Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

Navalny-nin Almaniyaya göndərilməməsi ‘sırf tibbi qərardır’


 Aleksei Navalny, arxiv fotosu
Aleksei Navalny, arxiv fotosu

Yarmysh avqustun 21-də Navalny-nin köməkçisi Ivan Zhdanov-a istinadla yazıb ki, “xəstəxanadakı polis əməkdaşının indicə deməsinə görə, Aleksei-in bədənində zəhər tapılıb və bu, təkcə onun üçün ətrafındakılar üçün də təhlükəlidir”

Kreml bildirir ki, müxalifət lideri Aleksei Navalny-ni Almaniyaya transfer etməkdən imtina sırf tibbi əsaslara söykənir.

“Bu, sırf tibbi qərardır”, – Prezident Vladimir Putinin sözçüsü Dmitry Peskov avqustun 21-də jurnalistlərə deyib.

Almaniya hökuməti isə bildirir ki, Navalny-nin həyatı xilas edilməlidir.

“Ən vacib prioritet, əlbəttə ki, Navalny-nin həyatını xilas edə bilmək, onu özünə gətirməkdir”, – hökumətin sözçüsü Steffen Seibert Berlində jurnalistlərə deyib.

Həkimlərin fikrincə, Navalny-ni tərpətmək onun həyatına risk yaradar.

Aleksei Navalny-nin qardaşı Oleg Navalny (solda), həmkarı Ivan Zhdanov (ortada) və Aleksei Navalny-nin həyat yoldaşı Yulia Omskda xəstəxana qarşısında mediaya danışırlar
Aleksei Navalny-nin qardaşı Oleg Navalny (solda), həmkarı Ivan Zhdanov (ortada) və Aleksei Navalny-nin həyat yoldaşı Yulia Omskda xəstəxana qarşısında mediaya danışırlar

"Onun həyatına qəsd"

Müxalifətçinin sözçüsü Kira Yarmysh isə xəstəxananın qərarını “hazırda həkimlərin və onlara səlahiyyət vermiş kələkbaz hakimiyyətin onun həyatına qəsdi” adlandırıb.

Omsk xəstəxanasının həkimi Aleksandr Murakhovsky deyib ki, Navalny-nin vəziyyətinin ən ağlabatan səbəbi karbohidrat metabolizmi pozuntusudur, TASS xəbər agentliyi belə yazır.

“Bu gün bir neçə diaqnozu müzakirə edirik… Ən əsası metabolik pozuntudur”, – deyən Murakhovsky əlavə edib ki, bu vəziyyətə “qanda şəkərin səviyyəsinin kəskin düşməsi səbəb ola bilər”.

Avropa Birliyi Navalny-nin komaya düşməsinə nəyin səbəb olduğunu dərhal araşdırmağa çağırıb.

“Aleksei Navalny-nin dünənki şübhəli zəhərlənməsindən sonra səhhətindən çox narahatıq”, – AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Nabila Massrali avqustun 21-də deyib.

Tatarıstanda Dmitry Plyum etiraz aksiyası keçirir
Tatarıstanda Dmitry Plyum etiraz aksiyası keçirir

Biz sürətli, müstəqil və şəffaf təhqiqat gözləyirik. Təsdiqlənərsə, məsuliyyət daşıyanlar mühakimə olunmalıdırlar”, – deyən Massrali Rusiyanı Navalny-ni xaricə müalicəyə göndərməyə icazə verməyə çağırıb.

Peskov isə jurnalistlərə deyib ki, zəhərlənmə təsdiqlənərsə, hüquq-mühafizə orqanları təhqiqata başlayarlar. Ancaq TASS hüquq-mühafizə orqanlarında açıqlanmayan mənbəyə istinadla xəbər verir ki, “cinayət işi açmağa əsas yoxdur, kriminal elementlər müəyyənləşdirilməyib”.

***

Həkimlər: Navalny-nin analizlərində ‘zəhər tapılmayıb’

Omsk xəstəxanasının həkimi Anatoly Kalinichenko avqustun 21-də jurnalistlərə deyib ki, “indiyədək qan və sidik analizlərində zəhər aşkarlanmayıb, onun heç bir izi yoxdur”.

***

Almaniyanın göndərdiyi təyyarənin artıq Omska çatdığı xəbər verilir.

