Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:06

'İdeal'ın keçmiş sahibi yenə saxlandı 


İlqar İsmayılov
İlqar İsmayılov

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (ağır nəticələrə səbəb olan vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın vəsaiti mənimsəməkdə suçlanır.

Özünü təqsirli bilmir

İsmayılovun yaxınları AzadlıqRadiosuna bildirib ki, o, özünü təqsirli bilmir. Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Binəqədi rayon Məhkəməsində hakim qarşısına çıxarılanda da ittihamın əsassız olduğunu deyib. Onun haqqındakı həbs qərarından apellyasiya şikayəti verilib.

Bu, İsmayılovun ikinci həbsidir. Bundan öncə 2017-ci ilin iyununda həbs edilən işadamı 4 ay sonra azadlığa buraxılmışdı.

İsmayılov həbsdən çıxandan sonra, özəlliklə son iki ildə müxtəlif dövlət orqanlarına, məhkəmələrə şikayətlərində bildirirdi ki, dələduzluq ittihamı əsassız idi. AZAL rəhbəri Cahangir Əsgərovun sifarişi ilə həbs edildiyini deyən işadamının sözlərinə görə, məqsəd "İdeal"ı tam şəkildə əlindən almaq idi. Ona görə də həbs ediləndən sonra qarşısına şərt qoyulub: ya "İdeal Kompani"nin bütün səhmlərini təhvil vermək, ya da uzunmüddətli həbs həyatına razılaşmaq.

İlqar İsmayılov budəfəki həbsindən bir həftə öncə Facebook hesabından paylaşım etmişdi
İlqar İsmayılov budəfəki həbsindən bir həftə öncə Facebook hesabından paylaşım etmişdi

Paylaşım artıq səhifədə yoxdur

İsmayılov budəfəki həbsindən təxminən bir həftə öncə Facebook hesabından paylaşımında yazıb ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşının hədə və tələbi ilə Samir Əliyev adlı şəxsi "İdeal Kompani"nin direktoru təyin etmək məcburiyyətində qalıb. Reklam əsasıyla sosial şəbəkədə bir həftəyə yaxın yayılan bu paylaşım İsmayılovun həbsindən sonra artıq yoxdur.

"İdeal" mağazalar şəbəkəsini 1999-cu ildə yaratdığını və 2011-ci ilə qədər onun tək sahibi olduğunu deyən işadamının sözlərinə görə, həmin ilin noyabrında ona şəriklik təklif olunub. Təklif isə hazırkı "Silk Way Bank"ın rəhbərliyində təmsil olunan şəxslərdən gəlib. Razılaşma ilə İsmayılov 100 faizlik payının 50 faizini AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevanın şirkəti olan "Gazelli"yə satıb: "Təsisçi kimi razılığım və iştirakım olmadan şirkətə yeni direktor təyin olundu. Bundan sonra yeni direktor vasitəsilə saxta sənədlər və əsassız mülahizələrlə məndən prokurorluğa şikayət edildi. Guya şirkətin qanuni təmsilçisi olduğum dövrdə mənimsəmə faktları baş verib. Şirkətimə tam sahib olmaq üçün "Gazelli"nin sahibləri mənə qarşı plan qurub 7 iyun 2017-ci ildə heç bir rəsmi yoxlama sənədi olmadan mənim qanunsuz həbsimə nail oldular. Mənə qarşı daha bir təzyiq üsulu kimi, adıma saxta kredit müqaviləsi rəsmiləşdirdilər. Faktiki 1 manat da vermədikləri halda, mənə guya "Premium Bank"dan 5 milyon manat kredit verildiyi iddia olundu...".

Penitensiar Xidmət təsdiqləyib...

İsmayılovun sözlərinə görə, həbsdə olduğu zaman ona bildirilib ki, əgər azadlığa çıxmaq istəyirsə, şirkətdə qalan payını və 100 faiz ona məxsus olan "İdeal" əmtəə nişanını "Gazelli"nin sahiblərinə verməlidir. O deyir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandığı müddətdə - 12 sentyabr 2017-ci ildə onun yanına gəlib konkret bu təklifi özünə deyiblər. İki gün sonra isə ora notarius gətirib qalan payının digər təsisçiyə ötürülməsi barədə müqaviləyə imza atdırıblar: "Həmin sənədlərə imza atdığım gün həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu. Halbuki, mən o günə qədər də qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəmələrə müraciət etmişdim. Amma rədd cavabı almışdım. Bu halın özü sübut edir ki, mən o müqaviləyə təzyiq altında imza atmışam. Nəticədə əmlaklarım iradəmə zidd olaraq əlimdən alınıb".

İsmayılovun məhkəmə şikayətlərinə baxılarkən hakim Penitensiar Xidmətə sorğu göndərib, işadamının iddia etdiyi adamların həmin günlərdə o müəssisəyə gəlib-gəlmədiyi araşdırılıb. Cavablarda İsmayılovun dedikləri təsdiqlənib.

İmzasını ekspertizadan keçirib

İsmayılov deyir ki, "Premium Bank"dan 5 milyon manat kredit götürməsi barədə müqavilədə onun adından atılan imza saxtadır. Onun sözlərinə görə, əvvəllər bu bankdan kredit götürüb, sənədləri imzalayıb. Həmin imzalara baxıb bu müqaviləyə oxşar imza atıblar. İşadamı məxaric orderindəki imzanı həm Rusiyada, həm də Türkiyədə ekspertizadan keçirdiyini və nəticəyə əsasən, məxaric sənədindəki imzanın ona məxsus olmadığını vurğulayırdı.

"Premium Bank" isə İsmayılovun dediklərini təkzib edib. Bankdan bildirilib ki, İsmayılov müxtəlif dövlət orqanlarına şikayət edib, amma onun iddiaları təsdiqini tapmayıb.

"Premium Bank" da AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevaya məxsusdur. O, bankın əsas səhmdarıdır.

Hazırda İsmayılova ittiham verilən maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG