Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:00

Jirayr Sefilyan: ‘Ruslar və türklər bizi əlaqələndirilmiş şəkildə qırırdılar...’


Sasna tsrer partiyasının üzvü Jirayr Sefilyan martın 29-da AzadlıqRadiosuna müsahibə verib
Sasna tsrer partiyasının üzvü Jirayr Sefilyan martın 29-da AzadlıqRadiosuna müsahibə verib

Ermənistanda “Milli demokratik qütb” hərəkatının nümayəndəsi, radikal Sasna tsrer partiyasının üzvü Jirayr Sefilyanın fikrincə, “indi hamıya aşkardır və müharibə göstərdi ki, Rusiya qoşunlarının burda olmasının bizə heç bir xeyri olmadı”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibə verən Sefilyana görə “əksinə onların burda olması ordumuzun əl-qolunu bağladı ki, türklər kürəyimizə bıçaq saplasınlar”.

Azərbaycana qarşı radikal mövqeyi ilə tanınan Sefilyan daha sonra “tarixi təfərrüatlara” varıb:

“Bu yüz il ərzində bizim siyasi düşüncəmizin problemi bu olub ki, biz belə bir dilemmaya uyğunlaşmağa çalışmışıq. Yəni türk qılıncı ilə rus çəkməsi arasında seçim dilemmasına. Biz bu barədə həmişə demişik, xalqımıza çağırış etmişik ki, bizim varlığımızın həlli bu dilemmadan çıxmaqdadır. Əlbəttə, bizim sözlərimizi müharibəyə qədər qəbul eləmirdilər, amma mən əminəm ki, bu sözlər indi çox yaxşı qəbul olunur. Çünki hamı şahidi oldu ki, ruslar və türklər bizi necə əlaqələndirilmiş şəkildə sözün əsl mənasında qırdılar”.

Kremldə dəhşətə gəliblər?

Müxbirin “Qarabağda, Şirakda Türkiyə ilə sərhəddə Rusiya qoşunları dayanır, Ermənistanda Rusiya bazası var” replikasına Sefilyan belə reaksiya verib:

Bütün bu 44 günlük müharibə ərzində fikir verdinizmi ki, onlar istəsəydilər, hava məkanını bağlaya bilərdilər. Birinci gündən bağlayaydılar da, niyə yalnız 40-cı gün bağladılar? Düşmən bizim Qafan, Gorus, Geqarkunikdəki hava hücumundan müdafiə obyektlərimizi vuranda buna niyə reaksiya vermədilər? Bəs birgə razılaşmalar nə oldu? Harda idi o cəfəng ODKB?”

Sefilyan daha sonra iddia edib ki, müharibədən əvvəl onların çağırışlarını qəbul etməyən xalq indi hər şeyi başa düşür:

“İndi Kremldə də dəhşətə gəliblər ki, biz bunu bacarmışıq və əgər onlar təcili həll yolu tapmasalar, mən əminəm ki, tapmayacaqlar, biz uğur qazanacağıq”.

Sasna tsrer üzvü daha sonra Ermənistanda beş prezidentin görüşü məsələsinə də toxunub:

“Biz bilmədik bu adamlar nədən danışıblar. Mən ehtimal edirəm ki, onlar sistemi necə qoruyub saxlamaq qayğısı ilə yığışıblar. Yəni o sistemi ki, həmin o beş prezident ona xidmət ediblər. Bugün onlara tapşırılıb ki, sistemi xilas etmək üçün çıxış yolu tapsınlar. Mən sizi əmin edirəm ki, onlar buna nail ola bilməyəcəklər”.

Qiyamlı keçmiş

Sasna tsrer silahlı qruplaşması 2016-cı ilin yayında polkovnik Varujan Avetisyanın rəhbərliyi ilə Yerevanın Erebuni rayonundakı polis məntəqəsini ələ keçirmiş və ovaxtkı prezident Serj Sarkisyandan millətçi siyasətçi Jirayr Sefilyanın azad olunmasını tələb etmişdi.

İki həftədən çox davam edən silahlı qarşıdurmada üç polis zabiti həlak olmuşdu.

Sasna Tsrer hərəkatının əsasında yaradılmış siyasi partiya 2018-ci ilin dekabr seçkisində iştirak etmişdi.

Lakin partiya parlamentdə mandat qazanmaq üçün lazım olan 5 faiz limitini aşa bilməmişdi.

Ermənistanlı fəal: 'Erməni xalqı dəyişib, daha düşmənçilik istəmir'
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Sorğu: daşnakların, Sasna tsrerin və “Vətənin xilası”nın dəstəyi 1 faiz də deyil

Belə görünür ki, Sasna tsrer təşkilatının iyun seçkisində də şansları böyük olmaya bilər.

Ermənistanda beynəlxalq respublika institutunun martın əvvəllərində keçirdiyi son rəy sorğusunun nəticələrinə görə rəyi soruşulanların 33 faizi iqtidarı, 3 faizi isə müxalif “Çiçəklənən Ermənistan” partiyasını dəstəklədiyini bildirmişdi.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, rəy sorğusunda iştirak edənlərin cəmi 2 faizi keçmiş prezident Robert Koçaryana səs verəcəyini deyib.

Respondentlərin 1 faizi keçmiş hakim Respublika Partiyasını dəstəklədiyini bildirib.

Sorğunun nəticələrinə görə Daşnaksutyun, Sasna Tsrer və “Vətənin xilası” hərəkatı birlikdə 1 faizdən də az səs toplayıblar.

Respondentlərin 42 faizi heç bir siyasi qüvvəni dəstəkləmədiyini deyib.

XS
SM
MD
LG