Yarmysh avqustun 21-də Navalny-nin köməkçisi Ivan Zhdanov-a istinadla yazıb ki, “xəstəxanadakı polis əməkdaşının indicə deməsinə görə, Aleksei-in bədənində zəhər tapılıb və bu, təkcə onun üçün ətrafındakılar üçün də təhlükəlidir”.

***

Xəstəxana: ‘Navalny-ni tərpətmək olmaz’

Omskdakı 1 saylı Təcili Yardım Xəstəxanasının baş həkimi Aleksandr Murakhovsky avqustun 21-də deyib ki, Navalny-nin vəziyyəti azacıq yaxşılaşıb, ancaq hələ də qeydi-sabitdir.

Murakhovsky-nin sözlərinə görə, 44 yaşlı anti-korrupsiya fəalını yerindən tərpətmək onun həyatına risk yaradar.

Navalny-nin həkimi Yaroslav Ashikhmin isə “Meduza” portalına demişdi ki, müxalifət lideri müalicə üçün “Avropaya aparılmalıdır”, çünki Qərb klinikalarında onun şübhəli zəhərlənməsinə nəyin səbəb olduğunu daha yaxşı tapa bilərlər.

***

Rusiyalı həkimlər Kremlin tənqidçisi Aleksei Navalny-nin Sibirdəki xəstəxanadan çıxarmağın mümkün olmadığını deyirlər, çünki vəziyyəti sabit deyil. Bunu siyasətçinin sözçüsü deyir.

Kira Yarmysh bu haqda avqustun 21-də tvitində yazıb. Navalny-nin şübhəli zəhərlənmədən müalicə aldığı Omsk xəstəxanasının baş həkimi deyib ki, “Navalny-ni aparmaq olmaz. Vəziyyəti sabit deyil”.

“Alexei-nin aparılmasına qadağa qoyulması onun həyatına birbaşa təhdiddir. Omskda xəstəxanada avadanlıqsız və diaqnozsuz qalmaq dəhşətlidir”, – Yarmysh yazıb.

Almaniyadan göndərilmiş təcili yardım təyyarəsinin bu gün Omska çatacağı gözlənir.

***

Navalny-ni Almaniyaya aparmağa təyyarə göndərilir

Rusiya müxalifət lideri Aleksei Navalny-ni Sibirdə xəstəxanadan götürmək üçün Almaniyadan təcili yardım təyyarəsi yola salınıb.

Avqustun 21-də havaya qalxan təyyarə elə həmin gün də Berlinə qayıda bilər. Bunu “dpa” agentliyinə prodüser və insan haqları fəalı Jaka Bizilj deyib. Onun sözlərinə görə, Navalny-nin Rusiyadan çıxarılması üçün gərəkən sənədlər də hazırlanıb.

Təyyarədə həkim briqadası var və ambulansın xərcləri özəl şəkildə ödənilir, Bizilj söyləyib. Navalny Berlindəki Charite xəstəxanasında müalicə olunacaq.

Ağ evin reaksiyası

Müxalifətçi bir gün öncə Moskvadan Tomska uçarkən təyyarədə özünü pis hiss edib. Təyyarə Omskda məcburi eniş edib və siyasətçi xəstəxanaya aparılıb. Tərəfdarları onun içdiyi saydan zəhərləndiyini güman edirlər. Omsk xəstəxanasının həkimləri bu versiyanın da nəzərdən keçirildiyini, Navalny-nin həyatını xilas etməyə çalışdıqlarını deyiblər.

Prezident Vladimir Putinin açıq tənqidçisi olan Navalny daha öncə fiziki hücumlara məruz qalıb. O, seçkilərə buraxılmayıb, son illər bir neçə dəfə həbs olunub.

Ağ evin milli təhlükəsizlik müşaviri Robert O'Brien avqustun 20-də deyib ki, Kremlin tənqidçisini şübhəli zəhərlənməsi “qeyri-adi dərəcədə narahatlıq yaradır” və ABŞ-Rusiya münasibətlərinə təsir göstərə bilər.

“O, çox cəsarətli adamdır. Rusiya daxilində prezidentə qarşı dayanan cəsarətli siyasətçidir. Fikirlərimiz və dualarımız onunla və ailəsi ilədir”, – O'Brien “Fox News”a müsahibəsində deyib.

“Bu, həddən artıq narahatedicidir və əgər bunun arxasında rusiyalılar dayanıbsa… biz rusiyalılarla gələcək münasibətlərimizdə bu faktoru nəzərə alacağıq”, – o vurğulayıb.

XS
SM
MD
LG