Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:07

Dronlar müharibənin ‘gələcəyini göstərdi’ – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Baxmayaraq ki, ABŞ onillərdir terrora qarşı qlobal müharibədə silahlı dronlardan yararlanır, “Vaşinqtondan Pekinə, Yerusəlimdən Tehranadək dronlardan istifadə edən hökumətlər bunu nəzərə almalıdırlar”

Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistanın tankları, artilleriyası və zirehli maşınlarına qarşı Azərbaycanın silahlı dronlardan istifadə etməsi müharibənin gələcəyini göstərdi. Bunu “Newsweek” dərgisində Set Frantzman yazır. Müəllifin fikrincə, baxmayaraq ki, ABŞ onillərdir terrora qarşı qlobal müharibədə silahlı dronlardan yararlanır, “Vaşinqtondan Pekinə, Yerusəlimdən Tehranadək dronlardan istifadə edən hökumətlər bunu nəzərə almalıdırlar”.

İki dron ölkəsinin toqquşması...

Müəllif bu məqamı ona görə diqqətçəkən sayır ki, Birləşmiş Ştatlar dronlarla minlərlə hava zərbəsi həyata keçirib, amma dronlar nə Əfqanıstanda, nə də başqa bir yerdə müharibəni təkbaşına udmayıb. İsrail birlikdə işləyən Harpy və Harop dronlarını da kəşf edib. Harpi radarı aşkarlayır, Harop isə obyekti vurur. “Bu dronları bir hava qüvvəsi kimi təsəvvür edin, pilotların həyatı riskə atılmayan bir qüvvə kimi...” – müəllif yazır.

Məqalədə Azərbaycanın indiyədək İsrail və Türkiyədən aldığı dronlardan söz açılır. Ermənistan tərəf dronların bəzilərini vurduğunu iddia edən videolar yayıb.

İran 2019-cu ilin iyununda 200 milyon dollarlıq “Global Hawk” kəşfiyyat dronunu vurmuşdu. Müəllif qeyd edir ki, Qafqazdakı müharibə gələcəkdə döyüş zonalarının necə olacağını göstərir. Birlikdə işləyən çoxsaylı dronlar... Havadan müdafiə sistemləri adətən eyni vaxtda dronları aşkarlayaraq məhv edə bilmir. İran ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı üzərinə 25 dron və qanadlı raket göndərəndə də bunu bilirdi.

Məqalədə deyilir ki, Vaşinqton və Pekin kimi dron ölkələri Azərbaycanla Ermənistanın müharibəsini izləməlidirlər. “Biz hələ iki dron ölkəsinin toqquşmasını görməmişik. Bu münaqişə yeni kamikadze dronlarının döyüş zonasında uğurlarını, eləcə də əyər-əskiyini ortaya qoya bilər”, – müəllif yazır.

Mülki əhaliyə qarşı istifadə olunan silahlar

“Forbes” dərgisində Sebastyan Roblin də Dağlıq Qarabağdakı əməliyyatlardan istifadə olunan silahlardan, daha doğrusu mülki şəxsləri hədəfə alan silahlardan yazır.

Bu silahların çoxunun təsir sahəsi böyükdür və dinc əhalinin yaşadığı ərazilərdə istifadə oluna bilməz. Beynəlxalq Qırmızı Xaç Komitəsi də “fərq qoymadan” bombardmanları pisləyib.

Tərəflər bir-birini kasetli bombalardan istifadədə suçlayıb. Klastr bombaları üzrə konvensiyaya 100-dən çox ölkə qoşulsa da nə Ermənistan, nə də Azərbaycan onun üzvüdür. Elə Çin, Hindistan, Rusiya və Birləşmiş Ştatlar kimi böyük ölkələr də ona qoşulmayıb.

Döyüşlərdə istifadə olunan əsas silahlardan biri Rusiya istehsalı olan BM30 Smerç raket buraxıcı sistemləridir. Azərbaycanda bu sistemdən 30-40, Ermənistanda isə təxminən altısının olduğu bildirilir.

Münaqişə tərəfləri daha güclü ballistik raketlərə də malikdirlər. Oktyabrın 2-də isə Ermənistanla sərhəd yaxınlığındakı körpüyə İsrail istehsalı olan LORA ballistik raketi atılıb. Məqalədə Azərbaycanın 2017-2018-ci illərdə 50 LORA raketi aldığı bildirilir.

Azərbaycan isə Ermənistanın uzaq hədəfləri vurmaq üçün Sovet dövrünə aid Toçka-U ballistik raketlərindən istifadə etdiyini bildirir.

Müəllif yazır ki, Türkiyə və İsrail silahlarının münaqişədəki rolu dünyanın diqqətini çəkməkdədir. Təsdiqlənməmiş məlumatlara görə, İsrail Azərbaycana silah satışını dayandıra bilər. Kanada isə Azərbaycanın istifadə etdiyi Türkiyə dronlarının ehtiyat hissələrinin ixracını qadağan edib.

XS
SM
MD
LG