Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:11

Həbsdəki cəbhəçi: 'Hər an 'öləcəm' qorxusu ilə nəfəs alıram'


Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP-çilər.
Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP-çilər.

Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP üzvlərindən Baba Süleymanovun vəziyyəti saxlandığı Bakı İstintaq Təcridxanasında bir neçə dəfə pisləşib. Onun ürəyində problem var və bu, həkim rəyi ilə də təsdiqlənib. Vəkili Zibeydə Sadıqova səhhətindəki problemlərə görə onun ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət vermişdi.

Sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində vəkilin şikayətinə baxılıb. Məhkəmədə B.Süleymanov özü də iştirak edib.

"Elə gün olur ki, beş-altı dəfə ürəkkeçməm olur"

"Hər an "öləcəm" qorxusu ilə nəfəs alıram. Elə gün olur ki, beş-altı dəfə ürəkkeçməm olur", - AXCP fəalı məhkəmədə belə deyib.

Vəkili isə onun səhhətindəki problemlərlə yanaşı, istintaqdan qaçıb gizlənmək ehtimalı barədə prokurorluğun arqumentlərinə də cavab verib. Müdafiəçi bildirib ki, artıq bu cinayət işi üzrə istintaq yekunlaşıb. Onun şəxsiyyətini təsdiq edən sənədlər istintaq orqanındadır, özünün də ölkədən çıxışına qadağa var. Belə olan halda, ölkədən qaçması real deyil: "Onun özü də qaçıb gizlənməkdə maraqlı deyil. Çünki təqsirsiz olduğunu bildirir və bəraət almaq istəyir".

Vəkil vurğulayıb ki, bu cinayət işində zərərçəkmiş qismində tanınanlar polislərdir. B.Süleymanovun da onlara təzyiq göstərmək imkanı yoxdur.

Hakim Elmar Rəhimov şikayəti təmin etməyib.

İyulun 20-dən həbsdə olan B.Süleymanovun səhhətindəki problemlərlə əlaqədar o, avqust ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü. Üç həftə orada müalicə olunduqdan sonra Bakı İstintaq Təcridxanasına qaytarılıb.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahimFuad Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən şəxs qismində tanınıb, onlardan 17-si AXCP üzvüdür.

Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, o cümlədən F.Qəhrəmanlı və M.İbrahimin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG