Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:49

Paşinyan parlamentə ‘məxfi sənəd’ barədə məlumat verib


Nikol Paşinyan Milli Məclisin iclasında
Nikol Paşinyan Milli Məclisin iclasında

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Milli Məclisin mayın 20-də keçirilən növbədənkənar iclasında ölkənin siyasi həyatında mübahisə və həyəcana səbəb olmuş sənəddən danışıb:

“Bu, bizdə işçi dövriyyədə olan yeganə sənəddir”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun xəbərinə görə, bundan əvvəl internetə sızdırılmış sənədin təfərrüatları barədə məlumat verən baş nazir deyib ki, bu sənəddə söhbət tərəflərin sərhəd situasiyalarını qarşılıqlı qoşun cəmləşdirmələri ilə yox, yalnız diplomatik və siyasi vasitələrlə həll edilməsi barədə öhdəlik götürməsindən gedir:

“Əgər belə bir situasiya növbəti dəfə yaranarsa, gələcək mərhələdə yaranarsa, biz hər dəfə beynəlxalq hay-küymü qaldırmalıyıq, yoxsa konsensus əladə etmək yolu ilə getməliyik. Bütün hallarda biz hazırda hamımıza məlum olan şəraitdə yaranmış vəziyyətdəyik və bu situasiyanı idarə etmək lazımdır. Bu müddət ərzində bu məsələlərlə məşğul olacaq üçtərəfli komissiyanın yaradılması təklifi formalaşdırılıb”.

“Bəli, bu yeganə sənəddir”

Paşinyan hökumətin hələ müzakirə mərhələsində olan işçi sənədi dərc etməsinin düzgün olmayacağını bildirib:

“Bu, istənilən hökuməti pis, çox qeyri-ciddi vəziyyətdə qoyardı. Lakin bu sənəd artıq müxalifət tərəfindən dərc olunduğuna görə, deməliyəm: Bəli bu, artıq bir gün, günyarım bizim işçi dövriyyəmizdə olan yeganə, unikal sənəddir”.

Baş nazir daha sonra söhbətinə davam edib:

“Deyirlər ki, burda yuxarıda yazılan “əlavə” nə deməkdir? Mən belə başa düşürəm ki, orda “layihə” yazılmalıydı, amma “əlavə” yazılıb. Düzünü desəm, bu diqqətəlayiq bir məsələ deyil, çünki sənəd hələ razılaşdırılmayıb və imzalanmayıb ki, biz onu burda müzakirə edək”.

XİN-in bu sənəddən xəbərsiz olduğuna dair şayiələrdən danışan Paşinyan deyib ki, bu sənədlər elə XİN-in kanalları ilə daxil olur.

'Məxfi sənədi' Serj Sarkisyanın kürəkəni yayıb?

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Paşinyan Azərbaycanla imzalamalı olduğu sənəd barədə ilk dəfə, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Vatikanda keçmiş səfir olan kürəkəni Mikael Minasyan qismən məxfiliyi açılmış razılaşmanın qaralama variantını öz səhifəsində dərc etdikdən sonra danışıb.

Mikael Minasyan
Mikael Minasyan

Minasyan həm də yazıb ki, varlığı iddia olunan bu sənədin imzalanması Ermənistan üçün fəlakətli nəticəsi olacaq.

Paşinyan demişdi ki, sənəd 100 faiz Ermənistanın marağındadır və o sənədi imzalayacaq.

Paşinyan bundan əvvəl sözü gedən sənədin Azərbaycan tərəfindən sızdırıldığını ehtimal etdiyini demişdi.

Paşinyan ‘elə bu axşam’ müharibə istəyənlərdən danışacağını bildirib

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan mayın 20-də “özünü müxalifət adlandıran bəzi dairələrin” fəaliyyətindən təfsilatlı danışacağını vəd edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun bildirir ki, Paşinyan bu barədə özünün Facebook səhifəsində yazıb:

“Söhbət özlərini müxalifət dairələri adlandıranlardan, Azərbaycan əsgərlərinin Ermənistan ərazisini tərk etməməsi üçün əlindən gələni edənlərdən, arzusunda olduqları müharibənin başlamamasından qovrulanlardan, xüsusilə də hökumətin hərəkətlərində heç bir qəsd, gizli sövdələşəmə, sənəd və maddələrin olmaması və ola da bilməyəcəyi fikri ilə barışmaq istəməyənlərdən gedir...”

Nikol Paşinyan bu barədə “elə bu axşam” danışacağını vəd edib.

Müxalifət izahat tələb edir

Bundan əvvəl Ermənsitan parlamentində müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan demişsi ki, hökumətin hansısa siyasi və ya hərbi, xüsusilə də insan hüquqları ilə bağlı imzalayacağı hər hansı sənəd Milli Məclisdə ratifikasiya olunmalıdır.

Azatutyunun yazdığına görə Marukyan bildirib ki, Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasına təşəbbüs göstərəcəklər.

Milli Məclisin binasında keçirilən brifinqdə Marukyan iddia edib ki, “növbəti dəfə xalqdan gizli sənəd hazırlanıb və bu sənəd barədə nə parlament deputatlarına, nə hökumət üzvlərinin əksəriyyətinə, nə də seçkili vəzifəli şəxslərə heç bir məlumat verilməyib”.

Marukyan tələb edib ki, baş nazir söhbətin nədən getdiyi barədə izahat verməlidir.

Azatutyun yazır ki, istər müxalifət, istərsə də iqtidardan olan deputatar onlara bu sənəd və onun məzmunu barədə məlumat verilmədiyini deyirlər.

Ermənistan Milli Məclisinin müdafiə və təhlükəsizlik daimi komissiyasının rəhbəri Andranik Koçaryan deyib ki, o sözü gedən sənəd barədə ilk dəfə mayın 20-də keçirilən hökumət müşavirəsində eşidib.

Deputat qeyd edib ki, o hələ sözü gedən sənədi öyrənməyib.

Daha sonra parlamentdə hakim “Mənim Addımım” fraksiyasının rəhbəri Lilit Makunts deyib ki, Rusiya Ermənsitana sərhədin delimitasiya və demarkasiyası üçün üçtərəfli komissiyanın təşkilini təklif edib.

Ara Ayvazyan imzalamanın əleyhinədir?

Keçmiş səfir Mikaelyan bildirib ki, sözü gedən sənədə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan da etiraz edib.

Azatutyun yazır ki, mayın 20-də keçirilən hökumət müşavirəsində həqiqətən də XİN-dən heç kəs olmaylıb.

Lakin Xarici İşlərə Nazirliyinin sözçüsü Anna Nağdalyan məlumat verib ki, Ermənistan nümayəndə heyəti Düşənbədən qayıdır və hələ yoldadır.

Sözçü bildirib:

“Ermənistan tərəfinin bu məsələdə mövqeyi aydındır: Yalnız Azərbaycan silahlı qüvvələrinin suveren Ermənistan Respublikası ərazisindən çıxarılmasından sonra hansısa gündəliyin hansısa müzakirəsi üçün şərait yarana bilər”.

Paşinyan "sənədə" imza atacağını deyib

Nikol Paşinyan hökumətin mayın 20-də keçirilən iclasında internetdə yayılan işçi sənədlər məsələsinə də toxunmuşdu. O, həmin sənədlərin Azərbaycan tərəfdən yayıla biləcəyindən narahatlıq bildirmişdi:

“Bu sənədlərin necə əldə olunduğunu təhlil edərək Azərbaycanın üzərində dayanıram, çünki üçtərəfli danışıqlar Rusiya, Ermənistan və Azərbaycan arasında aparılır. Məncə, bu sənədləri Azərbaycandan alırlar. Hazırda beynəlxalq tərəfdaşlarımızla ilkin razılaşma əldə olunmuş qərarlar 100 faiz Ermənistan Respublikasının maraqlarına uyğun gəlir. 99.9% deyil, 100%. əgər Azərbaycan razılaşdırdığımız şərtlərlə razılaşmanı yerinə yetirsə, onda sənədə imza atacağam. Çünki o, 100% Ermənistan Respublikasının maraqlarına cavab verir. Sənədi açıqlamayacağam, çünki bu, korrekt olmazdı”.

Paşinyan gizli sənəddən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Xatırlatma

Ermənistan iddia edir ki, Azərbaycan hərbçiləri onun ərazisinə doğru bir neçə kilometr irəliləyib. Azərbaycan isə sadəcə, demarkasiya işi aparıldığını, hərbi qüvvələrin mövqelərini tutduğunu bildirir.

Hazırda Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu məsələni müzakirə etdiyi bildirilir. Azərbaycan tərəf bu danışıqlarla bağlı rəsmi açıqlama verməyib.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG