Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:41

'Suya görə 7 min manat əsassız cərimə yazıblar'


Su sayğacı. Foto arxiv
Su sayğacı. Foto arxiv

Yüzlərlə vətəndaş kommunal xidmət göstərən "Azəriqaz", "Azərişıq", "Azərsu" kimi qurumların onları aldatdığını, əsassız borc və cərimələr yazdığını iddia edir. Hazırda məhkəmələrdə çoxlu sayda belə mübahisələr var.

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan Sədi Zöhrablı deyir ki, "Azərişıq"ın işçiləri gəlib, xəbərdarlıq etmədən sayğacı çıxarıb aparıblar. Üç gün sonra evə xəbərdarlıq gəlib ki, 3 min 440 manat ödənilməlidir. Məlum olub ki, sayğacı aparandan sonra ona müdaxilə barədə akt tərtib olunub. Orada yazılıb ki, sayğacın alt qapaq möhürü və plombunda xəta aşkarlanıb. Sayğaca müdaxiləyə görə də cərimə yazılıb.

"Əməkdaşların özləri edib"

S.Zöhrablı isə sayğaca müdaxilə iddiası ilə razılaşmır. Onun sözlərinə görə, "Azərişıq" ASC-nin işçiləri hər ay gəlib sayğacı yoxlayıb, heç bir irad da bildirməyiblər. Həm də sayğac küçədə quraşdırılıb və belə olan halda daim onların nəzarətində ola bilməz. Şikayətçi düşünür ki, müdaxilə varsa da, bunu "Azərişıq" əməkdaşlarının özləri edib.

Bənzər problemlə Şirvan sakini İbrahim Həsənov da qarşılaşıb. O isə "Azərsu" ASC-nin nəzdində olan "Birləşmiş Sukanal" MMC-nin 4 nömrəli Regional Sukanal İdarəsindən şikayətçidir. Deyir ki, sayğacdankənar xətdən istifadə olunmadığı halda bu idarənin əməkdaşları ona 7 min manata yaxın cərimə yazıblar. Aktda yazılıb ki, İ.Həsənova məxsus "Rövşən" şadlıq sarayında araşdırma zamanı diametri 25 millimetr olan boru vasitəsilə sayğacdan kənar xətlə sudan qanunsuz istifadə edildiyi aşkarlanıb.

"Yoxlama aparılanda, ümumiyyətlə, Şirvan şəhərində su olmayıb..."
"Yoxlama aparılanda, ümumiyyətlə, Şirvan şəhərində su olmayıb..."

"Şadlıq sarayına suyu sudaşıyan maşın gətirir"

İ.Həsənovun sözlərinə görə, idarənin işçiləri hər ay sayğaclara mütəmadi baxış keçirir. Əgər sayğacdan kənar xətdən istifadə edilmiş olsaydı, bu hal çoxdan aşkar edilərdi. Aşkarlandığı iddia olunan borunun da ona aidiyyəti yoxdur: "Şadlıq sarayına suyu ya sudaşıyan maşın gətirir, ya da elə sayğaca qoşulu xətt vasitəsilə təchiz olunur. Yoxlama aparılanda, ümumiyyətlə, Şirvan şəhərində su olmayıb...".

Akt tərtib olunması barədə də ona heç bir məlumat verilmədiyini bildirən İ.Həsənov deyir ki, aylıq su sərfiyyatına görə borcunu ödəyəndə ona 7 min manata yaxın cərimə yazılmasından xəbər tutub. Dəfələrlə "Birləşmiş Sukanal" MMC-yə müraciət edəndən sonra həmin aktı ala bilib.

"Birləşmiş Sukanal" MMC-nin nümayəndəsi Emil Quliyev isə deyir ki, su xəttinə qanunsuz qoşulma ilə bağlı videoçəkiliş aparılaraq akt tərtib edilib.

İ.Həsənov 7 min manatlıq borcun ləğvi tələbilə məhkəməyə üz tutub. Şirvan şəhər Məhkəməsi onun iddiasını təmin edərək sözügedən borcun silinməsinə qərar verib. "Azərsu" narazı qalıb apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Şirvan Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Amma Ali Məhkəmə "Azərsu"nun şikayətini təmin edib. Vətəndaşın xeyrinə olan qərar ləğv edilib və iş yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılıb.

