Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:19

Vaqif Sadıqov Eldar Həsənovun məhkəməsində dindirildi


Vaqif Sadıqov
Vaqif Sadıqov

Xarici işlər nazirinin keçmiş müavini, hazırda Azərbaycanın Belçikada səfiri olan Vaqif Sadıqov dekabrın 22-də məhkəmədə dindirilib. O, Azərbaycanın Serbiya, Monteneqro, Rumıniya, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun məhkəməsində ifadə verib.

Həsənova qarşı ittihamlardan biri səfir olduğu ölkələrdə səfirlik üçün bina alınarkən qiymətin artıq göstərilməsi və bu yolla milyonlarla büdcə vəsaitinin mənimsənilməsi ilə bağlıdır.

Sadıqov nazir müavini olduğu dövrdə həm də xaricdə səfirlik binalarının alınması üçün Nazirlər Kabinetinin qərarıyla yaradılmış komissiyaya sədrlik edib. Almaq üçün təklif olunan binalara bu komissiya baxış keçirib, rəy verib.

"Bazar qiyməti ilə 50-100 min fərq ola bilərdi"

Sadıqov ifadəsində təsdiqləyib ki, səfirlik üçün uyğun hesab olunan binalara baxır, qiymətlərlə maraqlanır, əmlak sahibləri ilə danışıqlar aparırdılar: "Altı-yeddi binaya baxıb birini seçirdik, Xarici İşlər Nazirliyinə təqdim edirdik. Nazirlik də həmin binanı Nazirlər Kabinetinə təqdim edirdi. Nazirlər Kabineti qərar verəndən sonra Maliyyə Nazirliyi pul ayırırdı".

Onun sözlərinə görə, Həsənovun səfir olduğu Serbiyada da bina eyni qaydada alınıb. Danışıqları ev sahibinin özüylə apardıqlarını deyən diplomat vurğulayıb ki, o zaman səfir olan Həsənov nə bina seçiminə, nə də qiymət məsələsinə qarışıb: "Eldar Həsənovun bizə nəyisə təqdim etməyə, təyinata ixtiyarı yox idi. O, göstəriş verə bilməzdi ki, biz kimisə işə götürək, yaxud da kimisə çıxaraq. Alınması nəzərdə tutulan binaların qiymətlərini Əmlak Məsələləri Dövlət Komitəsi araşdırırdı. Qiymətlər real olanda razılıq verilirdi. Bazar qiyməti ilə 50-100 min fərq ola bilərdi. Bina seçiləndən, pulu ödəniləndən sonra səfirliyə təqdim olunurdu".

Nazir müavini vəzifəsindən öncə Avstriyada səfir olmuş Sadıqov deyir ki, Vyanadakı səfirlik binası da eyni üsulla alınmışdı.

"Administrasiya Eldar Hüseynovu təsdiqləməsəydi..."

Sabiq səfirlə bağlı cinayət işində ən çox adı hallananlardan biri də mərhum memar Eldar Hüseynovdur. Hər dəfə onun adı səslənəndə Həsənov deyir ki, onun səfirliyə aidiyyəti yox idi, Hüseynovu Azərbaycan hökuməti humanitar layihələr üçün göndərirdi, ona diplomatik pasport da verilmişdi.

Sadıqov bu haqda sualları cavablandırarkən təsdiqləyib ki, Eldar Hüseynovu XİN təhkim etmişdi, səfirlik onun fəaliyyətinə qarışmırdı. O, Serbiyaya orada salınan "Taşmaydan" parkında mərhum prezident Heydər Əliyevin heykəlini quraşdırmaq üçün göndərilmişdi: "Bu şəxsi Prezident Administrasiyası təsdiqləyib göndərmişdi. O humanitar layihəyə də səfirlik yox, o, cavabdeh idi. "Taşmaydan" parkında Eldar Hüseynova bir emalatxana kimi yer ayrılmışdı. Əgər Administrasiya Eldar Hüseynovu təsdiqləməsəydi, Eldar Həsənov özü onu nə qədər dəvət eləsəydi belə, onu ora heç kim buraxa bilməzdi".

"Onların xərci ödənilsin və məhkəməyə gətirilsin"

Xaricdə yaşayan bəzi şahidlər məhkəməyə çağırılsa da, gəlməyib. Vəkil Cavad Cavadov bununla əlaqədar məhkəməyə etirazını bildirib. Vəkilin sözlərinə görə, beynəlxalq konvensiyaya əsasən, xaricdəki şahidlər məhkəməyə çağırılanda onların yolpulu, qalacağı günlərin xərcləri ödənilməlidir: "Məhkəmə xaricdəki şahidləri düzgün çağırmır. Sadəcə, Ədliyyə Nazirliyinə məktub göndərir, onlar da məsələyə soyuq yanaşır. Bir məktub göndərməklə işlərini bitmiş sayırlar. Beləliklə, şahidlər də gəlmir. Əminəm ki, Azərbaycan dövləti şahidlərin yol və digər xərclərini ödəsə, onlar gələr. O şahidlərin dindirilməsinə ehtiyac var. Xahiş edirik, onların xərci ödənilsin və məhkəməyə gətirilsin".

Hakim iradlarla razılaşmayıb və bildirib ki, məhkəmə şahidi müvafiq orqanın vasitəsilə çağırır. Şahidlərin xərclərini qarşılamağa gəlincə, hakim vurğulayıb ki, məhkəmənin buna pulu yoxdur: "Ədliyyə Nazirliyi bu məsələni həll eləməlidir. Onlar pul verəcəklər, ya verməyəcəklər, öz işləridir. Biz ədliyyə və xarici işlər nazirliklərinə məktublar göndərmişik".

101 nəfərdən biri əleyhinə danışıb

Təqsirləndirilən sabiq səfir Həsənov deyir ki, istintaqda dindirilən 101 nəfərdən yalnız Araz Əliyev onun əleyhinə ifadə verib. Bu da səbəbsiz deyil: "Onun səlahiyyət müddətinin bitməsinə bir il qalmış geri qaytarmışam. Mən onu həbs etdirmədim, amma geri qaytardım".

Sabiq səfir əlavə edib ki, həbs olunduğu gün iş otağında, həm Belqradda, həm də Bakıda yaşadığı evlərdə qapını sındırıb axtarış aparıblar, bank kartlarını, tabel silahını və onun özünə aid başqa sənədləri götürüblər. Amma onların heç biri iş materiallarında yoxdur.

Məhkəmə prosesi dekabrın 27-də davam edəcək.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin, sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan XİN əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat veriblər.

XS
SM
MD
LG