Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:13

Ekspert: Omikron sürətlə yayılır, sürətlə də azalacaq


İngiltərə səhiyyəsinin rəhbəri professor Kris Uitti
İngiltərə səhiyyəsinin rəhbəri professor Kris Uitti

Professor Kris Uitti deyib ki, bu ştammın ilk tapıldığı Cənubi Afrikada yoluxmalar artıq səngiyib

Britaniyada İngiltərə səhiyyəsinin rəhbəri bildirib ki, onun fikrincə, pandemiya daha 18 ay davam edəcək, amma hər altı ay əvvəlki 6 aydan daha yüngül keçəcək.

Onun təxminlərinə görə bu, əhalinin geniş təbəqələrinin peyvəndənməsi şəraitində belə ola bilər.

Professor Kris Uitti deyib ki, pandemiyanın ən ağır yükü, gələcək ştamların önlənməsi vəzifəsi tamamilə COVID vaksinlərinin üzərinə düşəcək.

Sky news telekanalının məlumatına görə professor Britaniya Parlamentinin səhiyyə və sosial qayğı komitəsində deyib ki, virus həmişəlik problem olaraq qalacaq:

"Düşünürəm ki, risklər tədricən azalacaq. Amma bu, dərhal yox tədricən baş verəcək. Zənnimcə hər 6 ay əvvəlkindən daha yüngül olacaq. Bunun hansı zaman müddətində baş verəcəyini deməkdə çətinlik çəkirəm. Elmdə proqnoz vermək qorxuludur”.

Omikronun yoluxma R əmsalı 3-5-dir

Alınan son məlumatlar göstərir ki, Omikron ştammının R yoluxma əmsalı 3-5 arasıdır. Bu o deməkdir ki, hər bir adam 3-5 başqa adamı yoluxdura bilər.

Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi Agentliyinin baş müşaviri, professor Süzan Hopkins parlament komitəsinə deyib ki, Omikron ştammının yoluxma rəqəmləri hər iki gündən bir iki dəfə artır.

Yoluxma əmsalı 3-5-dir, halbuki Delta ştammı üçün bu rəqəm 1.1-1.2-dir.

Doktor Hopkins bunu da deyib ki, Omikron haqqında etibarlı məlumat Miladla Yeni il arasındakı həftədən tez bilinməyəcək.

Onun sözlərinə görə, hazırda Omikrona yoluxma ilə xəstəxanalarda 15 pasient var. Az-çox etibarlı məlumat üçün bu rəqəmin 250-yə çatmasını gözləmək lazımdır.

Professor Uitti aydınlıq gətirib ki, 15 rəqəmi məlum olanıdır, əsl göstərici daha yüksək olmalıdır.

Omikron pik nöqtəsinə tez qalxıb tez də enəcək

Professor Uitti deyib ki, Omikron daha sürətlə yoluxduğundan yoluxma sayı da çox olacaq, amma bu həm də yoluxmaların pikdən sonra sürətlə azalacağı deməkdir.

Professor deyib ki, bu ştammın ilk tapıldığı Cənubi Afrikada yoluxmalar artıq səngiyib.

O qeyd edib ki, virusun zəifləməsi kifayət qədər sürətlə baş verəcək.

Buna baxmayaraq, səhiyyə ekspertləri bildirirlər ki, xəstəxanaya düşənlərin sayı yanvar ayında fəlakətli şəkildə arta bilər.

Problem bundan ibarətdir ki, Omikronun simptomları zəif olsa da, o daha çox insana yoluxur və deməli daha çox insanın xəstəxanaya düşməsinə yol açır.

Parlament komitəsinin rəhbəri Ceremi Hant xatırladıb ki, Britaniyada xəstəxanaya düşənlərin rekord sayı 4583 olub, amma Omikron bu rekordu təzələyə bilər.

Onun sözlərinə görə rəqəmin daha az olması da mümkündür.

XS
SM
MD
LG