Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:09

Zelenski: 'Biz ultimatumu o vaxt qəbul edərik ki, heç birimiz sağ qalmayaq'


Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk martın 21-də deyib ki, “təslim olmaqdan, silahları yerə qoymaqdan söhbət gedə bilməz”

Ukrayna prezidenti Volodimir Zelenski martın 21-də deyib ki, Moskvanın son ultimatumunu rədd edir.

Hazırda Moskva ilə Kiyev nümayəndələri arasında davam edən danışıqlarda irəliləyiş əldə olunmayıb.

Ukrayna silahlı qüvvələri Rusiya qoşunlarına qızğın müqavimət göstərməkdə davam edir.

Rusiya müdaxilənin dördüncü həftəsi başlanarkən Ukraynanın bir şəhərini də tam nəzarətə ala bilməyib.

"Hamımız qırılmalıyıq ki..."

Volodimir Zelenski deyib:

"Bizə ultimatum veriblər. Yəni “bu bəndləri qəbul edin, müharibəni qurtaraq”. Bu düzgün deyil və heç bir nəticəsi olmayacaq. Məsələ məndə deyil. Məsələ bundandır ki, adamlar və hakimiyyət birləşiblər. Biz bu ultimatuma əməl edə bilmərik. Ukrayna bu ultimatuma əməl edə bilməz. Yəni biz bu ultimatumu fiziki baxımdan qəbul edə bilmərik. Bizim hamımız qırılmalıyıq ki, bu ultimatum avtomatik yerinə yetirilsin”.

Ukrayna prezidenti yerli mediaya müsahibəsində daha sonra deyib:

“Məsələn, deyirlər “bizə Xarkovu verin, bizə Mariupolu verin...bizə Kiyevi verin”. Nə xarkovlular, nə mariupollular, nə kiyevlilər, nə də prezident bunu edə bilməzlər. Biz hətta işğal olunmuş şəhərlərdə -Mariupol, Berdyanskda da görürük ki, onlar şəhərə daxil olurlar, amma adamlar şəhəri vermirlər. Onlar bayraq qaldırırlar, adamlar o bayrağı endirirlər...Siz nə istəyirsiniz? Bizim hamımızı məhv etmək istəyirsiniz? Buna görə də mən ultimatuma cavab vermişəm: Biz bu ultimatumu o vaxt qəbul edərik ki, heç birimiz sağ qalmayaq”.

Referendum

Zelenski onu da deyib ki, Rusiya ilə müharibənin başa çatmasını hədəfləyən sülh danışıqlarında istənilən razılaşma referendum vasitəsilə Ukrayna xalqına təqdim ediləcək.

“Bunu danışıqları aparan bütün qruplara izah elədim: (Mümkün razılaşmada) bütün bu dəyişikliklərdən danışılırsa və onlar tarixə çevriləcəksə... biz referendum keçirəcəyik”, – Zelenski deyib.

“Adamlar kompromislərdə söz sahibi olacaqlar. Kompromislər isə Ukrayna və Rusiya arasında danışıqların və razılaşmaların nəticəsi olacaq. Buna görə də xalqımızın mənim qərarlarımı dəstəkləməsi üçün nə lazımdırsa etməyə hazıram”, – o, sözlərinə əlavə edib.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ukrayna tərəfi davam edən danışıqlarda “ev tapşırığını” yerinə yetirmədən Putinlə Zelenski arasında heç bir üzbəüz danışıqlar ola bilməz.

Peskov iddia edib ki, Ukrayna atəşkəsdən qüvvələrini təkrar qruplaşdırmaq üçün istifadə edə bilər.

Rusiya və Ukrayna danışıqları ilə paralel olaraq Türkiyə prezidenti Recep Tayyip Erdoğan və İsrail baş naziri Naftali Bennet də Putin və Zelenskinin birbaşa danışıqlarına nail olmağa çalışırlar.

