Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20

Moskva Brüsseli ondan vasitəçiliyi almaq cəhdində suçlayır


(Soldan sağa) Nikol Paşinyan, Şarl Mişel, İlham Əliyev, 6 aprel, 2022-ci il
(Soldan sağa) Nikol Paşinyan, Şarl Mişel, İlham Əliyev, 6 aprel, 2022-ci il

AzadlıqRadiosunun erməni xidməti bu açıqlamanın Paşinyanın Rusiyaya səfərindən sonra verilməsinə diqqət çəkir

Rəsmi Moskva bəyan edir ki, Paris və Vaşinqton ATƏT-in Minsk qrupundan imtina edir, Brüssel isə Ermənistan-Azərbaycan barışığında Rusiyanın vasitəçiliyini almaq istəyir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu medianın sorğusuna cavabında deyib. ABŞ və Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasında yüksək diplomatik fəallığı artırdığı bir vaxtda Minsk qrupunun amerikalı və fransalı həmsədrləri Rusiya tərəfinə mexanizmin bərpası üçün müraciət ediblərmi? Zaxarova bu suala cavabında belə siqnalların daxil olmadığını, onları heç gözləmədiklərini deyib.

Brüsselə ittiham

Zaxarova “yüksək diplomatik fəallığın” Vaşinqtonla Parisin Minsk qrupunun işini iflic etməsindən sonra artdığını vurğulayıb. Sözçü Brüsseli Rusiya-Azərbaycan-Ermənistan arasında ən yüksək səviyyədə əldə olunmuş razılaşmaları “həyasızcasına” öz adına çıxmaqda ittiham edib. O, Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının bərpası, eləcə də Minsk qrupunun ötən il təqdim etdiyi, humanitar problemlərin həlli, Bakı ilə Yerevan arasında sülh razılaşmasının hazırlanması məsələlərini sadalayıb.

Brüsseldən bu ittihamlara hələlik, reaksiya verilməyib.

Aprelin 6-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gəlib. Görüşdə sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılığa gəlinib.

Rusiyanın qətiyyəti

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına görə Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Zaxarova Rusiyanın 10 noyabr, eləcə də 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixlərində əldə olunmuş bəyanatlara sadiq olduğunu vurğulayıb. “Biz eyni zamanda tarixi dostluq, müttəfiqlik və tərəfdaşlıq əlaqələri ilə bağlı olduğumuz Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına hər vasitəylə təsir göstərməkdə qətiyyətliyik”, – açıqlamada deyilir.

AzadlıqRadiosunun erməni xidməti bu açıqlamanın Paşinyanın Rusiyaya səfərindən sonra verilməsinə diqqət çəkir.

Minsk qrupunda nə baş verir

Rusiya daha öncə də Minsk qrupunun digər həmsədrləri ABŞ və Fransanın onunla əməkdaşlıqdan imtina etdiyini bildirir.

Ancaq aprelin 11-də Minsk qrupunun fransalı həmsədri Bris Rökföy, aprelin 18-də isə ABŞ-dan Endrü Şofer Yerevanda səfərdə olub.

Rusiya Minsk qrupundakı həmsədr İqor Xovayevi Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşdırılması məsələləri üzrə Rusiya Xarici işlər nazirinin xüsusi təmsilçisi təyin etdiyini açıqlayıb. Azərbaycanda media Şoferi Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim etsə də, ABŞ-dan bu haqda rəsmi açıqlama verilməyib.

Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, Azərbaycan bu münaqişəni özü həll etdiyindən "Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”.

XS
SM
MD
LG