Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:43

Qərargahlı, qərargahsız partiyalar...


Dövlət Əmlak Komitəsinin AXCP-yə qərargah üçün təklif etdiyi bina. 2006
Dövlət Əmlak Komitəsinin AXCP-yə qərargah üçün təklif etdiyi bina. 2006

Dekabrın 17-də beş siyasi partiya ofislə təmin olunub. Söhbət AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Milli Həmrəylik Partiyasından gedir.

İqtisadiyyat Nazirliyin məlumatına görə, sözügedən partiyalara ofislər normal fəaliyyətin təmin edilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədilə verilib.

Ofislər dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrində yerləşir.

Nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidməti son günlərdə artıq 10 siyasi partiyanı qeyri-yaşayış sahəsi ilə təmin edib. Məlumatda yaxın vaxtlarda digər siyasi partiyalara da ofislərin veriləcəyi bildirilsə də, həmin partiyaların adları açıqlanmayıb.

"Sabit siyasi mühitin dəstəklənməsi…"

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu günlər "Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi" sərlövhəli məqaləsində qeyd etmişdi ki, partiyaların ofislə təmin edilməsi üçün ilk dəfə olaraq addımlar atılıb: "Sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə normal fəaliyyətinin təmin olunması üçün şöbə tərəfindən mütəmadi qaydada yerli icra orqanları ilə iş aparılır".

Onun vurğulamasına görə, bütün siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması məqsədilə siyasi partiyaların fəallığının təşviqi istiqamətində tədbirlər görülür.

T.Abbaslı
T.Abbaslı

"Heç özün öz maliyyən ilə belə kirayə tuta bilmirdin"

Ağ Partiyanın sədri Tural Abbaslı "Turan" İnformasiya Agentliyinə bildirib ki, rəhbərlik etdiyi partiyanı hökumətlə müxalifətin dialoqa başlamasından sonra qeydiyyata alıblar. Onun sözlərinə görə, elə həmin dialoq başlayanda çoxpartiyalı sistemin inkişafı üçün atılmalı olan addımlarla bağlı söhbətdə əsas problem kimi partiyaların mərkəzi qərargahlarının olmaması qeyd olunub: "Biz bir neçə partiyalarla bir yerdə ofis məsələsinə görə bir neçə il əvvəl müraciət etmişdik. Çünki heç özün öz maliyyən ilə belə kirayə tuta bilmirdin. Kirayə verənlər biləndə ki, ofisi icarəyə götürən siyasi partiyadır, qorxurdular, çəkinirlər. Ona görə də, bu, əməlli problem idi. Biz müraciət etmişdik və onlar da söz verdilər ki, bununla bağlı dövlət addımlar atacaq".

"Ofisin açarları..."

T.Abbaslı qeyd edib ki, onlara ofisin açarları təqdim olunub: "Ofis Yasamal rayonunda yerləşir və bir neçə partiyanın ofisləri həmin binanın müxtəlif mərtəbələrində yer alıb. Bizim partiyamızın ofisi dörd otaqdan ibarətdir və 140 kvadratmetrə yaxın sahəsi var. Minimal fəaliyyət üçün əlverişlidir, amma tamhüquqlu partiya fəaliyyəti üçün yetərli deyil, çünki tədbirlər üçün zal yoxdur. Ofis boş verilib və indi onu avadanlıqlarla təmin edilməsi başqa bir dərddir".

Lakin buna baxmayaraq, partiya sədri siyasi partiyalara ofisin verilməsini müsbət qiymətləndirir: "Ümumən müsbət haldır və hər halda biz artıq ayda 700-800 manat kirayə haqqı verməyəcəyik. İndi ayda 85 manata yaxın dövlət rüsumunu ödəmək şərti ilə ofis sahibi olduq. Həmin rüsum kvadratmetrə uyğun hesablanır".

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim isə AzadlıqRadiosuna bildirib ki, partiya artıq bir neçə ildir ki, ofis olmadan fəaliyyət göstərir: "2005-ci ildə bizi Xəqani-33 ünvanında yerləşən binadan zor gücü ilə çıxartdılar".

M.İbrahim
M.İbrahim

Əslində həmin bina "Azadlıq" qəzetinin redaksiyası idi. Partiya redaksiyanın bir neçə otağında yerləşmişdi. AXCP hələ təşkilat olan vaxtdan-1993-cü ildən mərkəzi və rayonlardakı qərargahlarından çıxarılmışdı. Bu, Gəncədə polkovnik Sürət Hüseynovun hakimiyyətə silahlı itaətsizliyindən və Azərbaycan Xalq Cəbhəsinin sədri, prezident Əbülfəz Elçibəyin Bakını tərk etməsindən sonra baş vermişdi.