Avropa rəsmiləri Mariupolda faciəvi vəziyyət yarandığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Rusiya Mariupolda ‘kütləvi hərbi cinayət’ törədir

Avropa İttifaqının aparıcı diplomatı Jozep Borrel Rusiyanın Ukraynada Mariupol şəhərinə hücumları ilə “kütləvi hərbi cinayət” törətdiyini deyir.

“Mariupolda baş verənlər kütləvi hərbi cinayətdir, hər şey məhv edilir, bombalanır, hər kəs öldürülür”, – Borrel Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşünün əvvəlində deyib.

27 üzvü olan blok Rusiyaya yeni sanksiyaları müzakirə edəcəklər. Buraya mümkün neft embarqosu, Rusiyanın daha çox bankının SWIFT maliyyə sistemindən çıxarılması daxildir.

***

Ukrayna Rusiyanın mühasirəyə aldığı Mariupol şəhərini martın 21-də təslim etmək və ağ bayraq qaldırmaq tələbini rədd edir, “təslim etməkdən söz gedə bilməz” deyir.

Rusiya bu şəhərə nəzarəti alaraq 2014-cü ildə ilhaq etdiyi Krımla bağlantı yaratmağa çalışır. Krım hazırda Ukraynanın şərqində Kremlin dəstəklədiyi separatçıların nəzarətinir.

Rusiya ordusu Mariupolun təslim edilməsi üçün Ukraynaya martın 21-i yerli vaxtla səhər 5-cən vaxt vermiş, əvəzində dinc sakinlərin şəhəri tərk etməsindən ötrü iki humanitar dəhliz təklif etmişdi. Dəhlizlərdən biri Rusiyaya, digəri qərbə – Ukraynanın digər hissələrinə getməliydi.

“Son dəqiqəni gözləməyə ehtiyacı yoxdur”

Rusiya tərəf təklifin rədd olunacağı halda nə edəcəyini açıqlamayıb.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk martın 21-də deyib ki, “təslim olmaqdan, silahları yerə qoymaqdan söhbət gedə bilməz”. “Rusiya tərəfi bu haqda bilgiləndirmişik”, – Vereşçuk vurğulayıb.

Mariupolun meri Pyotr Andryuşçenko da təklifi rədd edib. O, Facebook-da yazıb ki, cavab vermək üçün son dəqiqəni gözləməyə ehtiyacı yoxdur və rusiyalıları söyüb. Xəbəri “İnterfaks Ukrayna” yayıb.

Rusiya Azov dənizi sahilində yerləşən bu şəhəri mühasirəyə alaraq bombalayır.

Martın 20-də Kiyevdə dağıdılmış ticarət mərkəzində isə azı 4 nəfər həlak olub. Rusiyanın binanı bombalaması nəticəsində güclü partlayış baş verib, yaxınlıqdakı çoxmərtəbəli binanın pəncərələri qırılıb.

İtkilər

Ukrayna Prezidenti Volodimir Zelenski martın 20-də Rusiya ictimaiyyətinə xitabən videomüraciətində deyib ki, işğal zamanı 14 min rusiyalı öldürülüb.

Moskva isə müharibə başlayandan 498 ölümü təsdiqləyib, sonradan bu rəqəm yenilənməyib.

Ukrayna bir həftə öncə 1300-dək əsgərinin öldürüldüyünü bildirib. Amma bu sayı müstəqil təsdiqlətmək mümkün olmayıb.

ABŞ Prezidenti Co Bayden bu həftə Avropaya səfəri zamanı Ukrayna müharibəsilə bağlı NATO-da danışıqlar aparmalıdır. Ukrayna rəsmiləri Baydeni vəziyyəti yaxından görmək üçün ölkəyə dəvət ediblər. Ancaq Ağ ev prezidentin səfər zamanı müharibəyə gedən ölkəyə baş çəkməyəcəyini açıqlayıb.

XS
SM
MD
LG