Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:43

İşçilər hara gedir – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

“Böyük İstefa” bir çox iqtisadçıları təəccübləndirib. Onlar deyirlər ki, qabaqlar hətta işindən məmnun olmayanlar belə status kvonu dəyişməyə həvəsli deyildilər

“The Financial Times” qəzeti Covid-19 pandemiyasının əmək bazarını, milyonlarla insanın işlə bağlı düşüncələrini necə dəyişdiyini təhlil edir.

Qəzet son iki ildə milyonlarla insanın əmək bazarını tərk etdiyini yazır. Bəziləri koronavirusa yoluxmamaq, digərləri xəstəlikdən özünə gəlmək, bir qismi məktəblərin bağlanmasını yola vermək üçün işdən gedir, digərləri isə sadəcə təqaüdə çıxır. Bu isə hələ pandemiyadan öncə başlamış demoqrafik təzyiqləri artırıb.

Sərt şərtlər

Bir çox şirkətlər işçi qıtlığından dolayı biznesi dayandırıb. Qəzet yazır ki, şirkətlər bu problemlərin müvəqqəti olacağını, iqtisadiyyatlar açıldıqca səngiyəcəyini düşünürdülər. İndi isə məsələnin kökünün dərinə getdiyi üzə çıxır.

“Jefferies” şirkətinin baş iqtisadçısı Aneta Markovskanın fikrincə, “əmək təchizatında struktur azalması üstəgəl əməyə görünməmiş tələbat əmək bazarında onillər boyunca sərt şərtlər formalaşdıracaq”.

İndi tələb artdıqca pandemiya dövründə işəyənlərin çoxu işdən getmək, başqa yerdə daha yüksək maaş və şərtlə iş tapmaq fikrinə düşür. Şimali Amerikada “Indeed” iş saytında tədqiqat direktoru Nik Bunker isə deyir ki, Böyük İstefa daha çox azmaaşlı sektorlarda çalışanların çalxalanmasıdır. Halbuki vaxtilə işəgötürənlər işsizlər arasından asanlıqla işçi cəlb edə bilirdilər.

Pensiya islahatları

Qəzet indi əsas sualın həmin işçilərin əmək bazarına qayıdıb-qayıtmayacağı olduğunu qeyd edir. Yoxsa işəgötürənlər, istehlakçılar və siyasətçilər işçi qüvvəsinin azalmasına adaptasiya etməli olacaqlar?

ABŞ-da pandemiya başlanandan 4 milyondan çox işçinin işdən getdiyi bildirilir. Oxşar təzyiq Böyük Britaniyada da sezilir. Hazırda əmək bazarında bir milyon daha az işçi var.

Avrozonada isə məşğulluq pandemiyadan öncəki səviyyəyə qayıdıb. Avropa Birliyində pandemiya dövründə erkən təqaüd dalğası müşahidə olunmayıb, çünki bir çox ölkələrdə bu onsuz da normal sayılırdı. Artıq İtaliyada Baş nazir Mario Dragi pensiya islahatları təşviq edir.

Birləşmiş Ştatlarda təkcə sentyabrda 4.4 milyon amerikalı işdən gedib. Bundan öncəki rekord avqustda qeydə alınmışdı.

Birləşmiş Ştatlar

“FT” yazır ki, ABŞ-da işçiyə çox böyük tələbat yaranıb, çünki bizneslər koronavirus pandemiyasından sonrakı iqtisadi açılımdan yararlanmağa cəhd edirlər. Bəzi işçilər öz bosslarından daha yüksək maaş və imtiyaz tələb edir, çoxları isə daha yaxşı iş əldə etmək üçün işdən gedir.

İş yerləri də paralel artır. İqtisadçıların fikrincə, bir çoxları indiki işindən çıxmamış yeni işi artıq onu gözləyirdi. Çünki 2020-ci ildəki düşüşdən bəri əmək qüvvəsi səviyyəsi əsasən dəyişməz qalıb.

Ancaq “Böyük İstefa” bir çox iqtisadçıları təəccübləndirib. Onlar deyirlər ki, qabaqlar hətta işindən məmnun olmayanlar belə status kvonu dəyişməyə həvəsli deyildilər.

Covid-19 böhranı isə iqtisadi və sosial normaları dəyişdi, işçilər iş həyatlarından gözləntilərinə yenidən baxdılar.

Nyu Yorkda işləyən vəkil Danit Sibovits deyib ki, iyunda sığorta şirkətini iş yeri imtiyazlarının azlığına görə tərk edib. Şirkət ötən ilki lokdaunlar vaxtı evdən işləyənləri vacib avadanlıqla, hətta laptopla belə təmin etmirmiş.

XS
SM
MD
LG