"Gəlib ofisin qapılarını qaynaq etdilər ki,..."

M.İbrahim sözlərinə davam edir: "Bundan sonra biz yeni ofisi öz vəsaitimiz hesabına aldıq. Ofis beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşirdi. Çox az müddət sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib ofisin qapılarını qaynaq etdilər ki, bina qəzalı vəziyyətindədir. Halbuki binanın qalan dörd mərtəbəsində insanlar yaşamağa davam edirdi".

"Ofis sahibini binanı partlatmaqla hədələyiblər"

M.İbrahim əlavə edib ki, partiyanın ofis kirayə götürmək cəhdləri uğursuz olub: "Sonda Talət Şixəliyev küçəsində bir ofis kirayə götürdük. Ofis yiyəsinə hədə-qorxu gəliblər ki, bizi oradan çıxartsın. Hətta səs yazısı var ki, ofis sahibini binanı partlatmaqla hədələyiblər. Axırda binada həqiqətən partlayış baş verdi, adını da qoyublar ki, qaz balonu partlayıb".

"Tək sədrdən ibarət olan partiyaların ofisləri var..."

M.İbrahimin vurğulamasına görə, partiya dəfələrlə bildirmişdi ki, dövlət ofis vermirsə, ona öz hesabına ofis kirayə götürməyə maneçilik törədilməsin: "Lakin belə imkan bizə tanımayıblar. Tək sədrdən ibarət olan partiyaların ofisləri var...".

AXCP sədrinin müşaviri bildirib ki, hökumət yalnız bir dəfə onlara qərargah təklif edib, lakin şərait uyğun olmadığına görə bu təklifdən imtina ediblər: "2005-ci ildə partiyamızı Xəqani-33 ünvanında yerləşən binadan çıxardandan sonra bizə Keşlədə məcburi köçkünlərin yaşadığı binanın birinci mərtəbəsində yer verdilər. Mümkün deyildi belə şəraitdə ofis olsun...".

M.İbrahimin sözlərinə, hələlik, FHN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

H.Həsənov
H.Həsənov

"Demokratik ölkələrin çoxunda bu məsələ var"

"Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov isə AzadlıqRadiosuna bildirib ki, Konstitusiyaya görə, dövlət insanların fundamental siyasi hüquqlarına təminat verir. Onun deməsinə görə, insanlar birləşərək siyasi partiyalar yaradır və siyasi ideyaları həyata keçirmək üçün siyasi partiyalardan bir vasitə kimi istifadə edir: ""Siyasi partiyalar haqqında" Qanun isə deyir ki, dövlət siyasi partiyalar üçün normal şərait təmin edir. Ayrıca müddəada onun maliyyələşməsi ilə bağlı dəstək öz əksini tapıb. Demokratik ölkələrin çoxunda bu məsələ var".

Hüquqşünas bildirib ki, siyasi partiyaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması dövlətin vəzifəsidir: "Ofislə təmin edilməsi məsələsini tənzimləyici konkret qanun yoxdur. Ölkədə "İcarə haqqında» Qanun var, dövlətin öz əmlakı var və dövlət bu əmlakı vasitəsilə siyasi partiyaları ofislə təmin edə bilər".

"Hakimiyyətin bu siyasi yanaşması dəyişməlidir"

Ekspert hesab edir ki, bir sıra partiyaların ofislə təmin olunub, başqa siyasi partiyaları ofisdən çıxarma, fəaliyyətinə imkan verməmə yaxşı hal deyil: "Bu, dövlətə başucalığı gətirən məsələ deyil. Yaxınlaşma oldu, müharibə zamanı əqidəsindən asılı olmayaraq bir ideya ətrafında birləşməklə yaxşı bir ənənə yaranmışdı. Amma çox təəssüf ki, indiki halda yenə də ayrıseçkilik müşahidə olunur".

H.Həsənov sonda da deyib: "Sanki hakimiyyət burada demək istəyir ki, biz bunu edirik, amma bunun müqabilində siyasətimizə bütün hallarda dəstək ifadə edəsiniz, heç bir tənqid olmasın. Hakimiyyətin bu siyasi yanaşması dəyişməlidir, normal bərabərtərəfli dialoq imkanları yaradılmalıdır".

Ölkədə ümumilikdə 50-dən çox siyasi partiyanın olduğu bildirilir.

XS
SM
MD
LG