Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:36

Lirənin ucuzlaşması Türkiyə üçün nə deməkdir – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

“Barclays” indi şirkətlərin daha yaxşı vəziyyətdə olduğunu, xarici borclarını 74 milyard dollar azaltdıqlarını qeyd edir

Türkiyə lirəsinin son günlər rekord həddə dəyər itirməsi Qərbin media orqanlarının aparıcı mövzularındandır.

"Reuters" bir gün öncəki 15 faizlik düşüşdən sonra bu gün – noyabrın 24-də lirənin dollara qarşı yenidən rekord həddə yuvarlandığını yazır.

Dollara qarşı 13.1500 səviyyəsinə düşən lirə sonradan 13.05 həddində qərarlaşıb. Bir gün öncə isə bir dollar 13.45 lirəyə bərabərləşmişdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın Mərkəzi Bankın faiz dərəcələrini azaltmaq siyasətini müdafiə etməsinə baxmayaraq, ölkənin aparıcı iqtisadçıları milli valyutanı möhkəmləndirmək üçün təcili tədbirlər görməyə çağırırlar.

Təcili tədbirlər görülməsə...

"Bugünkü valyuta məzənnəsi ilə inflyasiya bir neçə aya 30 faizi keçə bilər. Bugünkü faiz dərəcəsi isə 15 faizdir", – Mərkəzi Bankın keçmiş baş iqtisadçısı Hakan Kara Twitter-də yazıb.

"Təcili tədbirlər görülməsə, maliyyə sistemi bunun öhdəsindən gələ bilməz", – o, sözlərinə əlavə edib.

Bir çox iqtisadçılar lirənin dəyər itirməsinə səbəb olan amili – uçot dərəcələrinin azaldılmasını məntiqsiz sayır, müxalif siyasətçilər isə dərhal seçki tələb edir. Sentyabrdan uçot dərəcələri 400 bənd azaldılıb, 19 faizdən 15 faizə salınıb.

Beynəlxalq Valyuta Fondu bu il Türkiyə iqtisadiyyatı üçün 9 faiz artım proqnozlaşdırır və bu da dünyada ən yüksək göstəricilərdəndir. "The Financial Times" qəzeti isə təhlilçilərə istinadla yazır ki, valyuta məzənnəsindəki bu təlatümlər gələcək artıma təsir göstərə bilər.

Lirə ucuzlaşdıqca Ərdoğanın hakim partiyasının da nüfuzu düşür
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Dollarlaşma, inflyasiya, xarici maliyyə

Təhlilçilər əsas dörd məqama diqqət çəkirlər. Birinci məqam əmanətlərin dollarlaşmasının artmasıdır. Hazırda ölkənin bank sektorundakı əmanətlərin 55 faizini xarici valyuta təşkil edir - təxminən 260 milyard dollar. 2018-ci ildə bu göstərici 49 faiz idi.

İkinci məsələ qiymətlərin nə qədər yüksələcəyi ilə bağlıdır. Oktyabrda illik inflyasiya 20 faizə yaxın olub. Ərzaq qiymətlərindəki inflyasiya 27 faizdən yüksək idi. Türkiyənin idxal məhsullarından asılılığı isə o deməkdir ki, valyutanın iflası qiymətləri daha da qaldıracaq. "Capital Economics" konsaltinq şirkətindən Ceyson Tövey deyir ki, inflyasiya bir-iki aya 25-30 faizə yüksələ bilər.

Bəs görəsən, bankların xarici maliyyəyə çıxışı qalacaqmı? Türkiyə bankları ölkəiçi kreditləri maliyyələşdirməkdən ötrü xarici borclanmadan asılıdırlar. Əvvəlki valyuta stressi zamanı xarici maliyyənin dəyişməz qalmasına baxmayaraq, xarici kreditorlar arasında əhvalın dəyişməsi maliyyə sisteminə təzyiq yarada bilər, - qəzet yazır.

Ankara borclarını ödəyə biləcəkmi?

2018-ci ilin maliyyə böhranı vaxtı lirə bir günə 18.5 faiz dəyər itirəndə ən böyük narahatlıqlardan biri ölkənin dollar və avro kreditlərini ödəmək qabiliyyəti ilə bağlıydı.

"Barclays" indi şirkətlərin daha yaxşı vəziyyətdə olduğunu, xarici borclarını 74 milyard dollar azaltdıqlarını qeyd edir.

Mərkəzi hökumətin xarici valyutada borcu ötən ay 60 faizə çatıb. 2017-ci ildə isə 39 faiz idi. Bu da o deməkdir ki, valyuta düşdükcə Xəzinədarlığın öz borc yükünü idarə etməsi daha baha başa gəlir.

Lirə ucuzlaşdığına görə Türkiyədə dərman qıtlığı yaranıb
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Digər bazarlara təsiri

ABŞ-da faiz dərəcələrinin yüksək olduğunu nəzərə alanda Türkiyə maliyyə böhranıyla üzləşən yeganə ölkə olmaya bilər. Bunu inkişaf etməkdə olan bazarlar üzrə tanınmış investor Mark Mobius CNBC-yə deyib.

"ABŞ-da faiz dərəcələri daha yüksəkdir, dollarla borcu olan digər ölkələrə də zərbə dəyə bilər", – o deyib.

"Mobius Capital Partners" sərmayə şirkətinin təsisçi tərəfdaşı olan Mobius hansı ölkələrin valyuta böhranıyla üzləşə biləcəyini açıqlamayıb. Ancaq o, 1997-ci il Asiya maliyyə böhranından fərqli olaraq indi inkişaf etməkdə olan bazarların borclarının daha çox yerli valyutada olduğunu yaxşı hal hesab edir.

"Nomura" investisiya bankının ötən həftə açıqladığı təhlilə görə, məzənnə böhranı gözlənən dörd ölkə Misir, Rumıniya, Türkiyə və Şri-Lankadır.

Təhlildə xarici borcun ümumi daxili məhsulda çəkisi, xarici valyuta ehtiyatlarının idxala nisbəti və fond birjaları indeksi kimi indikatorlar nəzərə alınmışdı.

XS
SM
MD
LG