Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:58

'Hadisə' – qəzəblə və içdən çəkilən film


"L'Événement" (Hadisə) filmindən kadr
"L'Événement" (Hadisə) filmindən kadr

Fransız rejissor Odri Divanın "L'Événement" (Hadisə) filmi Fransanın bir əyalətində yaşayan və yekun imtahanları ərəfəsində hamilə olduğunu öyrənən Anna adlı sonuncu sinif şagirdi (Anamariya Vartolomey) haqqındadır.

Anna həyatını kəşf etməyə çalışır. İmtahan onun universitetə gedə bilib-bilməyəcəyini müəyyən etməlidir. İmtahan uğurlu olarsa, o, əyalət məktəbini və valideynlərinin işlətdiyi məhəllə barını geridə qoyub həyatına davam edəcək. Yəni, məsələ seksdə deyil. Anna çarəsiz vəziyyətdə olsa da, yekunda istədiyi kimi hərəkət etməkdə sərbəstdir. Əsl hadisə isə onun bədəninin içində baş verir.

Abortun adını çəkmək olmaz

1963-cü ildir. Abort qanunsuzdur. Abort etdikdən sonra xəstəxanaya gələn hər kəs istintaqa cəlb edilə və sağ qalsa, həbsxanaya salına bilər. Ona kömək edən hər bir şəxs də həbs edilə bilər. Bura həkimlər də daxildir.

Bu günlərdə Venesiya Film Festivalının "Qızıl Şir" mükafatına layiq görülən "L'Événement" filminin əsas maraqlı tərəfi mənzərəni kərpic-kərpic yaratmasıdır. Bunun sayəsində tamaşaçı 1963-cü ildə hamiləliyin bir gənc qadının həyatı üçün nə demək olduğunu anlaya bilir. Gizlincə qusmağa çalışmaq, böyüməkdə olan qarnını gizlətməyə çalışaraq ictimai hamamda duş qəbul etmək, digər qızların nahar qutularından yemək oğurlamaq və daim danışa biləcəyi, həm də onu "fahişə" adlandırmayacaq birini axtarmaq...

Filmdə Anna haqqında danışan, onun halını başa düşən bir həkim deyir ki, abortun çətin olması bir yana qalsın, onun adını belə çəkmək olmaz. Seksin adını dilə gətirmək olmaz. Etmisənsə, boynuna almırsan. Xoşuna gəlibsə, etiraf etmirsən. Tələbə yataqxanasının yanında ən son mahnıların çalındığı və tələbələrin rəqs etdiyi bir bar var. "Bura gələn hər kəs eyni şeyi istəyir. Ancaq demir", – Anna deyir.

Cəsarətli film

"Deadline" jurnalının rəyində deyilir ki, "L'Événement" cəsarətli bir filmdir. "O, təmiz və dəqiq, heç nəyi gizlətmədən və heç nəyin çox dərininə getmədən çəkilib. Anna ara abortçusunun yanına gələndə tamaşaçı hər şeyi yuxarıdan görür. Başqa sözlə, ümumiyyətlə heç bir şey görmür. Ancaq tamaşaçı nə baş verdiyini bilir və anlayır. Vartolomey Anna rolunda qüsursuzdur. Onu heç vaxt gülmək tutmur və o, bircə damcı da göz yaşı axıtmır. Çünki qətiyyətini əldən verə bilməz. O bu problemi həll edəcək. Hətta bu yolda ölməli olsa belə", – rəydə deyilir.

"Mən bu filmi qəzəblə, həvəslə, içdən, ürəkdən və beyindən çəkmişəm". Filmin rejissoru Divan mükafatı qəbul edərkən belə deyib.

"L'Événement" bu il nüfuzlu festivalın əsas mükafatını qazanan ikinci fransız filmidir. İyulda Jüliya Dükurnonun serial qatil haqqında "Titane" filmi Kann festivalının "Qızıl Palma" mükafatına layiq görülmüşdü.

Qadın rejissorların uğuru

Builki Venesiya kinofestivalı qadın rejissorlar üçün uğurlu olub. "Ən yaxşı kinorejissor" nominasiyasında emosional baxımdan qəliz sayılan "The Power of the Dog" filmi ilə yeni zelandiyalı rejissor Ceyn Kempion qalib olub. Filmdə baş rolu britaniyalı aktyor Benedikt Kamberbetç ifa edir.

"Ən yaxşı ssenari" üçün mükafat "The Lost Daughter" filmi üçün amerikalı Meqqi Cillenhola təqdim edilib. Karyera ilə analığın balanslaşdırılmasının çətinliklərindən bəhs edən filmdə baş qəhrəmanı "Oskar" mükafatlı britaniyalı aktrisa Oliviya Kolman canlandırır.

Festivalın ikinci böyük mükafatı olan "Gümüş Şir" mükafatı isə sevilən italiyalı rejissor Paolo Sorrentinoya təqdim edilib. Onun heyrətamiz dərəcədə şəxsi "The Hand of God" filmi onun İtaliyanın cənubundakı Neapol şəhərində keçən gəncliyi haqdadır. Film yeni gənc ulduz Filippo Skottiyə də mükafat qazandırıb.

Festival müsabiqədən kənar göstərilən "The Last Duel" filmi ilə başa çatıb. Baş rollarını Mett DeymonBen Afflekin oynadığı bu filmdə hadisələr orta əsrlərdə cərəyan edir. Film qadınların üzləşdiyi tarixi ədalətsizlik və Fransada baş verən sonuncu qanuni duel haqdadır.

XS
SM
MD
LG