Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:01

Moskvada Azərbaycan-Rusiya müttəfiqlik fəaliyyəti Bəyannaməsi imzalanıb


Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev (solda) və Vladimir Putin (Arxiv fotosu)
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev (solda) və Vladimir Putin (Arxiv fotosu)

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

Sənədi Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin imzalayıblar.

Azərbaycan Prezidenti dünən, fevralın 22-dən bu ölkədə səfərdədir. Səfər Rusiya prezidentinin dəvəti ilə gerçəkləşib.

Bəyannamənin detalları Azərbaycanda, hələlik, açıqlanmayıb.

Rusiya prezidenti: ‘Ukrayna ilə bağlı vəziyyət başqadır’

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidentinin dəvəti ilə fevralın 21-dən bu ölkədə səfərdədir. O, fevralın 22-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, Rusiya Prezidenti Vladimir Putin deyib ki, bu səfər ikitərəfli münasibətlərdə əlamətdar hadisəyə - iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində gerçəkləşir:

“Bugün (fevralın 22-də) biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub.”

Onun əlavə etməsinə görə, bilir ki, hələ mübahisələr var, üzərində işləniləsi məsələlər var:

“Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi və əlbəttə, bu prosesə cəlb edilmiş bütün tərəflərin razı qalmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik.”

Ticari-iqtisadi əlaqələrə toxunan Rusiya prezidenti vurğulayıb ki, onlar durmadan inkişaf edir:

“Pandemiyaya baxmayaraq, keçən il bizdə əmtəə dövriyyəsi 16 faizdən çox artıb və bu, çox yaxşı göstəricidir. Sizə təşəkkür edirik ki, siz bizim qarşılıqlı fəaliyyətimizi dəstəkləyirsiniz. Bu baxımdan bizim çox ciddi planlarımız var. Bizim iqtisadi əlaqələrimiz yetərincə yaxşı şaxələndirilib və bu, irəliyə hərəkətin davam etməsi üçün yaxşı ilkin şərait yaradır”.

O, habelə Azərbaycan Prezidentinə deyib:

“ … Rus dilinin inkişafını dəstəklədiyinizə görə sizə təşəkkür edirik. Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik.”

Putinin Ukrayna separatçıları ilə bağlı qərarına Bakıdan reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:07:04 0:00

Rusiya prezidenti Ukrayna ilə münasibətlərdən də bəhs edib:

“Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenliyinin tanınması haqda qərar qəbul edib... Biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil.”

Onun vurğulamasına görə, Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf edib:

“Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq.”

“Məsələ yalnız bundadır”

O, əlavə edib ki, onlar Ukrayna ilə qarşılıqlı əlaqələrin bu səviyyəsini və keyfiyyətini görmürlər.

Putin daha sonra deyib ki, bir qədər əvvəl Qazaxıstan prezidenti ilə söhbət edib:

“Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir. Bildiyiniz kimi, biz beynəlxalq terrorizmin xarici təcavüzü ilə əlaqədar Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik.”

Onun əlavə etməsinə görə, bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti çərçivəsində özlərinin bütün silahlı qüvvələrini oradan çıxardıblar:

“Bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir.”

Putinin deməsinə görə, onlar bundan sonra da bütün qonşuları ilə münasibətdə bu cür hərəkət etmək niyyətindədirlər:

“Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisindən Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır.”

“Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq”

Azərbaycan prezidenti İlham Əliyev də imzalanacaq sənəddən danışıb:

“Fikrimcə, bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndirir, onları möhkəmləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir.”

Azərbaycan prezidenti əlavə edib ki, bəyannamə yetərincə genişdir:

“Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir.”

O deyib ki, bütövlükdə iki ölkə arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir:

“Hazırda bu münasibətlər ən yüksək səviyyəyə çatır. Ticari-iqtisadi əlaqələrdə yaxşı dinamika olması barədə sizin fikrinizə şərik olduğumu bildirmək istərdim. Bizim əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və sizin qeyd etdiyiniz kimi 16 faiz artıb.”

Azərbaycan prezidenti rus dili məsələsinə də toxunub:

“Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Mənim fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır...”

O vurğulayıb ki, Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb:

“2020-ci ilin noyabrında sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır.”

İlham Əliyevin qeyd etməsinə görə, onlar bu rolu çox yüksək qiymətləndirirlər:

“Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək. Beləliklə, gündəliyimiz çox genişdir, bu səfər xüsusi səfərdir. Mən prezident kimi 48-ci dəfədir ki, Rusiyadayam. Lakin bu, xüsusi haldır. Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq”.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il isə tərəflər bölgədə nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ukrayna və Qazaxıstan

Dünən, fevralın 21-də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanıyıb. 6 il əvvəl isə Rusiya Ukraynanın bir hissəsini ilhaq etmişdi.

Bu ilin əvvəlində isə Qazaxıstanda maye qazin qiymətinin kəskin bahalaşmasına kütləvi etirazlar başlamışdı.İnsan təlafatı ilə müşahidə edilən toqquşmalar baş vermişdi.Həmin vaxt Rusiyanin qabaqcıllığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sialahlı qüvvələri bu ölkəyə yeridilmişdi.

XS
SM
MD
LG