Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:20

Beynəlxalq təşkilat əsirlərlə pis rəftar olunduğunu deyir


Ermənistanda hərbi əsirlərin qaytarılmasını tələb edən yürüş
Ermənistanda hərbi əsirlərin qaytarılmasını tələb edən yürüş

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı Azərbaycan hərbçilərinin bir çox erməni əsirlərlə pis rəftar etdikləri barədə məlumat yayıb.

Dekabrın 2-də açıqlanmış məlumatda deyilir ki, erməni hərbi əsirlər təhqir və alçaldılmalara məruz qoyulublar və bu hərəkətlər sosial mediada dövriyyə edən videolardan da görünür:

“Videolarda Azərbaycan hərbçilərinin erməni hərbi əsirləri sillələdikləri, təpiklədikləri, vurduqları, onları alçaltmaq məqsədilə Azərbaycan bayrağını öpməyə, prezident İlham Əliyevi alqışlamağa, Ermənistanın baş naziri Nikol Paşinyanı söyməyə və Dağlıq Qarabağın Azərbaycan olduğunu bəyan etməyə məcbur edildikləri görünür. Əksər videolarda bu hərəkətləri edənlərin üzü görünür və bu, düşünməyə əsas verir ki, onlar məsuliyyətə cəlb olunacaqlarından çəkinmirlər”.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson deyib ki, hərbi əsirlərlə zorakı və alçaldıcı tərzdə rəftar edilməsinə hec bir vəchlə haqq qazandırıla bilməz.

Vilyamson vurğulayır ki, Azərbaycan tərəfi əsirlərlə insani davranış üçün beynəlxalq öhdəliklərə malikdir və bu cür hərəkətlərə son qoyulmalıdır.

Ermənistan ordusunda itkinlər: 'İki oğlumdan xəbər yoxdur'
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

Videoların metadatası yoxdur

Human Rights Watch bunu da bildirir ki, sözü gedən videolarda əks olunmuş erməni əsirlər sonradan ailələri ilə kommunikasiyada onlarla yaxşı rəftar olunduğunu bildirsələr də, onların təhlükəsizliyi barədə ciddi nigarançılıq var.

Təşkilat xatırladır ki, Üçüncü Cenevrə Konvensiyası beynəlxalq münaqişə tərəflərindən bütün şəraitlərdə hərbi əsirlərlə insani davranış tələb edir.

Məlumatda qeyd olunur ki, hər iki tərəfdə nə qədər əsir olması məlum deyil. Amma Yerevan rəsmiləri bildirirlər ki, Azərbaycanda “onlarca” erməni əsir saxlanır. Ermənistanda da bir neçə azərbaycanlı əsirin olmasına dair məlumatlar vardır. Erməni tərəfi onlardan ən azı üçünün xarici muzdlu olduğunu iddia edir.

Human Rights Watch bildirir ki, sosial mediada yayılmış 14 videonu diqqətlə yoxlayıb və pis rəftara məruz qalanların ailələri ilə danışıb.

Bununla yanaşı qeyd olunur ki, videolardan heç birinin metadatası yoxdur və onların harda və nə vaxt çəkildiyi bilinmir. Amma bu videoların hamısı sosial mediada 2020-ci ilin oktyabr-noyabr aylarında yayılıb.

Human Rights Watch bildirir ki, Ermənistan tərəfindən vəkillər Artak Zeynalyan and Siranuş Sahakyanla danışıb. Onlar bildiriblər 40-dək əsirin ailəsini təmsil edirlər və təcili tədbir görülməsi üçün Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət ediblər.

Azərbaycan erməni əsirlərin paradda keçid xəbərinə aydınlıq gətirir
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Pis rəftar halları

Human Rights Watch təşkilatının məlumatında bir neçə konkret haldan bəhs olunur.

Xəbər verilir ki, Sergey Martirosyan 21 yaşlı oğlu Mixaillə əlaqəsini oktyabrın 17-də son telefon danışığından sonra itirib.

Martirosyan oktyabrın 25-də Telegram platformasında yayılan videoda oğlunu tanıya bildiyini deyir. İddia edilir ki, bu videoda 8 erməni əsir yerə uzadılmışdı və Azərbaycan hərbçiləri onlarla pis rəftar edirdilər: “Onları gözləri bağlı saxlayır, təpikləyir, üstlərində gəzir və onlara ucu iti metal çubuqla xəsarət yetirirdilər”.

Əsirin atası iddia edib ki, oğlunun səsini və başqa əlamətlərini tanıyıb və dərhal Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və hakimiyyət orqanları ilə əlaqə yaradıb.

BQXK-nin işə qarışmasında sonra noyabrın 9-da Sergey Martirosyan oğlu ilə telefonda qısa müddətdə danışıb. Mixail deyib ki, Azərbaycanda əsirlikdədir və ayağındakı yaralara görə tibb müəssisədə müalicə edilir.

Hranush Şahbazyan əri, 51 yaşlı Lüdviq Mkrtçyanla əlaqəni oktyabrın 13-də itirib. Noyabrın 12-də qayını ona video göndərib. Bu videoda Mkrtçyanla pis rəfat edildiyinin göründüyü iddia olunur.

