Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:54

Blinken: 'Şəhla Hümbətovanın yanında olacağıq'


Şəhla Hümbətova
Şəhla Hümbətova

Bəyanatda Hümbətovanın “Gəncə işi”ndə müdafiə tərəfinin vəkili kimi çıxış etdiyi, bu işdə şübhəlilərə işgəncə verilməsi iddialarının olduğu vurğulanır

ABŞ Dövlət katibi Entoni Blinken də martın 26-da Şəhla Hümbətova ilə bağlı bəyanat verib.

“2020-ci ildə Beynəlxalq Cəsarətli Qadınlar mükafatının laureatı Şəhla Hümbətovanın insan haqlarının təbliği və müdafiəsi ilə məşğul olduğuna görə kollegiyadan çıxarılması xəbərindən narahat oldum. Şəhlanın quruma təcili bərpasını tələb edirik, onun yanında olacağıq”, – Blinken tvitində yazıb.

***

Beynəlxalq Vəkillər Kollegiyasının İnsan Haqları İnstitutu (BVKİHİ) azərbaycanlı vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarılmasını pisləyir. Bakı İnzibati Məhkəməsi bu qərarı Azərbaycan Vəkilləri Kollegiyasının müraciəti əsasında çıxarıb.

Qurum bildirir ki, tənqidçilər bu addımı qeyri-adekvat və siyasi motivli hesab edirlər.

Borcunu dərhal ödəyib, amma...

Səs-küylü hüquq pozuntuları işlərində vəkillik fəaliyyəti ilə tanınmış Hümbətova barədə qərar martın 5-də verilib, onun kollegiyaya üzvlük haqqını ödəməməsi əsas gətirilib. Vəkil isə kollegiyanın borcunun yığılması haqda onu bilgiləndirmədiyini, vəziyyətdən xəbərsiz olduğunu deyib. “Kollegiya məni məhkəməyə verəndən bir gün sonra mediadan bunu bildim”, – o deyib.

Hümbətova deyib ki, dərhal üzvlük haqqı borcunu ödəyib və kollegiyadan çıxarılması üzrə proses başlayanda artıq borcu qalmayıb.

Qurum bildirir ki, Hümbətovanın kollegiyadan çıxarılması son illər Azərbaycanda insan haqları vəkillərinə qarşı “sistematik və hədəfli təzyiq”in davamıdır. Daha öncə Elçin Namazov, Xalid Bağırov, Yalçın İmanov, Əlayif Həsənov da qurumdan kənarlaşdırılıb.

“Onların peşəkar hüquqları qorunmur”

Xalid Bağırovun işində Avropa İnsan Hüquqları Məhkəməsi onun Kollegiyadan çıxarılmasının sırf vəkillik fəaliyyəti, insan hüquqlarının müdafiəçisi olması ilə bağlı olduğunu qeyd edib.

BVKİHİ-nin həmsədri Maykl Kirbi deyib ki, “Azərbaycanda xanım Hümbətova və digər insan haqları vəkillərinə qarşı addımlar onu göstərir ki, onların peşəkar hüquqları nəinki qorunmur, həm də təməl prosedur təminatın ədalətsiz şəkildə pozulmasına məruz qalırlar”.

Bəyanatda Hümbətovanın “Gəncə işi”ndə müdafiə tərəfinin vəkili kimi çıxış etdiyi, bu işdə şübhəlilərə işgəncə verilməsi iddialarının olduğu vurğulanır.

Daxili İşlər Nazirliyi saxlananlara işgəncə verilməsi iddialarını rədd edir.

Şəhla Hümbətova 2020-ci il martın 4-də ona ABŞ Dövlət Departamentinin "Cəsarətli qadınlar" mükafatına layiq görülüb.

Vəkillər Kollegiyası bu qurumdan sözügedən vəkillərin çıxarılmasını onların qanunçuluğun tələblərini pozması ilə izah edir. Həmin şəxslər isətələbləri pozmadıqlarını deyirlər.

XS
SM
MD
LG