Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:39

Demokratiya Sammiti kimləri narazı salıb – Qərb mediası


İstanbulda qadınlara qarşı zorakılığa etiraz aksiyası, 25 noyabr, 2021-ci il
İstanbulda qadınlara qarşı zorakılığa etiraz aksiyası, 25 noyabr, 2021-ci il

Ağ evin mətbuat katibi Jen Psaki dekabrın 6-da deyib ki, samitə dəvət heç də həmin ölkələrin demokratiyaya yanaşmasını bəyənmək, yaxud bəyənməmək demək deyil

Dekabrın 9-10-da ABŞ Prezidenti Co Bayden virtual Demokratiya Sammiti keçirəcək. Sammitə dəvət olunan ölkələrin bəzilərində insan haqları və demokratiyanın ürəkaçan durumda olmaması Qərb mediasında da tənqid edilir.

“The Washington Post” qəzetində Eşli Parker və Con Hudzon yazırlar ki, Dövlət Departamentinin sərt xəbərdarlıq etdiyi, onlarla ciddi insan haqları probleminin mövcud olduğu Pakistan 110 ölkə sırasında yer alıb. İnsan haqları pozuntularına gəlincə, “məhkəməsiz qətllər”dən tutmuş, “hökumət və agentləri tərəfindən məcburi yoxaçıxmaya məruz qalma”, siyasi məhbuslar, din azadlığına kəskin məhdudiyyətlər, insan alverini göstərmək olar.

Məqalədə deyilir ki, tədbirə dəvətlilər içində demokratik reytinqi müsbət olanlar var, çağrılmayanların bəziləri aşkar avtoritardır, amma bir çoxlarının niyə dəvət alması, yaxud almaması qaranlıqdır.

Ağ evin mətbuat katibi Jen Psaki dekabrın 6-da deyib ki, samitə dəvət heç də həmin ölkələrin demokratiyaya yanaşmasını bəyənmək, yaxud bəyənməmək demək deyil .

Macarıstanın mövqeyi

Ancaq qəzet yazır ki, bəzi ölkələr, məsələn, Macarıstan liderləri keçmiş prezident Donald Trampla yaxın olduqları üçün cəzalandırıldıqlarını düşünürlər.

Macarıstan AB-nin tədbirdən kənar qalan yeganə üzvüdür. Ötən həftə bu ölkə Ursula von der Leyenin blok adından sammitdə çıxışını önləməyə çalışıb. Macarıstanın Vaşinqtondakı səfirliyi Bayden administrasiyasının qərarını “sayğısız” adlandırıb.

Bayden administrasiyasının rəsmisi isə Macarıstanın Trampla münasibətlərinə görə cəzalandırması iddialarını rədd edib.

Məqalədə Trampın Braziliya, Filippin liderləri haqda da müsbət danışdığı, amma bu ölkələrin sammitə dəvət olunduğu qeyd edilir. Misir, Türkiyə isə dəvət almayıblar.

“Məncə, administrasiya qalibləri, məğlubları ayırmır. Avtoritarizm təhdidi ilə mübarizədə həmfikir tərəfdaşları səfərbər etməyə çalışır. Ola da bilsin, daha yaxşı olmağa o qədər cəhd göstərməyənləri bir araya gətirir”, – Freedom House insan haqları təşkilatının prezidenti Maykl Abramovitz deyib.

ABŞ-ın Myanmada keçmiş səfiri Derek Miçel də bu fikirlə razıdır. “Məncə, bu, eksklüziv demokratiya klubu yaratmaq təşəbbüsü deyil, demokratiya məsələsini vurğulamaqdır. Amma geosiyasətdən də yaxa qurtara bilmirsən”, – o deyib.

Korrupsiya ilə mübarizə

Demokratiyanı dəstəkləmək naminə ABŞ korrupsiya ilə mübarizə aparmalıdır. Bunu isə “The Washington Post” qəzetində ABŞ-ın maliyyə naziri Canet Yellen və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pauer yazırlar.

Məqalədə deyilir ki, Rusiya, Venesuela və Çin daxil bir sıra ölkələrdə zənginlər və yaxşı əlaqələri olanlar aktivlərini kompleks proksi şirkətlər şəbəkələri, yaxud incəsənət, daşınmaz əmlak, bəzən də kriptovalyutalar daxil tranzaksiyalarla yuyurlar.

Müəlliflərin fikrincə, bu həftə gözlənən Demokratya Sammiti dünyada demokratiyalara yeni strategiya gərəkdiyinin tanınması deməkdir. Belə ki, son 15 ildə dünyada avtoritar rejimlərdə yaşayanların sayı artıb, bir sıra demokratik ölkələrin liderləri fundamental hüquqları tapdalamağa başlayıb.

“Korrupsiya bunu mümkünə çevirir. Avtokratlar sərvət hesabına hakimiyyətdə qalırlar, demokratik ölkələrdə isə korrupsiya azad cəmiyyətləri içəridən çürüdür”, – məqalədə deyilir.

Model olmaq üçün...

Müəlliflər Birləşmiş Ştatların bütün dünyaya model olmasının zəruriliyini qeyd edirlər. Amma onların mövqeyincə, ölkə daxilində bəzi qurumlar laxlayırsa, azad hökuməti dəstəkləmək çətinləşir.

Ötən il ABŞ-da çox qazananlardan və böyük korporasiyalardan 600 milyard dolların tutulduğu bildirilir. Bu şəxslər “bizim pozuq vergi sistemimizdən faydalanır və vergidən yayınırlar”

Müəlliflər ABŞ-ın kleptokratlarla mübarizə aparanlara dəstəyi dərinləşdirəcəyini yazırlar. Məsələn, Dominikan Respublikası, Moldova və Zambiya kimi ölkələrdə antikorrupsiya platformaları ilə seçkini udanlara dəstək veriləcək.

Birləşmiş Ştatlar həyatları hesabına korrupsiyanı ifşa edən media təşkilatlarını, digər qurumları, eləcə də beynəlxalq jurnalistləri məhkəmə iddialarından qoruyacağını bildirir.

USAID qlobal Defamasiyadan Müdafiə Fondu yaradaraq jurnalistlərin defamasiya iddialarına qarşı xərclərini qarşılayacaq, ilk növbədə bu iddiaları önləməyə çalışacaq.

Bu həftə ABŞ Xəzinədarlığının dünyada insan haqları pozucularına qarşı sanksiyalar açıqlayacğı gözlənir.

XS
SM
MD
LG