Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:40

Sergey Lavrov İlham Əliyevlə görüşüb


Bugün, iyunun 23-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana gəlib

Bugün, iyunun 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, o, prezident İlham Əliyevlə görüşüb.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, bu ilin əvvəlində iki ölkə arasında Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması onların münasibətlərinin yeni mərhələsinə yaxşı start, müsbət ahəng, dinamika verib.

“Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq”, deyə o qeyd edib.

Dövlət başçısı əlavə edib ki, onlar görüşdə regionda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə də danışacaqlar.

O, 2 il öncə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında imzalanan bəyannaməyə də toxunub:

“Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq.”

Lavrov İranda sanksiyalardan qorunmağın yollarını müzakirə edib
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

“Bu da son hədd deyil…”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da iki ölkə arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədən danışıb:

“Biz iki prezidentin bu Bəyannaməni icra etmək, onu sektoral şəkildə həyata keçirmək, digər razılaşmaları artıq praktiki səviyyədə reallaşdırmaq barədə tapşırıqlarını yerinə yetirmək əzmindəyik.”

O deyib ki, keçən il iki ölkə arasında əmtəə dövriyyəsi rekord səviyyədə - təqribən 3,5 milyard dollar olub: “Bu da son hədd deyil…”

Lavrov kommunikasiyaların açılması mövzusuna da toxunub. Onun vurğulamasına görə, razılaşdırılmalı məsələləri onlar Ermənistan tərəfi ilə müzakirə edirlər:

“Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək. Ümidvaram ki, bu, tezliklə olacaq.”

Bu il fevralın 22-də iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb.

Orada iki ölkənin siyasi, iqtisadi, hərbi və başqa sahələrdə əməkdaşlığından bəhs edilir.

Lavrovun səfəri iki gün davam etməlidir.

O, həmçinin, Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla da görüşməlidir.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ötən il də trərflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Ötən ilin sonundan isə Azərbaycan və Ermənistan arasında sülh danışıqları əsasən Avropa İttifaqının vasitəçiliyi ilə aparılır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG