Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:24

Avropa Parlamenti Belarusa qarşı sərt qətnamə qəbul etdi


Rumıniyada Putinə və Lukaşenkaya etiraz aksiyalarından birində
Rumıniyada Putinə və Lukaşenkaya etiraz aksiyalarından birində

Avropa Parlamenti iyunun 10-da Strasburqda keçirilən plenar iclasında Belarusa dair qətnamə qəbul edib.

Qətnamənin leyhinə 626, əleyhinə 16 deputat səs verib. Daha 36 millət vəkili bitərəf qalıb.

AzadlıqRadiosunun Belarus xidməti xəbər verir ki, qətnamə Minskə qarşı yeni sanksiyaların elan edilməsinə çağırır.

Qətnamədə bildirilir ki, sanksiyalar həm ölkənin iqtisadiyyatını, həm də ayrı-ayrı fərdləri hədəfləməlidir.

Sanksiya təkliflərinin arasında Belarusun SWIFT beynəlxalq hesablaşma sistemindən müvəqqəti olaraq çıxarılması da var.

Qətnamədə deyilir:

“Avropa Şurasını mümkün qədər tez bir zamanda Belarusa qarşı həm fərdi, həm də iqtisadi sanksiya siyahısının genişləndirilməsinə çağırırıq”.

Deputatların fikrincə, sanksiyalar ilk növbədə xam neft və neft məhsulları satışını, kalium, poladəritmə və oduncaq emalı sahələrini hədəfləməlidir.

Avropa deputatları habelə Avropa İttifaqı ölkələrini Alyaksandr Lukaşenka rejimini hər hansı maliyyə dəstəyindən imtina etməyə çağırırlar.

Onlar bildiriblər ki, Belarus bankları kreditlərdən və Belarus iqtisadiyyatı investisiyalardan məhrum edilməlidir.

“Dövlət terroru”

Qətnamədə Ryanair hava şirkəti təyyarəsinin məcburi qaydada Minskə endirilməsi beynəlxalq hüququ pozan “dəhşətli hərəkət” və “dövlət terroru aktı” adlandırılır.

Deputatlar habelə təyyarə endiriləndən sonra həbs edilmiş jurnalist Raman Prataseviçin və onun rəfiqəsi Sofya Sapeqanın, habelə Belarus həbsxanalarındakı bütün jurnalist və siyasi məhbusların azad olunmasını tələb ediblər.

Avropa millət vəkilləri həmçinin təyyarə insidentinin və “Belarus rejimi tərəfindən törədilən başqa terror aktlarında” Rusiyanın mümkün rolunun araşdırlmasına çağırıblar.

Qətnamədə deyilir ki, sanksiyalar Rusiyanın bu hadisələrdə birbaşa və ya dolayısı ilə iştirak etmiş hər bir vətəndaşına şamil edilməlidir.

14 min belarus vətəndən didərgin düşüb

Avroparlament deputatları Alyaksandr Lukaşenkanın bir prezident kimi legitimliyini tanımadıqlarını bir daha vurğulayıblar və bu rejimi “qeyri-legitim, qanunsuz və cinayətkar” adlandırıblar.

Onlar Belarusda zorakılıq və repressiyaların, o cümlədən qanunsuz saxlanmaların, işgəncələrin, vətəndaşların məhkəmə təqibinin dərhal dayandırılmasını tələb ediblər.

Sənəddə deyilir ki, Lukaşenka rejimi 2020-ci ilin “oğurlanmış” prezident seçkisindən sonra 14 min belarusu vətəni tərk etməyə məcbur edib.

Deputatlar Belarusda müstəqil medianın və jurnalistlərin təqibinə son qoyulmasına çağırıblar.

Qətnamədə Avropa İttifaqının rəhbərliyinə Belarusda seçkinin saxtalaşdırılmasında və repressiyalarda iştirak etmiş şəxslərə qarşı 4-cü sanksiya paketinin qəbuluna və yeni paketin tərtibinə başlanmasına çağırış edilir.

XS
SM
MD
LG