Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:02

'Bankdan kredit götürdüm, haqqımı verdim, bələdiyyə sədri oldum...'


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

2014-2019-cu illərdə İmişli rayonunun Yalavac, Məhəmmədli və Rəsullu kəndlərinin bələdiyyə sədri olmuş Qəhrəman Qəhrəmanov deyir ki, pul verərək bu vəzifəyə təyin edilib.

"Bankdan kredit götürdüm, icra başçısına verdim, bələdiyyə sədri oldum. Yəni haqqımı verib, bələdiyyə sədri olmuşam", – Qəhrəmanov fevralın 18-də İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin məhkəməsində belə deyib. O, məhkəmədə şahid qismində dindirilib.

"Min istədi, dedim yoxumdur"

Qəhrəmanov iddia edir ki, sabiq icra başçısı hətta Əfqanıstan döyüşlərində iştirakına görə sonradan ona göndərilən ordenin təqdimatına görə də rüşvət istəyib: "Min istədi, dedim yoxumdur, 500 verdim, ordeni sinəmə taxdı...".

Sabiq bələdiyyə sədrinin sözlərinə görə, xidmətlərinə görə ümumilikdə 14 orden və medalları var.

Keçmiş icra başçısı isə onun yalan danışdığını və qərəzli olduğunu bildirib. Hacıyevin sözlərinə görə, bələdiyyə sədri işlədiyi dövrdə Qəhrəmanovun fəaliyyətinin araşdırılmasından ötrü Ədliyyə Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciət etmişdi. Nəticədə Qəhrəmanov barəsində cinayət işi başlanmış və İmişli Rayon Məhkəməsinin hökmü ilə o, məhkum edilmişdi.

Hacıyevin vəkili məhkəmənin keçmiş bələdiyyə sədrinin orden və medallarıyla bağlı araşdırma aparmasını istəyib.

"Hara xərcləndiyindən xəbərim olmadı"

İmişli Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev də deyir ki, rayonda icra nümayəndələri və müavinlərinin təyinatına görə rüşvət alınırdı. Onun sözlərinə görə, "Mil-Muğan" futbol klubu üçün 150 min manat pul ayrılmışdı. O pulu Vilyam Hacıyevə verib: "Pulu Dövlət Neft Şirkəti klub üçün ayırmışdı, mənim bank hesabıma köçürmüşdü. Hesabımdan çıxarıb icra başçısına verdim. Amma hara xərcləndiyindən xəbərim olmadı".

Sabiq icra başçısı onu yalan danışmaqda suçlayıb: "Özün üçün şəhərin mərkəzində imarət tikmisən, burnundan gəlsin...".

Hələ də vəzifədə...

Dindirmə zamanı o da məlum olub ki, şahid Quliyev hələ də icra hakimiyyətində eyni vəzifədə çalışır. Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb ki, gəlib məhkəmədə qanunsuz göstərişləri icra etdiklərini etiraf edən adamların hələ də məsul vəzifələrdə hansı əsasla çalışması məsələsi mütləq araşdırılmalıdır: "Xahiş edirik, məhkəmə qərar qəbul etsin, cinayət işi başlansın, prokurorluq araşdırma aparsın".

Sabiq icra başçısının məhkəməsi fevralın 21-də davam edəcək.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygölün, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunub.

Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və başqa əməllərdə suçlanan sabiq icra başçısı özünü təqsirli bilmir, həbsinin sifarişli olduğunu deyir.

XS
SM
MD
LG