Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:37

Qərb mediası Ərdoğana dəstəyin azaldığını yazır


R.T.Ərdoğan
R.T.Ərdoğan

Təhlilçilər maliyyə şıltaqlıqlarının Ərdoğana vəzifəsi hesabına başa gələ biləcəyini sual edirlər

Dekabrın 16-da Türkiyədə mərkəzi bank uçot dərəcəsini 14 faizə endirəndən sonra bir dollar 15 lirəni keçib. Artan inflyasiyanı qarşılamaq məqsədilə gələn ildən minimum əməkhaqqı 50% artırılaraq 4 min 250 lirə ($275.44) olacaq.

Uçot dərəcəsinin azaldılmasını dəstəkləyən Prezident Rəcəb Tayyib Ərdoğan bu addımın “işçilərimizi qiymət artımından qorumaq qətiyyəti”ni göstərdiyini deyib. Onun sözlərinə görə, işəgötürənlərin yükünü azaltmaq üçün minimum əməkhaqqından vergi tutulmayacaq.

Azgəlirlilərin dəstəyi

“Bloomberg” qiymətlər artdıqca hakim AKP-nin əhalinin azgəlirli təbəqəsi arasında dayağının azaldığını yazır.

Agentliyin əməkdaşı bu ay Türkiyənin Qara dəniz sahilini gəzərək çoxlarının hakimiyyətə inamının azaldığını müşahidə edib. Müxalifət partiyaları böyük şəhərlərə nəzarət edirlər.

Metropoll şirkətinin noyabrda keçirdiyi sorğuya görə AKP-nin reytinqi tərəddüd edən seçiciləri çıxmaqla cəmi 26%-dir. Bu, partiyanın 20 illik tarixində ən aşağı göstəricidir. Prezidentin işini isə respondentlərin 39%-i dəstəkləyib.

Təhlilçilər maliyyə şıltaqlıqlarının Ərdoğana vəzifəsi hesabına başa gələ biləcəyini sual edirlər. Halbuki hakimiyyətini illərlə möhkəmləndirməsi, represiv taktikası bunu bacarmayıb.

Ərdoğan bacaracaqmı

“O, doğru düşündüyünə inanır, dünyanın qalan hissəsi isə bunun əksini deyir. Bu siyasət alınmasa, populyarlığını itirməkdə davam edəcək. Prezidentliyə digər iddialılar sorğularda önə çıxırlar”, – Karnegi Avropa fondundan Türkiyə üzrə ekspert Sinan Ulgen “The Washington Post” qəzetinə deyib.

Müəllif Entoni Faiola Ərdoğanın özünə qarşı ədavəti zəfərə çevirməyi dəfələrlə bacardığını yazır. Amma iqtisadi böhranlar siyasətçilərin əleyhinə işləyə bilər. Məsələn, Argentinada 2001-ci ilin sonunda valyutanın iflası və borc böhranı iki həftə ərzində beş prezidentin dəyişməsinə səbəb oldu. Yaxud Ərəb baharı inqilablarının bir səbəbi kimi qiymətlərin artması göstərilirdi.

Ərdoğan uçot dərəcəsinin azaldılmasını islam qaydaları ilə izah edir. O, Çində aşağı faiz dərəcəsinin və daha zəif valyutanın orta sinfin çiçəklənməsinə səbəb olduğunu deyir.

Ancaq müəllif Türkiyənin o qədər vaxtı olmadığını yazır. Avtomobillər daxil ixracın böyük hissəsi idxaldan asılıdır. Lirə zəiflədikcə isə idxal bahalanır.

XS
SM
MD
LG