Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:40

Azərbaycanda reklama nə qədər pul ödənilir?


Bakıda reklam qurğusu
Bakıda reklam qurğusu

Bir ilə 20 milyon manat artım olub

Dövlət Statistika Komitəsi (DSK) ötən il Azərbaycanın reklam bazarına dair göstəriciləri açıqlayıb və ciddi artıma diqqət çəkib. Rəsmi rəqəmlərə görə, reklam bazarında məhsulun satışından və xidmətlərin göstərilməsindən əldə olunan toplam gəlir 99 milyon manata yüksəlib. Bu, 2020-ci illə müqayisədə 20 milyon manat artım deməkdir. Başqa sözlə, son bir ildə ölkə reklam bazarının həcmi 25 faizə yaxın artıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Devalvasiyadan bir il öncə - 2014-cü ildə Azərbaycanda reklam bazarının həcmi 72 milyon manata çatmışdı. Sonrakı illərdə ölkə iqtisadiyyatındakı problemlərlə bağlı şirkətlər reklam büdcəsini azaltmağa başladı. Elə bu üzdən 2014-2017-ci illərdə reklam bazarı 30 milyon manata yaxın gerilədi və yalnız 2019-cu ildə 2014-cü il səviyyəsinə qayıda bildi. Rəsmi rəqəmlərdən aydın olur ki, pandemiya dövründə də Azərbaycanda reklam bazarının həcmi böyüməyə davam edib.

Cədvəl: 2012-2021-ci illərdə Azərbaycanda reklam bazarının həcmi

İl

Reklam bazarının həcmi (manatla)

2021

99 milyon

2020

79 milyon 200 min

2019

73 milyon 600 min

2018

51 milyon 200 min

2017

44 milyon 400 min

2016

43 milyon 500 min

2015

62 milyon 800 min

2014

72 milyon 500 min

2013

59 milyon

2012

48 milyon 400 min

Ötən il reklam bilgilərinin hazırlanmasına 32 milyon manat, yerləşdirilməsinə 31 milyon 700 min manat, yayımlanmasına 32 milyon manat xərclənib.

Nəqliyyatda reklamlar üç dəfə artıb

DSK-nın açıqladığı göstəricilər arasında nəqliyyat vasitələrində yayımlanan reklamlar daha çox diqqət çəkir. Ötən il nəqliyyat vasitələrində reklam yayımına 6 milyon 271 min manat xərclənib. 2020-ci ildə bu rəqəm 2 milyon 59 min manat olub. Ancaq nəzərə almaq lazımdır ki, 2020-ci ildən öncə də nəqliyyat vasitələrində yayımlanan reklamların dövriyyəsi 2-3 milyon manat arasında dəyişib.

Nəqliyyat vasitələrində yayımlanan reklamlardan fərqli olaraq, ötən il açıq məkanlarda yayımlanan reklamların dövriyyəsi azalıb. 2020-ci ildə açıq məkanlarda 18 milyon 855 min manatlıq reklam yayımlanmışdı. Ötən il bu rəqəm 10 milyon 877 min manata enib. Amma açıq məkanlarda yerləşdirilən reklamların həcmində 2020-ci ildə kəskin artım qeydə alınmışdı. Öncəki illərdə qeydə alınan göstəricilər 2021-ci ildəki rəqəmlərə bənzərdir.

Ötən il mediada yayımlanan reklamların da həcmi artıb. 2021-ci ildə bu göstərici 14 milyon 800 min manat olub. Bu, əvvəlki illərlə müqayisədə təxminən 3 milyon manat artım deməkdir. Ölkədə KİV-lərdə yayımlanan reklamların mütləq əksəriyyəti teleradio şirkətlərinin payına düşür. Ötən il Azərbaycanda mediada reklam yayımına xərclənən vəsaitin 90 faizi, yəni 13 milyon 300 min manatı teleradio proqramlarında reklam yayımına sərf edilib. Son illər teleradio proqramlarında reklam yayımlanmasına xərclənən vəsait artsa da, hələ də devalvasiyaöncəsi nəticələrdən uzaqdır. 2015-ci ildə ölkədə teleradio proqramlarında reklam yayımına indikindən 10 milyon manat çox - 23 milyon manat xərclənmişdi.

Ötən il dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda yayımlanan reklamlara 1 milyon 324 min manat ödənilib. Bu, 2020-ci illə müqayisədə 300 min manat artım deməkdir.

2021-ci ildə reklam bazarının dövriyyəsi ilə yanaşı, reklam xidməti göstərilməsinə dair müqavilə sayında da ciddi artım baş verib. Ötən il ölkədə 17 minə yaxın bu tip müqavilə bağlanıb. Bundan cəmi 3 il öncə - 2018-ci ildə reklam müqavilələrinin sayı indikinin yarısına yaxın idi.

XS
SM
MD
LG