Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:48

Keçmiş nazir müavininin cəzası azaldıldı


Rafiq Bayramov
Rafiq Bayramov

Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramova verilmiş 8 illik həbs cəzası azaldılıb. Oktyabrın 11-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

Qərara əsasən, Bayramova münasibətdə CM-in 62-ci (minimum cəzadan daha aşağı həddə cəza təyin olunması) maddəsi tətbiq olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu ilin avqustunda ona təyin etdiyi 8 illik həbs cəzasının müddəti 4 il 6 aya endirilib.

Bayramov külli miqdarda rüşvət almaqda suçlanır. Lakin o, özünü təqsirli bilmir.

"Ömrüm boyu əliyevçi olmuşam"

"Nazir müavini olsam da, həmin işlərin mənim razılığımla görülməsi mümkün deyildi. 12 ay istintaq bu ittihamla getdi, amma sübuta yetirilmədi. Sonra rüşvət maddəsi ilə ittiham verildi. Mən ömürboyu rüşvət almamışam. Bu, heç cür mümkün deyil. Bir nəfər də burada demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam", - sabiq nazir müavininin sözləridir.

O, birinci instansiya məhkəməsindəki son sözündə etiraf etmişdi ki, müəyyən səhvlərə yol verib, məsuliyyətsizlik edib: "Bunlara görə də cənab prezidentdən, məhkəmədən üzr istəyirəm. Mən ömrüm boyu əliyevçi olmuşam, dövlətimə xidmət etmişəm. Səhvlərim olub və bu da mənim təcrübəsizliyimdən, gəncliyimdən olub. Amma heç bir zaman korrupsiyaya bulaşmamışam. O insana cəza verilir ki, əməlindən islah olunsun. Mən rüşvət almamışam, nədən islah olunacam?".

Cinayət işinin materiallarında iddia olunur ki, Bayramov nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət alıb. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvətdən söhbət gedir.

Xatırlatma

Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Bayramovun həbsindən sonra prezident onun nazir müavini vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb və Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Tarixi-mədəniyyət binalarının təmir və bərpası zamanı 6 milyona yaxın yeyintidə suçlanan Sultanovun işi üzrə araşdırmalar isə birinci instansiya məhkəməsində davam edir.

XS
SM
MD
LG