Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:43

Lavrov deyir ki, Ukrayna Rusiyanı müharibəyə çəkmək istəyir


Sergey Lavrov
Sergey Lavrov

Sergey Lavrovun bu ittihamı Donbasda hökumət qoşunları ilə rusiyayönlü separatçılar arasında gərginliyin artdığı bir vaxtda səslənib

Rusiyanın xarici işlər naziri noyabrın 1-də Ukrayna liderlərini Moskvanı Ukraynanın şərqindəki münaqişəyə çəkmək cəhdində ittiham edib.

Reuters yazır ki, Sergey Lavrovun bu ittihamı Donbasda hökumət qoşunları ilə rusiyayönlü separatçılar arasında gərginliyin artdığı bir vaxtda səslənib:

"Biz Rusiyanı hər hansı bir döyüşə cəlb etmək məqsədilə törədilən təxribatların, silahlıları reaksiya verməyə məcbur etmək cəhdlərini müşahidə edirik”.

Dövlət televiziyasına müsahibəsində Lavrov “silahlılar” deyəndə moskvayönlü separatçıları nəzərdə tutub.

Moskva ilə Kiyev arasında münasibətlər keçən həftə Ukrayna silahlı qüvvələri separatçıların mövqelərinə Türkiyə istehsalı Bayraktar TB2 dronu ilə zərbə endirdikdən sonra gərginləşib.

Ukrayna kəşfiyyatı təkzib edir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, noyabrın 1-ə olan vəziyyətə görə Ukraynanın dövlət sərhədləri yaxınlığına Rusiyanın əlavə hərbi qüvvələrinin gətirilməsi qeydə alınmayıb.

Beləliklə, Ukrayna silahlı qüvvələrinin komandanlığı The Washington Post qəzetində dərc olunmuş məqaləyə münasibət bildirib.

Bundan əvvəl qəzet yazmışdı ki, Birləşmiş Ştatların və Avropa İttifaqı ölkələrinin rəsmiləri Rusiyanın Ukrayna ilə sərhəddə yenidən qoşun cəmləşdirməsi haqqında xəbərlərlə bağlı narahatlıq ifadə ediblər.

The Washington Post qəzeti yazırdı ki, ABŞ və Aİ hələki heç bir rəsmi bəyanat verməyib, lakin rəsmilər Ukrayna sərhədində yaranmış vəziyyəti ötən aprel ayındakı situasya ilə müqayisə edirlər.

O vaxt ABŞ və Qərb Rusiyanın Ukrayna ilə sərhəddə və ilhaq olunmuş Krımda canlı qüvvə və hərbi texnika toplamasından narahat olmuşdu.

The Washington Post əlavə edir ki, son günlərdə Donbasda vəziyyət xeyli gərginləşib və atışmalar nəticəsində ölənlər və yaralananlar var.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, sosial media platformalarında Rusiya hərbi texnikasının yerdəyişməsini göstərən videolar yayılıb.

Ukrayna hökuməti bildirir ki, onun məlumatına görə sentyabrda keçirilmiş Zapad-2021 hərbi manevrlərindən sonra Rusiya qoşun hissələrinin bir çoxu daimi dislokasiya yerlərinə qaytarılmayıb və hazırda Ukrayna sərhədi boyunca 90 min Rusiya hərbçisi var.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanı dezinformasiya yaymaqda ittiham edib. Nazir bildirib ki, belə dezinformasiyalardan biri də Kiyevin guya Donbasda hərbi gücdən istifadə etməyi planlaşdırmaması barədədir.

Bundan əvvəl Rusiya bildirmişdi ki, Donbasdakı separatçıların üzərinə hər hansı hərbi hücum Ukrayna dövlətinin varlığını sual altında qoya bilər.

Bununla belə Moskva Donbasdakı separatçılara dəstək verdiyini cidd-cəhdlə danır və Ukraynaya müdaxilə niyyətində olmadığını bildirir.

Ukraynanın şərqində gedən münaqişə artıq yeddi ildir ki, davam edir.

XS
SM
MD
LG