Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:58

Özbəkistanda qaraqalpaqlar etiraza qalxıblar


Qaraqalpaqların müstəqillik aksiyalarından birində (Arxiv fotosu)
Qaraqalpaqların müstəqillik aksiyalarından birində (Arxiv fotosu)

Özbəkistanın yeni Konstitusiya layihəsindən Qaraqalpaqıstanın suveren olmasına dair maddə çıxarılıb

Özbəkistanın tərkibinə daxil olan Qaraqalpaqıstan Muxtar Respublikasının mərkəzi şəhəri Nukusda Daşkəndin təklif etdiyi yeni konstitusiya layihəsinə qarşı etirazlar başlanıb.

Etiraz aksiyaları habelə muxtar respublikanın Çimbay və Muynak şəhərlərində keçirilib.

Özbəkistan hökuməti Konstitusiyanın yeni redaksiyasının layihəsini iyunun 26-da açıqlayıb.

AzadlıqRadiosunun Özbək xidməti – Ozodlik yazır ki, Qaraqalpaqıstan sakinləri Özbəkistanın yeni konstitusiya layihəsində “suveren” sözünün ixtisar edilməsinə və respublikanın Özbəkistanın tərkibindən çıxmaq hüququ olmasına dair müddəanın qeyd olunmamasına etiraz edirlər.

Bu da qeyd olunur ki, artıq iyunun 26-da Qaraqalpaqıstanın yerli informasiya kanallarında və sosial media şəbəkələrində kütləvi etirazlara çağırışlar edilmişdi.

İyunun 27-də Nukus sakinləri bildirirdilər ki, mobil internet rabitəsinə məhdudiyyət tətbiq edilib.

Bəzi saytlardakı məlumatlara görə iyulun 1-də Nukus küçələrinə əllərində Qaraqalpaqıstan Respublikasının bayraqları olan yüzlərcə etirazçı çıxıb.

Milli Qvardiya qüvvələri yeridilib

Narazılığı daha da artıran yerli jurnalist və fəal Dauletmurat Tajimuratovun saxlanması olub. Bu jurnalist də Konstitusiyaya düzəliş layihəsinə etirazlara çağırmışdı.

Tajimuratovun bacısının dediyinə görə polislər onu evdən aparıblar. Xəbər verilir ki, jurnalist sonradan sərbəst buraxılıb.

Bu da xəbər verilir ki, Qaraqalpaqıstana Özbəkistan Milli Qvardiyasının əlavə qüvvələri gətirilib.

Saxlananların olduğu xəbər verilir.

Özbəkistan DİN-in rəsmi məlumatında Nukusda keçirilən aksiyanın qanunsuz olduğu qeyd edilir.

Bu da bildirilir ki, Konstitusiyaya düzəlişlər adamlara düzgün izah edilməyib.

Mitinqçilərin qarşısında Qaraqalpaqıstan Respublikasının baçısı çıxış edib.

Hazırda etirazçılarla fərdi söhbətlərin aparıldığı bildirlir.

Etiraz doğuran iki maddə

Özbəkistanın mövcud Konstitusiyasının 70-ci maddəsində deyilir:

“Suveren Qaraqalpaqıstan Respublikası Özbəkistan Respublikasınlın tərkibinə daxildir. Qaraqalpaqıstanın suverenliyi Özbəkistan Respublikası tərəfindən qorunur”.

Yeni redaksiyada həmin maddə belə verilir:

“Qaraqalpaqıstan Respublikası Özbəkistan Respublikasının tərkibinə daxildir. Qaraqalqaqıstan Respublikasının ərazisində Özbəkistan Respublikasının Konstitusiya və qanunvericiliyində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlar təmin olunur”.

Etirazlara düzəlişdə “suveren” sözünün “yoxa çıxmasıdır”.

Mövcud Konstitusiyanın 74-cü maddəsində deyilir:

“Qaraqalpaqıstan Respublikası Qaraqalpaqıstan Respublikası xalqının iştirakilə keçirilmiş referendumun nəticəsi olaraq Özbəkistan Respublikasının tərkibindən çıxa bilər”.

Konstitusiya layihəsində həmin müddəa indi belə verilib:

“Qaraqalpaqıstan Respubliksı öz ərazisində Özbəkistan Konstitusiyasına və qanunlarına, habelə Qaraqalpaqıstan Respublikasının qanunlarına müvafiq olaraq qanunverici, icra və məhkəmə hakimiyyətlərini həyata keçirir”.

Göründüyü kimi yeni redaksiyada aşağıdakı cümlə yoxdur:

“Qaraqalpaqıstan xalqı ümumxalq referendumu ilə ayrılmaq hüququna malikdir”.

Qaraqalpaqıstanın qarışıq tarixi

Qaraqalpaqıstan Respublikası Özbəkistanın ən böyük muxtar regionudur və Özbəkistan ərazisinin 40 faizini təşkil edir. Əhalisi iki milyona yaxındır.

Qaraqalpaqıstan Respublikasında qaraqalpaq və özbək dilləri rəsmi dillər hesab olunur.

1923-cü ildə ovaxtkı Xarəzm Respublikasının tərkibində Qaraqalpaq muxtar dairəsi yaradılıb.

1925-ci ildə ovaxtkı Türküstan Muxtar Sovet Sosialist Respublikasının Amudərya vilayətinin və Xarəzm SSR Qaraqalpaq muxtar vilayətinin torpaqları əsasında Qaraqalpaq Muxtar Vilayəti yaradılıb.

1929-cu ildə Qaraqalpaq MV Qırğızıstan SSR-nin tərkibində olub.

1930-cu ildə vilayət bilavasitə Rusiya Federasiyasının tabeçiliyinə verilib.

Lakin 1932-ci ildə ayrıca Qaraqalpaq Muxtar Respublikası yaradılıb. Bu muxtar qurum 1936-cı ilin 5 dekabrında Özbəkistan SSR-nin tabeçiliyinə keçib.

XS
SM
MD
LG