Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:38

AstraZeneca ilə beyin trombu arasında əlaqə var, amma...


Avropa Səhiyyə Agentliyinin (EMA) vəzifəli rəsmisi aprelin 6-da verdiyi müsahibədə deyib ki, COVID-19-a qarşı AstraZeneca vaksini ilə çox nadir beyin trombu arasında əlaqə var, lakin bunun mümkün səbəbləri bəlli deyil.

Lakin Reuters yazır ki, EMA daha sonra verdiyi bəyanatda vaksin üzərində təhqiqatın hələ davam etdiyini və son nəticənin aprelin 7-də və ya 8-də elan olunacağını bildirib.

AstraZeneca sözçüsü bu xəbər barədə şərh verməkdən imtina edib.

EMA-nın vaksinlərin qiymətləndirilməsi komandasının başçısı Marko Kavaleri aprelin 6-da İtaliyanın Il Messagero qəzetinə verdiyi müsahibədə demişdi:

“Mənim nəzərimcə, biz indi bunu deyə bilərik ki, beyin trombları ilə bu vaksin arasında əlaqə mövcuddur. Lakin biz bu reaksiyanı nəyin doğurduğunu hələ bilmirik”.

Reuters yazır ki, Kavaleri öz şərhinin təsdiqi üçün heç bir dəlil göstərməyib.

EMA dəfələrlə bəyan edib ki, AstraZeneca vaksininin faydaları bütün hallarda onun risklərindən çoxdur.

Agentlik hazırda beynin sərt qişası sinuslarının trombozuna dair 44 məlumatı araşdırır.

9.2 milyondan 44 nəfər

AstraZeneca Avropa İqtisadi Zonasında 9.2 milyon nəfərə vurulub. Onlardan 44-də beyin trombu müşahidə edilib.

Bu vaksini Dünya Səhiyyə Təşkilatı (DST) da dəstəkləyir.

AstraZeneca bundan əvvəl bildirmişdi ki, onun vaksinləri yüksək tromboz riskinə malik deyil.

Kavaleri deyib ki, EMA özünün hesabatında vaksinlə tromboz arasında əlaqənin mövcudluğunu qeyd edəcək, amma çox güman, AstraZeneca vaksininin hansı yaş kateqoriyaları üçün uyğunluğu məsələsinə toxunmayacaq.

Fransa, Almaniya və Niderland da daxil bəzi ölkələr təhqiqat davam etdiyi müddətcə bu vaksinin gənc adamlara vurulmasını dayandırıb.

Yaş, cins və başqa faktorlar

Kavalerinin müsahibəsinə reaksiya olaraq EMA aprelin 6-da bildirib ki, son qərar hələ verilməyib və təhqiqat davam etdirilir.

EMA ötən həftə bildirmişdi ki, hazırda AstraZeneca vaksini ilə bağlı, yaş, cins və pasientin əvvəllər qan laxtalanması probleminin olması kimi risklər müəyyənləşdirilməyib.

Agentlik əlavə edib ki, söhbət vaksin vurulan insanların çox cüzi bir hissəsindən gedir.

Reuters yazır ki, AstraZeneca vaksininin fəsad yaratdığı hallar əksərən gənclər və ortayaşlı qadınlar arasında müşahidə olunub, lakin EMA bu riskin konkret olaraq AstraZeneca ilə peyvənddən qaynaqlandığının müəyyən olunmadığını bildirib.

Alimlər AstraZeneca ilə peyvənd olunmuş adamlar arasında peyvənddən bir neçə gün və ya həftə sonra nadir beyin işemiyasının yaranması səbəblərini araşdırmaqda davam edirlər.

Hal müşahidə olunur, izah yoxdur

Avropa alimləri bu qənaətdədirlər ki, ola bilsin, bu vaksin bəzi adamlarda nadir hallarda qeyri-adi anticism fəallığı yaradır.

Alimlər habelə fəsad hallarının hamiləliyə qarşı həblərlə nə dərəcədə bağlı olduğunu öyrənirlər.

Lakin alimlər bildirirlər ki, onlar AstraZeneca vaksininin başqa vaksinlərin yaratmadığı vəziyyəti yaratdığına dair qəti sübuta malik deyillər.

Başqa bir müsahibədə EMA-nın İnsanlar üçün Tibb Preparatları Komitəsinin üzvü Armando Genazzani La Stampa qəzetinə deyib ki, AstraZeneca vaksininin tromb yaratmasına dair iddialar “ağlabatandır”.

AstraZeneca vaksini şimpanze adenovirusu vektorunun üzərində qurulub. COVID-19-a qarşı bir sıra başqa vaksinlərdə də bu vektordan istifadə olunub.

Virus vektorlu vaksinlərdən ilk dəfədir ki, qlobal miqyasda belə geniş istifadə olunur.

XS
SM
MD
LG