Vətəndaşlar qadağalar zamanı zibildən və suların kəsilməsindən gileylənirlər
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

"İddialar təsdiqini tapmayıb"

"Azərişıq" ASC-nin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, istehlakçılardan daha çox enerjiyə tələbatın yüksək həddə olduğu yay aylarında sərfiyyatın artmasıyla bağlı şikayətlər daxil olur: "Mütəxəssislərimiz tərəfindən operativ və fərdi qaydada bütün müraciətlər araşdırılır. Abonentə aid geniş bildiriş vərəqi araşdırılır, uçot sxemi və cihazları yoxlanılır, nəticə əsasında abonentin şikayəti təmin edilir. Bəzən abonentlərin uçot cihazlarının laborator yoxlanmaya ehtiyacı olur. Belə hallarda sayğac sökülərək torbaya qoyulub möhürlənir və laboratoriyaya gətirilib abonentin iştirakıyla yoxlanılır".

2020-ci ilin yay aylarında xeyli vətəndaş enerji sərfiyyatının süni şəkildə artırılması və nəticədə ona əsassız borc yazılmasından şikayətlənirdi. "Azərişıq"dan bildirilib ki, şikayətçi abonentlərin sayğacları öz iştirakları ilə medianın qarşısında laboratoriya şəraitində yoxlanılıb, iddialar təsdiqini tapmayıb.

"Azəriqaz" nə deyir

"Azəriqaz" əməkdaşları tərəfindən də abonentlərə əsassız borc və cərimələr yazılması haqda vətəndaşların şikayətləri ilə əlaqədar AzadlıqRadiosunun sorğusunun bu qurum tərəfindən yazılı şəkildə cavablandırılacağı vəd olunsa da, cavab verilməyib.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov isə sayğaca müdaxilənin necə müəyyənləşdirildiyini və akt tərtib olunmasını izah edib. Onun sözlərinə görə, kənar müdaxilə nəticəsində itirilmiş qaz hesablanır. İtirilmiş qazın bərpası prosesinə dair də akt yazılır. C.Səfərov bildirib ki, ilkin akt vizual baxış nəticəsində tərtib edilir. Əgər gözlə görünən xəta aşkarlanıbsa, sayğac laboratoriyaya gətirilir: "Laboratoriyada isə bir neçə mərhələdən keçir. Kameralarla baxış olur, sonra xüsusi lövhə var - biz ona stend deyirik, -ora qoşulmaqla riyazi təhlil aparılır. Ən xırda xətalar da orada görünür və qeydə alınır. Laborator analizin rəyi nəticəsində daha bir akt tərtib olunur".

"Azərsu" ASC-nin mətbuat xidmətindən isə, ümumiyyətlə, telefon zənglərinə cavab verilməyib.

M.Qəhrəmanlı
M.Qəhrəmanlı

"Məmurların biznesləri üzündən..."

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, rəhbərlik etdiyi Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinə şişirdilmiş kommunal borclar və əsassız cərimələrlə bağlı çoxlu sayda şikayətlər daxil olur, vətəndaşlar hüquqi yardım istəyir: "Araşdırmalarımız göstərir ki, bu cür mübahisələrdə 5-6 faiz hallarda vətəndaş haqsız olur, məsuliyyətdən yayınmağa cəhd göstərir. Qalan hallarda "Azərsu", "Azəriqaz", "Azərişıq" əməkdaşlarının qanunsuz və əsassız akt tərtib etdikləri, vətəndaşın törətmədiyi qanunsuzluğa görə böyük məbləğdə cərimələndiyi aydın olur. Araşdırmalar həm də onu ortaya qoyur ki, məmurların biznesləri üzündən xeyli qaz, su və enerjisi itkisinə yol verilir. Bu itkiləri də sadə vətəndaşları əlavə borcla yükləməklə ödəməyə çalışırlar".

Nazirlər Kabinetinin qərarına əsaslandığını deyən M.Qəhrəmanlının sözlərinə görə, evindən kənarda quraşdırılmış sayğaca görə məsuliyyətin bütünlüklə vətəndaşın üzərinə qoyulması doğru deyil. Çünki sayğac kənar şəxslərin müdaxiləsi, hətta üstünə ağac aşma nəticəsində də sıradan çıxa bilər.

Azərbaycanda kommunal xidmət göstərən qurumların monopolist olduğunu vurğulayan hüquq müdafiəçisi bildirib ki, bu halda vətəndaşın başqa seçim etmək imkanı qalmır. Həmin qurumlar da vətəndaşın çarəsizliyindən istifadə edirlər. M.Qəhrəmanlı hesab edir ki, əsassız borc və cərimələrlə üzləşmiş bütün vətəndaşlar həmin işləri məhkəmə müstəvisinə çıxarmalıdır. Onun fikrincə, bu cür məhkəmə çəkişmələri çox olarsa, sözügedən qurumların əməkdaşlarını da qanunsuz əməllərdən çəkindirə bilər.

XS
SM
MD
LG