Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:17

Ekspertlər Vuhanda virusologiya mərkəzində olublar


DST ekspertləri Vuhanda
DST ekspertləri Vuhanda

Ekspertlər indiyədək xəstəxanalara, tədqiqat institutlarına, ilkin yoluxmaların qeydə alındığı diri heyvan bazarına baş çəkiblər

Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri Çinin Vuhan Virusologiya İnstitutuna baş çəkiblər. Missiya koronavirus pandemiyasının mənşəyini araşdırır.

“Buradakı əsas adamların hamısı ilə görüşməyi, soruşulası bütün vacib sualları verməyi səbirsizliklə gözləyirik”, – zooloq və komanda üzvü Piter Daszak Yaponiyanın TBS televiziyasına deyib.

İddialar

Bu institutda 2003-cü ildə SARS virusunun yayılmasından sonra yarasa koronavirusları haqda genetik informasiyanın arxivi var. Məhz bu məqam mərkəzin 2019-cu ildə Vuhanda COVID-19 pandemiyasının yayılması ilə mümkün əlaqəsi barədə sübutsuz iddialara yol açıb.

Çin isə iddiaları rədd edir, virusun başqa yerdən qaynaqlana biləcəyi, yaxud dondurulmuş dəniz məhsulları içində xaricdən gətirilə biləcəyi haqda sübuta yetirilməmiş nəzəriyyələr ortaya atıb. Beynəlxalq alimlər nəzəriyyələri rədd ediblər.

DST missiyasına 10 ölkədən ekspertlər daxildir. Onlar Vuhanda iki həftə karantində qalandan sonra işə başlayıblar. İndiyədək xəstəxanalara, tədqiqat institutlarına, ilkin yoluxmaların qeydə alındığı diri heyvan bazarına baş çəkiblər.

Missiya müzakirələr haqda çox az məlumat verib. Virusun mənşəyinin müəyyənləşdirilməsi bir neçə il çəkə bilər.

Fevralın 3-də Çində son bir ayda ən az yoluxma aşkarlanıb. Bu ölkədə qeyd olunan Yeni il bayramı öncəsi yoluxma dalğasının səngidiyi görünür.

Sputnik V 15 ölkədə “təsdiqlənib”

Fransada isə noyabrın sonundan koronavirus yoluxmalarında rekord qeydə alınıb.

Meksika Rusiyanın hazırladığı Sputnik V vaksinini təcili istifadəyə təsdiqləyib.

Ölkənin pandemiya üzrə eksperti Huqo Lopes-Qatel Twitter-də yazıb ki, bu, vaksinin Rusiyadan Meksikaya göndərilməsini mümkün edir.

“Ehtiyatımızda yeni, təhlükəsiz, 91.8 faiz effektli vaksin olacaq”, – o deyib.

Fevralın 2-də “The Lancet” tibb dərgisində Rusiya vaksininin effektliliyi ilə bağlı araşdırma dərc olunub.

Meksika ötən həftə COVID-19-dan ölüm sayına görə Hindistanı geridə qoyaraq dünyada üçüncü yerə çıxıb. Səhiyyə Nazirliyi fevralın 2-də 160 minədək ölümün qeydə alındığını bildirib.

Hindistan fevralda, ya da gələn ay Sputnik V-ni təcili istifadəyə təsdiqləməlidir. Açıqlamanı Rusiya Birbaşa İnvestisiya Fondu yayıb.

Vaksinin istehsalçısı onun 15 ölkədə təsdiqləndiyini deyir. Onlardan biri də Avropa Birliyi üzvü olan Macarıstandır. Halbuki Avropa Komissiyası onu hələlik təsdiqləməyib.

“The Lancet”də dərc olunmuş araşdırmada bu vaksinin 91 faiz effektli olduğu bildirilir.

İndiyədək dünyada koronavirusa 103 milyondan çox yoluxma aşkarlanıb, 2 milyon 200 mindən artıq xəstə isə vəfat edib.

XS
SM
MD
LG