Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Koronavirus yardımlarının necə xərcləndiyi araşdırılacaq


Barselonada pandemiyadan sonra məktəblər açılır, valideynlər məktəbin darvazasından baxırlar (arxiv fotosu)
Barselonada pandemiyadan sonra məktəblər açılır, valideynlər məktəbin darvazasından baxırlar (arxiv fotosu)

EPPO-nun əsas missiyalarından biri blok üzvlərinin koronavirus pandemiyasından dirçəlməsindən ötrü nəzərdə tutulmuş 750 milyard avroluq vəsaitin oğurlanmamasını təmin etmək olacaq

İyunun 1-dən Avropa Birliyinin (AB) yeni prokurorluğu fəaliyyətə başlayır. Bu qurum blokun büdcəsinin xərclənməsindəki sui-istifadə hallarının araşdırılmasından ötrü yaradılıb. Rəsmilərin sözlərinə görə, COVID-19 pandemiyasına qarşı iqtisadi yardım paketindən sui-istifadə halları diqqət mərkəzində olacaq.

Avropa İctimai Prokurorluğuna (EPPO) Rumıniyada korrupsiya ilə mübarizə qurumunun keçmiş rəhbəri Laura Kovesi rəhbərlik edir. Blokun ilk dəfə təsis etdiyi bu qurum üzv ölkələrin ərazisində AB-nin vəsaitindən sui-istifadə hallarını araşdırıb mühakimə edəcək.

Kovesi kimdir

Kovesi korrupsiya ilə mübarizədə qətiyyəti ilə seçilir, AB-nin ən korrupsioner ölkələrindən sayılan Rumıniyada rekord sayda nazirləri, siyasətçiləri və digər rəsmiləri məhkum edib.

Onu Rumıniyanın solçu hökuməti 2018-ci ildə işdən çıxarıb, hakimiyyətdən sui-istifadə etdiyi iddia olunub. Tərəfdarları isə əsl səbəbi onun korrupsiyaya qarşı fəaliyyətində görüblər.

EPPO Luksemburqda yerləşəcək, 22 üzv ölkənin prokurorlarından ibarətdir. AB üzvləri İsveç, Macarıstan, Polşa, İrlandiya və Danimarka layihəyə qoşulmayıblar.

Bu qurum AB-nin nəhəng, bəzi məlumatlara görə ildə 500 milyon avro vəsaitin sui-istifadə və israfçılığa məruz qalmasıyla bağlı tənqidlərə cavab olaraq təsis olunub. Almaniyanın EPPO-dakı təmsilçisi Andres Ritter belə deyib.

OLAF-dan fərqi

AB-nin dələduzluğa qarşı mövcud idarəsi (OLAF) zəif qurum sayılır, yalnız üzv ölkələrə işləri araşdırmağı tövsiyə etmək səlahiyyəti var, onları istintaqa məcbur edə bilməz. EPPO isə səs-küylü işləri birbaşa yerli məhkəmələrə verə biləcək.

EPPO-nun əsas missiyalarından biri blok üzvlərinin koronavirus pandemiyasından dirçəlməsindən ötrü nəzərdə tutulmuş 750 milyard avroluq vəsaitin oğurlanmamasını təmin etmək olacaq.

Kovesi mayın 30-da İspaniyanın EFE xəbər agentliyinə deyib ki, iqtisadi yardım fondları ilə bağlı sui-istifadə “riski böyükdür”.

EPP-nun sərhədlərarası ƏDV dələduzluğu ilə də mübarizə aparacağı bildirilir.

XS
SM
MD
LG