Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:38

Navalnının vəziyyəti ‘qənaətbəxşdir’


Aleksey Navalnı məhkəmədə, 2 fevral, 2021-ci il
Aleksey Navalnı məhkəmədə, 2 fevral, 2021-ci il

Navalnının Rusiya üzrə şəbəkələrinin koordinatoru Leonid Volkov deyib ki, anti-korrupsiya fəalının ötən həftə “kəskin” bel ağrıları olub, qıçı keyiyib, otura bilməyib

Rusiya hakimiyyəti həbsdə olan müxalifətçi Aleksey Navalnının vəziyyətinin “sabit” olduğunu deyir, tərəfdarları isə buna sübut istəyir. Vəkilləri müxalifətçinin saxlandığı həbsxanada onunla görüş üçün gözləyirlər.

Martın 24-də Navalnının müttəfiqləri onun vəziyyətindən, harada olmasından, səhhətində pisləşmədən narahatlıqlarını bildirdilər. Çünki müxalifətçi həbsdə vəkilləri ilə təyin olunmuş görüşə gəlməyib.


“Sabit və qənaətbəxş”

Navalnının Rusiya üzrə şəbəkələrinin koordinatoru Leonid Volkov deyib ki, anti-korrupsiya fəalının ötən həftə “kəskin” bel ağrıları olub, qıçı keyiyib, otura bilməyib. Volkov Navalnıya ağrıya görə iki “Ibuprofen” həbi verildiyini bildirib.

Martın 25-də Federal Penitensiar Xidmətdən (FSIN) “Interfax” agentliyinə bildirilib ki, bir gün öncə Navalnının saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində məhbusların tibbi müayinəsi keçirilib.

“Müayinə nəticəsində Navalnının səhhətinin sabit və qənaətbəxş olduğu müəyyənləşib”, – qurumdan deyilib.

“İndi biz həqiqətən narahatıq. Hətta Federal Penitensar xidmət belə Navalnının vəziyyətinin yaxşı olduğunu demir”, – müxalifətçinin Antikorrupsiya Fondu Twitter-də yazıb.

Vəkilləri Olga Mixailova Vadim Kobzev martın 25-də bir neçə saat gözləyəndən sonra koloniyaya girmələrinə icazə veriblər, amma hələ də Navalnı ilə görüş gözləyirlər.

Xatırlatma

Navalnı yanvarın 17-də müalicə aldığı Berlindən Moskvaya qayıdarkən aeroportda saxlanıb. O vaxtdan onun müttəfiqləri və tərəfdarlarına təzyiqlər davam edir. Müxalifətçi ötən avqustda Sibirdə zəhərlənəndən sonra Almaniyaya aparılıb. Avropada bir neçə laboratoriya onun Noviçok sinfindən sinir qazıyla zəhərləndiyini təsdiqləyib.

Fevralın 2-də məhkəmə Navalnını mənimsəmə işi üzrə şərti cəzanın şərtlərini pozmaqda təqsirli bilərək 2 il 8 ay həbsə məhkum edib. Müxalifətçi bu işi siyasi motivli hesab edir.

Məhkəmənin hökmü ölkədə kütləvi etirazlara səbəb olub, bir neçə şəhərdə etirazlarda 1400-dən çox saxlanan olub.

Avropa Birliyi, Birləşmiş Ştatlar və Kanada Navalnı işinə görə Rusiyaya sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG