Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:05

Yaxşı həyat üçün vacib dəyişiklik


"Həyat daim çay kimi axır..."
"Həyat daim çay kimi axır..."

Bəşər tarixinin ilk dövrlərindən bəri böyük sənətkarlar, yazıçı və mütəfəkkirlər dəyişiklik anlayışı haqda maraqlı mülahizələr irəli sürüblər. Hələ eradan əvvəl 500-cü ildə qədim yunan filosofu Heraklit deyib ki, "Həyat axındır" və hər şey daim dəyişir və əvvəlki halından fərqli bir şeyə çevrilir. Həyat daim çay kimi axır və biz heç vaxt eyni suya iki dəfə girə bilmərik. Heraklit belə nəticəyə gəlib ki, dəyişiklik bilavasitə həyatın təbii xassəsi olduğu üçün bu təbii axına müqavimət göstərmək mövcudiyyətin mahiyyətinə müqavimət göstərməkdir. "Dəyişiklikdən başqa heç nə daimi deyil", – o deyib.

İtalyan yazıçısı Elena Ferrante isə bu yaxınlarda belə deyib: "Biz dəyişiklikdən qorxmalı deyilik, fərqli olan şey bizi qorxutmamalıdır". Onun sözlərinə görə, biz bu daimi axını idarə etməyi öyrənsək, həyatın özünü idarə edə bilərik. Bu isə bizim indiki qeyri-müəyyən və sürətlə dəyişən dövrümüzdə çox vacib və maraqlıdır. Bu mülahizələrdən çıxan ümumi nəticə budur ki, əgər biz hər şeyin daim dəyişdiyini və axdığını qəbul etsək, hər şey daha rahat və hamar olacaq. BBC-nin məqaləsində belə deyilir.

"Heç nə sabit deyil"

Bəs, "həyat axındır" nəzəriyyəsi o deməkdirmi ki, biz fatalizmə üz tutub özümüzü bütün sınaqlardan uzaq tutmalıyıq, "Lessons in Stoicism" adlı kitabın müəllifi, London Universitetinin fəlsəfə müəllimi Con Sellars deyir ki, bu belə deyil. Onun sözlərinə görə, Heraklitin nəzəriyyəsi çətinlik və sınaqlardan uzaq durmağı deyil, onları qəbul etməyi nəzərdə tutur.

Dəyişiklik stoisizm cərəyanının ən sevimli mövzusudur. Qədim yunan fəlsəfəsinin bu məktəbi təbiət dünyasına baxışı və məntiq sisteminə xüsusi yer verməsi ilə seçilir. Biz gündəlik həyatda "stoik" olmağı bütün çətinliklərə şikayət etmədən duruş gətirmək kimi başa düşürük. Ancaq fəlsəfi cərəyanın özü daha maraqlı və detallıdır. Sellarsın kitabında üç tanınmış stoikin - Seneka, Epiktet və Mark Avrelinin fikirləri təqdim edilir və bu ideyaların bu gün bizə necə kömək edəcəyi müzakirə olunur: "Stoiklərə görə, heç nə sabit deyil və biz bununla barışmalıyıq. Təbiət [daim] dəyişən silsilə proseslərdən ibarətdir. Ancaq əgər biz təbiətdə xoşbəxt yaşamaq istəyiriksə, onunla harmoniyada olmalıyıq". Onun sözlərinə görə, əslində, stoisizm dəyişikliyə müqavimət göstərməyi deyil, onunla üzləşməyi nəzərdə tutur. "Hər şey dəyişir, bəs biz də hər şeylə birlikdə dəyişirikmi? Stoiklər deyir ki, bizim başqa seçimimiz yoxdur, biz bununla mübarizə apara bilmərik", – Sellars deyir.

Yaşamağa davam edən mənimiz

Bu ideya incəsənət və ədəbiyyatda da əksini tapıb. Britaniya yazıçısı Virciniya Vulf yazırdı: "Dəyişməyə davam edən mənimiz yaşamağa davam edən mənimizdir". Vulfun ən qeyri-ənənəvi əsərlərindən biri "The Waves" (1931) adlı mənsur şeiridir. Burada Vulf uşaqlıq dövründən başlayaraq altı dostun vicdanını izləyir. Qəhrəmanlar həyatın yeni fazalarına qədəm qoyurlar. Bu fazalar yeniliklər və qeyri-müəyyənliklə dolu olur. Onların hər biri bu və ya digər formada özlərini tapmağa çətinlik çəkir. Vulf əsər boyu onların hamısını daimi dəyişmə və metamorfoza prosesində təqdim edir – eynilə biz və həyatımız kimi.

Dəyişmə Vulfun ən çox sevdiyi mövzulardan biri idi. Yaradıcılığının erkən vaxtlarında yazdığı "Orlando" romanında (1928) kraliça Elizabet zamanında yaşayan bir zadəgan romanın ortasında yuxudan ayılır və özünün qadına çevrildiyini görür.

Vulf daim gündəlik yazırdı. O, özünün ən dərin düşüncələrini yazır, hissləri ilə işləməyə çalışırdı. Bir çox digər böyük yazıçı və mütəfəkkirlər də gündəlik yazıblar. Onların arasında Süzen Zontaq, Coan Didion, Oskar Uayld və stoik filosof Mark Avrelinin adlarını çəkmək olar. Məqalədə deyilir ki, günümüzün stoikləri də günə başlamazdan əvvəl hazırlıq kimi, günün sonunda isə bir növ gün ərzində görülən işləri nəzərdən keçirmək üçün gündəlik yazmağı tövsiyə edirlər. Məqsəd həyatın dəyişkən olduğunu nəzərə alaraq, mümkün qədər hazırlıqlı olmağa çalışmaqdır.

XS
SM
MD
LG