Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:20

F.Bədəlbəyli: '30 ildir bu anı gözləmişik. Bu, zarafat deyil'


F.Bədəlbəyli
F.Bədəlbəyli

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, əslən Şuşadan olan Fərhad Bədəlbəyli AzadlıqRadiosuna müsahibə verib.

– Fərhad müəllim, Sizin bir arzunuz vardı, Şuşada məktəb açmaq. Bu arzunun reallaşmasına, deyəsən, az qalır? Beləmi hiss edirsiniz?

– İnşallah. Mənim də sponsorum var, mənə bir milyon dollar verəcəyinə söz verib. Bir milyonum var.

– Bu nə məktəbdir ki, Şuşada bir milyon dollara başa gələcək? Konservatoriyadır?

– Mən istəyirəm ki, bu Akademiyanın orda da filialı olsun, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının filialı. Amma, əlbəttə, mən musiqi məktəbi açacam Şuşada. Birinci sinifdən başlayaraq. Özü də mən deyirəm, qoy, erməni uşaqlar da orda oxusun, azərbaycanlı uşaqlar da. Xaricdə məndən soruşurdular ki, siz orda erməniləri öldürəcəksiniz? Dedim ki, "biz vəhşi deyilik, biz normal insanlarıq". Əgər azərbaycanlılar Şuşada yaşayacaqlarsa, ermənilərdən də kimsə yaşaya bilər. Bu məktəb musiqi məktəbi olmalıdır. İndi əsas məsələ odur ki, biz ora necə gedəcəyik, təhlükəsizlik məsələlərini kim həll edəcək? O bir problemdir, əlbəttə. Ümidvaram ki, biz bunu hansısa yolla həll edəcəyik. Bəlkə Finlandiyanın, Norveçin sülhməramlı qüvvələri gətirilə bilər. Ola bilər. Amma ən yaxşısı, orda Azərbaycan ordusunun olmasıdır və biz bütün problemləri həll edək.

– Rusiya da Dağlıq Qarabağ bölgəsinə sülhməramlılarını yerləşdirməyi təklif edir. Siz buna necə baxırsınız?

- Xocalını 366-cı motoatıcı alay məhv etdi, 613 nəfər dinc əhalini məhv etdi. Bundan sonra rus ordusu orda neyləyəcək? Ayıbdır axı. Rus ordusu olsa, gərək Türkiyə ordusu da olsun, Suriyada bir yerdə olduqları kimi.

– Realdırmı bu?

– Niyə rus ordusu olmalıdır? Onu deyin mənə... Kompromis ola bilər. Lap neytral ölkələr gəlməlidir, Finlandiya, Danimarka kimi ölkələr. Nə Fransa, nə Amerika, nə də Rusiya gəlsin. Onların hərəsinin bir marağı var. Biz Şuşaya qayıdırıqsa, ermənilər də orda olacaqlar. Allah bilir, bəlkə əllərində silah da olacaq. Biz Şuşaya silahsız gedəcəyik. Çox məsələlər var. Biz Minsk qrupunun həmsədrləri ilə görüşəndə mən həmişə bu sualı verirdim: "Bəs biz ora gedəndə təhlükəsizlik məsələsini kim həll edəcək?". Onlar da "Hər şey yaxşı olacaq" deyirdilər, konkret təklif vermirdilər. İndi də "rus ordusu orda olmalıdır" deyirlər, bunu da Moskva deyir. Çingiz Abdullayev onlara Rusiya kanallarının birində yaxşı cavab verdi, Solovyova nə lazımdır, dedi. Deyirlər ki, guya rus ordusu orda olsa, ermənilərin problemlərini həll edəcək. Amma mən bilmirəm Azərbaycan buna gedəcək ya yox. Məncə, getməməlidir.

- Xocalını xatırladınız. 30 ildə iki xalq münaqişə zamanı çox şeylər yaşadı və bəziləri hesab edir ki, bu hadisələrdən sonra bir yerdə yaşamaq çətin olacaq. Baxmayaraq ki, prezident İlham Əliyev də Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan ordusunun onlarla işi olmadığını söylədi. Necə bilirsiniz, bütün bunlardan sonra birgə yaşayış mümkün olacaq?

- Əlbəttə, ilk illərdə bu, çox çətin olacaq. 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatandan sonra Avropada almanlara, italyanlara çox pis baxırdılar, faktiki düşmən kimi baxırdılar. Amma get-gedə münasibət dəyişdi. Ermənilər yenə həmin hoqqalardan çıxmasalar, siyasətdən uzaq, sivil vətəndaş kimi yaşasalar, onda birgə yaşamaq olar. Yox, əgər yenə öz işlərinə davam edəcəklərsə, onda mümkün olmayacaq. İlk illər çox çətin olacaq. Şuşaya gedəcək azərbaycanlılar isə əsl qəhrəman olacaqlar. Şuşanı bərpa etmək lazım gələcək. Şuşasız Qarabağ heç bir şeydir. Xankəndi indi erməni şəhəridir, orda heç bir şey qalmadı. Şuşanı da yavaş-yavaş korlayıblar. Amma ümidvaram ki, Şuşanın ruhunu öldürmək mümkün deyil. Kim ora gedəcəksə, sözün əsl mənasında, qəhrəman olacaq. Getmək lazımdır. Şuşa Qarabağın ürəyidir, simvoludur. Şuşanın onların əlində qalması bizim üçün təhqirdir.

- Sizcə, Azərbaycan tərəfi Şuşasız sülh sazişinə imza ata bilərmi?

- İnanmıram. İndi vəziyyət, status-kvo tamam başqadır. İndi Azərbaycan öz haqqını tələb etməlidir və tələb edir. Dava hələ davam edir. Hələ vuruşurlar bizim uşaqlarımız. Hayıf ki, çox şəhidimiz var. Allah onlara rəhmət etsin. Ancaq nə edək, bu müharibə şəhidsiz olmur. Şəhid verməliyik. Amma cəmiyyətdə o ruh var. Mən 1990-cı illəri yada salıram. Hər bir qrup öz tərəfinə çəkirdi – Mütəllibov ora çəkirdi, Qazıyev bura çəkirdi. Azərbaycanda dəhşətli vəziyyət idi. İndi tamam başqa vəziyyətdir. Güclü ordu, cəmiyyətdə birlik var. 50-dən çox partiya müharibə vaxtı siyasi fəaliyyətini dondurmaqla bağlı saziş imzalayıb. Qələbədən sonra siyasi fəaliyyət bərpa olunacaq.

– Fərhad müəllim, Şuşanın bombalanması haqda məlumatlar gəlməkdədir. Əlbəttə, demək lazımdır ki, Azərbaycan tərəfi rəsmi şəkildə belə məlumat yaymayıb, erməni tərəfi yayır bunları. Şuşada yaşayan, o şəhəri tanıyan biri kimi sIz bu xəbərləri eşidəndə nə düşünürsüz?

- Neynəyə bilərik? Eybi yoxdur, tikərik. Onsuz da Şuşadan heç bir şey qalmayıb. Onlar orda öz memarlıq üslubunu tətbiq edirlər, İrandan memar gətirib məscid tikirlər, tamam başqa üslubdur. Eybi yoxdur, tikərik. Tikərik...

- Bu söhbətdə çox qabağa qaçırıq, məncə, gələcəyə yönəlik planlardan, işlərdən danışırsınız. Onda mən də bir az qabağa gedim. Yəqin, bölgədə müəyyən işlərin görülməsi üçün Qarabağın azərbaycanlı icmasının da üzərinə müəyyən iş düşəcək.

- Əlbəttə. Məcbur olub özüm ora gedəcəm, baxmayaraq ki, qocayam. Hə, neynəyək? Lazım olsa, ora gedərik. Şuşasız Qarabağ yoxdur. Hadrut da, Mardakert də bizim torpaqlardır. Amma əsas məsələ Şuşadır. Ona görə ermənilər istəyirdi Şuşanı paytaxt elan etsinlər, "parlament"i ora köçürsünlər. Onlar bilir bizim ağır yerimiz nədir. Şuşa!

- Bu 30 ildə bədbinliyə qapıldığnız oldumu?

- Hərdənbir olurdu. Şuşaya birinci dəfə Poladla, (Polad Bülbüloğlu - bəstəkar və müğənni, Azərbaycanın Rusiyadakı səfiri – A.R.) deyəsən, 2008-ci ildə getdik. Qayıdanda Bülbülün evində mən özümü saxlaya bilmədim. Hönkür-hönkür ağladım. Çox təsirli idi dağılan Şuşa. Şuşanı elə görmək... Necə deyim... Biz necə dözdük, mən bilmirəm. Amma 2016-cı ildəki aprel döyüşlərindən sonra yavaş-yavaş vəziyyət dəyişdi. Bu illərdə ordumuz gücləndi. 1992-ci ildə Şelli kəndinə getmişdik. Mən, Ramiz Quliev, bir də rəhmətlik Rafiq Hüseynov. Mən baxırdım uşaqlara, necə geyiniblər, köhnə ov tüfəngləri əllərində, ayaqda vyetnamkalar. O yazıq uşaqların hamısı şəhid oldular. Onda ruslar Dağlıq Qarabağa çox kömək edirdilər, orda əsl professionallar döyüşürdülər. Pskov diviziyası, desantlar vuruşurdu. Bu uşaqlar 18 yaşında idi. Ancaq vuruşurdular. Vuruşurdular! Heyfslənirəm ki, bu günü görmədilər... İndi ordu da başqadır, müasir silahlar var, Türkiyə çox fəal dəstək verir. O illərdə Türkiyə o qədər də aktiv iştirak etmirdi, sadəcə, mənəvi dəstək verirdi.

- Adını çəkdiyiniz Rafiq Hüseynov kimi bir çox azərbaycanlı Şuşa həsrətiylə həyatdan getdi.

- Heyf... Düzdür... Mütləq onun məzarına Şuşadan torpaq gətirəcəm. Nəinki Rafiq Hüseynovun, Süleyman Ələsgərovun, Vasif Adıgözəlovun... Onlar yana-yana getdilər. Ağlaya-ağlaya getdilər. Ona görə mütləq... Polad götürdü oradan bir ovuc torpaq, Bülbülün qəbrinin üstünə qoydu. Demək də çox çətindir... Biz 30 ildir bu anı gözləmişik. Bu, zarafat deyil. Bu şokdur. Böyük katarsisdir. Ona görə hər gün dua edirəm ki, uşaqlarımız sağ-salamat qayıtsınlar. Bilirəm ki, itkilərimiz var. Ya biz birdəfəlik Şuşanı, Qarabağı yaddan çıxarmalıydıq, ya da müqəddəs savaş aparmalıydıq. İndi bu savaş gedir.

- Şuşaya gedəcək olsanız, birinci hansı işi görəcəksiz, hara gedəcəksiniz?

- Birinci Üzeyirin bəyin ev muzeyinə gedərəm. Sonra Bülbülün evinə, sonra Cıdır düzünə gedib yuxarıdan aşağı baxaram. İsa bulağından bir su içərəm. Orda ən istedadlı uşaqlarımızı yığaram, yaxşı konsert versinlər, yaxşı bir "Qarabağ şikəstəsi" oxusunlar. Ehhh... Min dənə plan var. Kaş bu, olaydı... Kaş Şuşada görüşərdik...

XS
SM
MD
LG