmadığı üçün Neft Fondunun xərc hissəsi artırılacaq".

Xatırlatma

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24.134 milyard manat, xərcləri isə 26.894 milyard manat təsdiqlənib. 2020-ci il üçün dövlət büdcəsində bir barrel neft 55 ABŞ dolları məbləğində hesablanıb. Hazırda dünya bazarında neftin bir barrelinin qiyməti 43 dollar civarında dəyişir.

Mövcud büdcənin gəlirlərinin 11 milyard manatdan çox hissəsi Neft Fondundan transfertlərin üzərinə düşür.

XS
SM
MD
LG