Xanım Şahbazyan bildirir ki, AİHM-in müdaxiləsindən sonra, noyabrın 20-də BQXK onun ərinə baş çəkildiyini deyib. Qadın bunu da bildirir ki, əri tərəfindən diqtə olunmuş məktubu oxuyub. O məktubda qızını yalnız ailədə bilinən adı ilə adlandırıb və kimliyini təsdiq etmiş olub.

Vəkillər bildiriblər ki, onlarda əsirlər - Valeri Hayrapetyan, Arman Harutyunyan və Armen Martirosyana aid də materiallar var.

Təşkilat bildirir ki, Şirak Sarqsyan 19 yaşlı oğlu Areqlə əlaqəni oktyabrın 2-də itirib. Oktyabrın 8-də qohumları ona iki video göstəriblər. İddia edildiyinə görə bu videolardan birində Areq tankın üstündə oturub və “Azərbaycan” deməyə, Paşinyanı söyməyə məcbur edilir.

Oktyabrın ortalarında Sarqsyanın göründüyü deyilən daha üç video yayılıb. İddia edildiyinə görə o bu videolarda “yaşasın İlham Əliyev” və “Qarabağ – Azərbaycandır” deməyə məcbur edilir. Onun səsinin titrədiyi, ayağında sarıq olduğu bildirilir.

Sarqsyan ailəsi oktyabrın 17-də bildirib ki, Azərbaycan hakimiyyəti BQXK-nin onların oğluna baş çəkməsini təşkil edib. Onlar oktyabrın 17-də telefonla danışıblar.

Azərbaycan rəsmiləri əsirlərlə görüşüb

Oktyabrın 18-də Azərbaycan mediası və rəsmilərinin bildirdiyinə görə, Azərbaycan hökumətinin nümayəndələri xəstəxanada Sarqsyan da daxil üç erməni əsirə baş çəkiblər.

Burada çəkilmiş videoda erməni əsirlər müalicə olunduqlarına görə təşəkkürlərini bildirirlər.

Human Rights Watch təşkialtının məlumatına görə oktyabrın 22-23-də yayılmış azı 6 videoda azərbaycanlı hərbi qulluqçular tərəfindən incidilən 5 erməni hərbi əsir görünür. Vəkilləri bunların Erik Xaçaturyan, Robert Vardanyan, Narek Sirunyan, Arayik Qalstyan and Karen Manukyan olduğunu bildiriblər.

Təşkilat 18 yaşlı Xaçaturyanın və 20 yaşlı Vardanyanın ailələri ilə danışdığını bildirir.

Xaçaturyanın atası Sarıbek oğlu ilə əlaqəsini oktyabrın 12-də itirib. Bir neçə gündən sonra oğlunun yaralı olduğu haqda məlumat alıb. Noyabrın 22-də qonşusu ona bir video göstərib. Bu videoda ailə Eriki tanıyıb. Daha sonra ailəyə başqa dörd video göstərildiyi deyilir. Bu videolarda Erikin “qapazlandığı”, “Qarabağ Azərbaycandır” deməyə və Azərbaycan bayrağını öpməyə məcbur edildiyi iddia olunur.

Noyabrın 27-də AİHM Azərbaycan hökumətinə sözü gedən 5 əsirin harada olmasına dair sorğu göndərib.

Vilyamson bildirir ki, Azərbaycan hakimiyyəti əsirlərlə pis rəftar etmiş hərbi qulluqçuları sözü gedən cinayətlərə görə mühakimə etməyə öhdəliklidir.

Azərbaycan tərəfinin əks-ittiham və iddiaları

Azərbaycan tərəfi də Erməni tərəfini əsirlikdə olan azərbaycanlı hərbi qulluqçularla pis rəftarda ittiham edir, əksinə erməni əsirlərlə beynəlxalq hüquqa uyğun şəkildə rəftar olunduğunu vurğulayır.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı müraciətdə deyilir ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir:

“Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilmiş, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilmişdir”.

Müraciətdə bu da qeyd olunur ki, “Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim etmiş, BQXK nümayəndələrinin onlara baş çəkmələrinə hərtərəfli şərait yaratmış, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil etmişdir”.

Dövlət komissiyası bildirir ki, “Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir”.

Azərbaycan tərəfində də videolar var

Komissya əlavə edir ki, “bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar mövcuddur”.

Bu da xatırladılır ki, Azərbaycan Respublikası hamının hamıya prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva isə bu barədə bildirib:

“Hərbi əsirlərə, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə münasibətdə törədilmiş barbarlıq aktları faktlar əlavə olunmaqla diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətləri üzrə faktların xüsusi prosedurlar əsasında araşdırılması, beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi tələb olunub”.

Yeri gəlmişkən, azərbaycanlı əsirlərlə pis rəftarı əks etdirən videomateriallara malik olduğunu Human Rights Watch təşkilatı da bildirir.

Təşkilat qeyd edir ki, hazırda bu materiallar öyrənilir və bu barədə hesabat yaxın müddətdə açıqlanacaq.

XS
SM
MD
LG