Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:36

İcra başçısına sui-qəsddə suçlanan şəxsin 16 gündür aclıq etdiyi bildirilir


Firudin Zeynalov
Firudin Zeynalov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan və prokurorun 19 il həbs cəzası tələb etdiyi Firudin Zeynalovun 16 gündür aclıq aksiyasını davam etdirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən ailə üzvlərinin sözlərinə görə, aclıq nəticəsində onun vəziyyəti pisləşib, aprelin 28-də Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinə köçürülüb. Buna baxmayaraq, o, aclığı dayandırmaq niyyətində olmadığını deyib: "İki gün əvvəl evlə danışanda da dedi ki, halı yoxdur, yeriyə bilmir, ola bilsin ki, növbəti zəng günündə əlaqə saxlaya bilməsin. Aprelin 28-də məlum oldu ki, təzyiqi kəskin düşüb, onu köçürmək məcburiyyətində qalıblar. Aprelin 13-dən aclıq edir, amma təcridxanada rəsmi qeydə almırdılar. Artıq qeydə alıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsindən gəlib baş çəkiblər. Ombudsman Aparatına da məlumat verilib".

Ombudsman ona baş çəkəcək

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, məhkumların saxlanma yerləri barədə məlumatlar konfidensialdır. Penitensiar müəssisələrdə saxlanılan şəxslərin yerdəyişməsi haqda onların ailə üzvlərindən başqa heç kimə məlumat verilə bilməz.

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov da Zeynalovun aclıq etməsi haqda məlumatlı olduğunu bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, aprelin 27-də Ombudsman Səbinə Əliyeva ilə görüşdə də bu məsələni qaldırıblar. Məlum olub ki, Zeynalovun ailəsinin müraciəti Ombudsman Aparatına da daxil olub. Ombudsman yaxın günlərdə ona baş çəkib durumuyla maraqlanacağını deyib.

"Firudin Zeynalovun qardaşı bizim təşkilata müraciət etmişdi. Əlbəttə, aclığın orqanizmə vurduğu zərəri, sonradan bərpası mümkün olmayan problemlər yaratmaq ehtimalını nəzərə alaraq, bu aksiyanın tərəfdarı deyilik. Eyni zamanda, onu da başa düşürük, deyir ki, təqsirsizdir, cinayət törətmədiyi halda, ona 19 il həbs cəzası istənilib. Biz də bu işi izləyirik və hesab edirik ki, onlara qarşı ittihamları təsdiqləyən mötəbər sübutlar yoxdur", – hüquq müdafiəçisi belə deyir.

Zeynalovla birlikdə mühakimə olunan və aprelin 15-dən aclıq edən Mahir Əzizovun isə anasının təkidi ilə aksiyanı dayandırdığı bildirilir.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətməkdə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir.

Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs olunanlar həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

XS
SM
MD
LG