Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:59

Stoltenberq: Ukrayna barədə qərarı Ukrayna və NATO qəbul edə bilər


NATO-nun baş katibi Yens Stoltenberq (sağda) və Ukrayna prezidenti Volodimir Zelenski
NATO-nun baş katibi Yens Stoltenberq (sağda) və Ukrayna prezidenti Volodimir Zelenski

NATO-nun baş katibi Rusiya prezidenti Vladimir Putinin Moskvaya “təhlükəsizlik qarantiyası” verilməsi tələbini faktiki olaraq rədd edib

NATO-nun baş katibi Yens Stoltenberq dekabrın 16-da verdiyi bəyanatla Rusiya prezidenti Vladimir Putinin Moskvaya “təhlükəsizlik qarantiyası” verilməsi tələbini faktiki olaraq rədd edib.

Putin son günlər verdiyi bəyanatlarda ABŞ və NATO-dan Şimal alyansının Ukraynaya hərbi yardım göstərməyəcəyinə dair rəsmi qarantiya verilməsini tələb edirdi.

Ukrayna prezidenti Volodimir Zelenski ilə Brüsseldə apardığı danışıqlardan sonra Stoltenberq deyib ki, Ukraynanın NATO-ya mümkün qəbulu məsələsində qərarı yalnız Ukrayna və alyansa üzv 30 ölkə verəcək.

Baş katib bəyan edib ki, NATO Ukraynanın müstəqil qərar qəbul etməsi məsələsində heç vaxt kompromisə getməyəcək.

O əlavə edib ki, NATO ilə Ukrayna arasında əməkdaşlıq müdafiə xarakteri daşıyır və Rusiyaya qarşı yönəlməyib.

NATO-dan Rusiyaya sərt bəyanat

Stoltenberq əksinə, Rusiyanı artıq illərdir davam edən təcavüzkar davranışda ittiham edib.

Baş katib bunu da deyib ki, NATO-da Rusiyanın Ukrayna sərhədində cəmləşdirdiyi qüvvələri azaltdığını hiss etmirlər.

Stoltenberq bildirib ki, Rusiyanın təxribatçı və sabitsizləşdirici hərəkətləri Avropada təhlükəsizliyə hədə yaradır.

Alyansın rəhbəri Moskvanı bir daha Rusiya-NATO şurası çərçivəsində dialoqa qayıtmağa dəvət edib.

Müharibə olsa, Ukraynanın özü...

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı döyüş əməliyyatlarının başladığı təqdirdə yüzminlərlə, bəlkə də milyonlarla qurbanlar ola bilər.

O etiraf edib ki, NATO Ukraynaya hərbi dəstək vermək öhdəliyinə malik deyil, amma müharibə olarsa, Ukraynanın özü NATO üzvü olmadan belə onun “forpostuna” çevrilə bilər.

Rusiya prezidenti Vladimir Putin Qərb və Rusiya arasında Moskvaya “hüquqi baxımdan təsbitlənmiş qarantiyaların” verilməsi üçün “təxirə salınmadan” və “dərhal” beynəlxalq danışıqlara başlanmasına ehtiyac olduğunu bəyan etmişdi.

Açıq mətnlə

Putin hesab edir ki, NATO bu qarantiyalara görə şərq istiqamətində genişlənməməli və Ukraynada Rusiyaya hədə təşkil edən silahlar yerləşdirməməlidir.

Son bir neçə gündə o, Qərb liderləri ilə telefon söhbətlərində bu tələbi səsləndirir.

ABŞ və onun müttəfiqləri isə Moskvanı gərginliyi azaltmağa çağırırlar.

Onlar bildirirlər ki, Rusiya Ukraynaya hərbi təcavüz edərsə, bunun Moskva üçün ağır nəticələri olacaq.

NATO müttəfiqləri indiyədək Rusiyanın qarantiya tələblərini rədd etdiklərini açıq mətnlə bildirməyiblər, lakin NATO-nun baş katibi və Qərbin başqa nümayəndələri bəyan ediblər ki, Rusiyanın NATO-nun genişlənməsi məsələsinə müdaxilə etmək hüququ yoxdur.

XS
SM
MD
LG