Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:52

AXCP-nin 12 fəalı azadlığa buraxıldı


Həbs olunan AXCP-çilər
Həbs olunan AXCP-çilər

Bu ilin iyulunda Tovuz rayonundakı döyüşlərdən sonra Bakıda Milli Orduya dəstək yürüşünə görə həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 15 fəalından 12-si azadlığa buraxılıb. Onların arasında partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Qarabağ əlili Asif Yusifli də var.

Sözügedən şəxslər Səbail rayon Məhkəməsinin qərarıyla həbsdən çıxıb. Prokurorluq onların ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Məhkəmədə bu iş üzrə dövlət ittihamını müdafiə edən iki prokuror vəsatəti təqsirləndirilən şəxslərdən bir çoxunun himayəsində azyaşlı uşaqlarının olması, onları az ağır cinayətdə ittiham edilməsi, daimi yaşayış̧ yerlərinin olması və s. hallarla əsaslandırıblar.

Vəsatətə Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxaraq onun təmin olunmasına qərar verilib.

Təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib, onlar onlayn qaydada prosesə qoşulub.

F.Qəhrəmanlı çıxışına torpaqların azad edilməsi münasibətilə proses iştirakçılarını təbrik etməklə başlayıb: "Bu, mənim üçün ən böyük sürpriz oldu. Həbsdə saxlanmağıma zərurət yoxdur. Vəsatəti müdafiə edirəm. İttihama gəlincə, özümü təqsirsiz hesab edirəm. Yəqin ki, məhkəmə prosesində də bu, sübut olunacaq".

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 37 nəfərdir, onlardan 36-sı barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Həbsdə olanlardan 15-i AXCP üzvləri idi.

Prokurorluq ümumilikdə 22 nəfərin ev dustaqlığına buraxılmasını məqsədəuyğun sayıb. Müsəlman Birliyi Hərəkatının iki üzvü – Kamil MahmudovTural Vəliyev də həbsdən buraxılanlar arasındadır.

14 nəfər həbsdə qalıb

Bu cinayət işi üzrə 14 nəfər həbsdə qalıb ki, onların sırasında AXCP fəalları Ramid Nağıyev, Gündüz Mirzəyev Elnur Cabbarov, Naxçıvan MR daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də var.

Təqsirləndirilən şəxslərdən yalnız biri – AXCP üzvü Elvin Məmmədov barəsində istintaq dövründə başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

İyulun 14-dən 15-nə keçən gecə orduya dəstək yürüşündə baş verənlərə görə cinayət məsuliyyətinə cəlb olunmuş 37 nəfərin işi üzrə istintaq sentyabrda yekunlaşıb. Cinayət işi ay yarımdır Səbail rayon Məhkəməsinin icraatında olsa da, məhkəmə keçirilməyib.

AzadlıqRadiosuna bir mənbə bunu 36 nəfər təqsirləndirilən şəxsin eyni vaxtda hakim qarşısına çıxarılması üçün uyğun məhkəmə zalının olmamasıyla izah edib: "Bir müddət əvvəl belə qərara gəldilər ki, Bakı Apellyasiya Məhkəməsindəki böyük zalda keçirsinlər. Amma hesabladılar ki, bu qədər təqsirləndirilən şəxs oradakı dəmir qəfəsə sığmayacaq. Həbsdə olanlar məhkəmə zalında ya dəmir barmaqlıq arxasında, ya da şüşə kabinədə saxlanmalıdır. Amma ev dustaqlığında olanda daha asandır. Hamı açıq şəkildə zalda əyləşəcək və prosesi keçirmək mümkün olacaq".

Xatırlatma

Bu il iyulun 12-dən 14-dək Azərbaycan Ermənistan sərhədində silahlı toqquşmalarda hər iki tərəf itki verib. İyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü– M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG