Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:33

Azərbaycan hərbi qulluqçusu yaralanıb


Azərbaycan hərbçisi
Azərbaycan hərbçisi

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Nazirlik bu məlumatını mayın 28-də səhər 11 radələrində yayıb: "Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb. Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur".

Açıqlamaya görə, Əlahiddə Ümumqoşun Ordunun bölmələri cavab atəşi açıb: "Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür...".

Sərhəd mübahisəsinə kənar ekspertlər qarışa bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Hərbi avtomobilin minaya düşməsi təsdiqlənir, amma...

Azərbaycan Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşdüyünü təsdiqləyib.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Qurumdan hərbi avtomobilin minaya düşməsi faktını təsdiqləyiblər, amma əlavə məlumat verməyiblər.

Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla həmsərhəd ərazisində minaya düşməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisə nəticəsində hərbçilər arasında ölən və yaralananların olması barədə isə rəsmi məlumat yayılmayıb.

Bu barədə rəsmi orqanlar verilən sualları da, hələlik, cavablandırmayiblar.

Azərbaycan Müdafiə Nazirliyindən cavab

"Hərb işindən azacıq xəbəri olan hər bir kəs anlayır ki, kiçik qruplarla mühəndis işləri həyata keçirilmir".

Bunu Ermənistan rəsmilərinin açıqlamalarına münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov deyib. O, daha sonra da əlavə edib: "Bu tərkibdə qruplar kəşfiyyat-diversiya dəstələrində olur və aydındır ki, onlar məhz təxribat törətmək məqsədilə ərazimizə keçiblər. Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olmuşdur. Belə ki, təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun".

N.Paşinyan
N.Paşinyan

Ermənistandan isə deyirlər ki...

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hərbçilərin Ermənistan ərazisindən oğurlandığını iddia edir. Onun sözlərinə görə, həmin vaxt Ermənistan ordusunun altı hərbi qulluqçusu ölkənin suveren ərazisində sərhədi sahmana salır, minalama işləri həyata keçirirdilər, xəbərdarlıq nişanları da qoyulurdu: "Yəni, bu işlər təxribat məqsədi daşımırdı. Bu addımlar bizim sərhədlərin mühafizəsi səviyyəsini yüksəltmək üçün atılmışdı. Sonradan bizim hərbi qulluqçuların əsir alınması haqda məlumat yayıldı. Bütün səbəblər, əlbəttə, araşdırılmalıdır, amma bu, mahiyyətcə əsir edilmə deyil. Ermənistan Respublikası ərazisindən bizim hərbçilərin oğurlanması baş verib".

Müdafiə Nazirliyindən növbəti açıqlama

Azərbaycan Müdafiə Nazirliyi mayın 27-də sərhəddəki vəziyyətlə bağlı növbəti məlumat yayıb. Bu məlumat bundan əvvəlki açıqlama ilə müqayisədə daha genişdir.

Saat 11:39-da yayılan məlumatda qeyd edilir ki, mayın 27-i saat 03:00 radələrində qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu Azərbaycanın dövlət sərhədini iki istiqamətdə keçib: "Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb".

Açıqlamaya görə, Azərbaycan ərazisindəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən hər iki qrupa qarşı əməliyyat tədbirləri görülüb. Bildirildiyinə görə, nəticədə onların birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanıb.

Ermənistanın digər hərbçilərinin isə Azərbaycan ərazilərini dərhal tərk edərək geriyə çəkildikləri vurğulanır.

MN: Ermənistan Kəlbəcər istiqamətində təxribata əl atıb

Ermənistan tərəfinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atdığı bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mayın 27-də məlumat yayıb: "Mayın 27-də saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib".

Məlumata görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu mühasirəyə alınaraq əsir götürülüb: "Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb...".

Azərbaycanlı hüquq müdafiəçiləri erməni əsirləri azad etməyə çağırıblar
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Azərbaycan XİN: Onların bir hissəsi qaçmış, 6 nəfər isə...

Sərhəddəki vəziyyətlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yayıb.

Qurum Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq yolları minalamağa cəhd göstərib: "Həmin qruplar aşkar edilmiş, onların bir hissəsi qaçmış, 6 nəfər isə Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanıblar. Ermənistan tərəfindən bir müddətdir ki iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir".

Açıqlamaya görə, Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkildiyi halda, növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi: "Azərbaycan,...dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası, demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir".

Ermənistanda Azərbaycanla ərazi mübadiləsi barədə bunları deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

MN: Azərbaycan mövqeləri atəşə tutulub

Azərbaycan Müdafiə Nazirliyi mövqelərinin atəşə tutulduğunu açıqlayıb.

Bu barədə nazirlik mayın 26-da saat 13 radələrində məlumat yayıb.

Məlumatda qeyd edilir ki, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistanın Geqarkunik vilayəti ərazisindəki mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub: "Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur".

Ermənistan təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin atəşə tutulması haqda Bakının məlumatını təkzib edir. Qurum bunu kiçik serjant Qevorq Xurşudyanın öldürülməsini ört-basdır etməyi hədəfləyən növbəti cəhd adlandırıb.

"Ermənistan Silahlı Qüvvələri göstərilən günlərdə Azərbaycan tərəfə bircə atəş də açmayıb. Azərbaycanın Ermənistanın suveren ərazilərinə qəsdi qəbuledilməzdir", – məlumatda deyilir.

Ermənistan və Azərbaycana fərqli xəritələr verilə bilərmi? Ekspert şərh edir
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

MN: Ermənistan istiqamətinə atəş açılmayıb

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan istiqamətinə heç bir atəş açmayıb.

Məlumatda vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyi onların Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə yalan məlumat yayıb.

Məlumata görə, mayın 25-də günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib:

Nazirliyin qeyd etməsinə görə, onlarda olan məlumata əsasən, erməni hərbi qulluqçunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş verib.

Ekspert xəbərdarlığı: Gədəbəy və Qazaxla sərhədə görə Ermənistanla mübahisə qızışa bilər
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Ermənistan ordusunun iki hərbçisi həlak olub

AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" Ermənistan Müdafiə Nazirliyinə istinadən yazır ki, Azərbaycan tərəfinin Geqarkunik vilayətində, Yuxarı Şorca kəndi yaxınlığındakı ərazini atəşə tutmasından sonra başlanmış atışmada Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu, kiçik serjant, 1989-cu il təvəllüdlü V.Y.Xurşudyan həlak olub.

Nazirlik bildirir ki, hazırda vəziyyət nəzarət altındadır və atışma yoxdur.

Ermənistandan alınan başqa bir xəbərdə deyilir ki, mayın 25-də ölkənin cənub-şərqində yerləşən N hərbi hissəsinin hərbi qulluqçusu Mher Ovannisyanın meyiti başında güllə yarası ilə tapılıb.

Müdafiə Nazirliyinin məlumatına görə hazırda hadisə üzrə təhqiqat davam etdirilir.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG