Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:45

'Dostluq'un dostcasına bölünməməsinin səbəbi...


Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması. 2020
Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması. 2020

"Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim edilib. Sənəd fevralın 18-də Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilib. Bildirildiyinə görə, layihəyə əsasən, "Dostluq" yatağının karbohidrogen resurslarının 30 faizi Azərbaycana, 70 faizi isə Türkmənistana düşür.

30 ilə yaxındır iki ölkə arasında mübahisə predmeti olan bu yatağın belə bölgüsü nə dərəcədə düz və nə dərəcədə dostcasınadır?

"Hər bir istiqamətdə dəyişiklik ola bilər"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə "Turan" agentliyinə deyib ki, Azərbaycanla Türkmənistan arasında imzalanmış sənəd, hələlik, memorandumdur: "Pay bölgüsü müvafiq kontrakt imzalananda müəyyənləşəcək. Hələlik, təxminən 30 faizi Azərbaycandadır və təbii olaraq, bu pay bölgüsü də yatırımı nəzərdə tutur. Hər zaman pay bölgüsünə uyğun olaraq, yatırım da eyni miqdarda olur. Kimin nə qədər yatırıma imkanı varsa, kim işlərin daha böyük həcmini üzərinə götürübsə, təbii ki, pay bölgüsü də ona uyğun aparılır. Amma bütün bu məsələlər kontrakt imzalananda daha dəqiq olacaq, hər bir istiqamətdə dəyişiklik ola bilər".

A.Mollazadə
A.Mollazadə

Deputatın fikrincə, imzalanmış memorandum böyük əhəmiyyət kəsb edir: "Azərbaycan bu razılaşmadan sonra Orta Asiyanın Avropa ilə enerji məsələlərində aktiv rol oynayacaq, Xəzərin bütün enerji ehtiyatları məhz Azərbaycan vasitəsilə dünyaya çıxacaq. Azərbaycanın nəqliyyat tranzit sistemlərindən istifadə edilməsi bizə əlavə zəruri divident gətirəcək".

"Artıq region Avropanın enerji təhlükəsizliyində çox..."

Komitə üzvü qeyd edib ki, uzun illərdir hamının gözlədiyi layihə üçün yaşıl işıq yanıb: "Artıq bizim region Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq. Bu, Azərbaycanın həyata keçirdiyi bütün layihələr üçün yeni və ciddi dəstəkdir. Buna sadəcə adi bir layihə kimi baxmaq kifayət eləmir".

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, bu məsələdə daim Türkmənistan özünü, Azərbaycan da özünü haqlı bilib: "Amma nəticənin bu qaydada bitməsi onu göstərir ki, ölkələr başqa variant tapmayıb".

""Dostluq"... belədir"

Onun sözlərinə görə, yataqların işlənməsi məsələsində o yatağın kimə aid olması bir o qədər də önəm daşımır: "Orada, sadəcə, yatağın işlənməsi ilə bağlı razılaşma daha vacibdir. Orada kommersiya maraqlarının təmin olunması məsələsi daha önəmlidir. Məsələn, "Azəri-Çıraq-Günəşli" yataqları birmənalı Azərbaycana məxsusdur. Amma hasilatın pay bölgüsündə Azərbaycanın payı çox azdır. Əsas gəlirlər yataqları istismar edən xarici şirkətlərə çatır, çünki onlar bu işə daha çox sərmayə qoyub. "Dostluq" yatağı məsələsində da belədir".

N.Əliyev
N.Əliyev

N.Əliyev bildirib ki, "Dostluq" yatağının karbohidrogen resurslarının göstərilən bölgüsü ölkələrin layihəyə yatırım etdiyi vəsaitə uyğundur. O hesab edir ki, Azərbaycanın layihəyə az həcmdə vəsait yatırmasının əsas səbəbi onun indiki dövrdə maliyyəsinin az olması ilə bağlıdır: "Əgər biz 2021-ci ilin dövlət büdcəsinə nəzər salsaq, məlum olacaq ki, ötən illə müqayisədə bu il dövlət investisiya xərclərinə bir o qədər də vəsait ayıra bilməyiblər".

"Baxmayaraq ki, qaz və neft yataqlarının üstündə oturmuşuq..."

Onun deməsinə görə, ölkəyə qoyulan həm xarici, həm də daxili sərmayədə azalma var: "Azərbaycanın maliyyə resursları məhduddur, ona görə də Azərbaycan 30 faizlə kifayətlənməli olub".

İqtisadçının fikrincə, ölkənin maliyyə resursları ona görə məhduddur ki, onların xərclənməsi səmərəli olmayıb: "Baxmayaraq ki, biz qaz və neft yataqların üstündə oturmuşuq, neft və qaz satışından yüz milyardlarla manat pul qazanmışıq, o pulu havaya sovurublar. Bahalı binaların və tunellərin inşa edilməsi adı ilə təyinatdan yayındırıblar. İndi isə neft yatağının işlənməsinə yatırım etmək üçün vəsait tapmırlar".

Xatırlatma

Bu il yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində "Dostluq" yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bu yatağı bir vaxtlar Azərbaycan "Kəpəz", Türkmənistan isə "Sərdar" adlandırırdı.

Həmin yataqla bağlı iki ölkənin 10 illərdir mübahisəsi davam edirdi. Yatağı hələ SSRİ dönəmində, 1989-cu ildə Azərbaycan neftçiləri kəşf edib. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Aralıq" adlandırılıb. Yataqda azı 50 milyon ton neft, 90 milyard kubmetr qaz ehtiyatı olduğu güman edilir.

XS
SM
MD
LG