Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:32

Xameneyi Putinin müharibəsini dəstəklədi, Erdoğanın yox


Recep Tayyip Erdoğan, Əli Xameneyi və Vadimir Putin (kollaj)
Recep Tayyip Erdoğan, Əli Xameneyi və Vadimir Putin (kollaj)

The Guardian yazır ki, Putinin Tehran sammitindəki ən böyük uğuru ayətüllah Əli Xameneyinin Moskvanın Ukraynaya müdaxiləsini dəstəkləməsi olub

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlayandan bəri ilk dəfə olaraq çıxdığı xarici səfəri başa vurub.

The Guardian yazır ki, Tehranda keçirilən üçtərəfli danışıqlarda Vladimir Putin Rusiyanın Qərblə qarşıdurmasında İranın dəstəyini qazanıb, Türkiyənin Suriyaya müdaxilə planları ilə bağlı Erdoğanla mübahisə edib, amma Ukrayna taxılının ixracının blokadadan çıxaırlmasında irəliləyiş olduğunu deyib.

Ağ Ev bildirib ki, Tehranda Putin, İran və Türkiyə prezidentləri İbrahim Rəisi və Recep Tayyip Erdoğan arasında keçirilən sammit Rusiya liderinin bütün dünyada nə qədər təcrid olunduğunu nümayiş etdirib.

The Guardian yazır ki, Moskva belə qiymətləndirmə ilə razılaşmır. Kremlin qənaətinə görə sammit Rusiyanın Yaxın Şərqdə hörmət edilən oyunçu kimi qaldığını göstərib.

Tehranda intensiv diplomatiyanın ardınca Suriyaya dair keçirilən üçtərəfli danışıqlardan sonra Putin Erdoğanın Ukrayna taxılının ixracı sahəsində göstərdiyi vasitəçilik səylərini tərifləyib.

Ukraynanın Odessa kimi limamlarının Rusiya tərəfindən blokadasının qaldırılması üçün Avropa İttifaqı Rusiyanın 6 böyük bankının aktivləri üzərindəki məhdudiyyəti qaldırıb.

Lakin Avropanın qoyduğu şərtə görə, bu aktivlərdən yalnız ərzağın və gübrənin alınması və daşınması üçün isitfadə oluna bilər.

Ayətüllahın sözünə qüvvət

The Guardian yazır ki, Putinin Tehran sammitindəki ən böyük uğuru İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin Moskvanın Ukraynaya müdaxiləsini dəstəkləməsi olub.

Xameneyi Putinə deyib:

“Müharibə qəddar və çətin məsələdir və İran adi insanların bundan əzab çəknməsindən heç də məmnun deyil. Amma Ukraynaya gəlincə isə, siz təşəbbüsü ələ almasaydınız, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə səbəb olacaqdı”.

İran lideri xüsusilə də NATO ilə bağlı məqama toxunub:

“Əgər NATO-ya yollar açılsa, o sərhəd tanımaz və əgər onun qarşısı Ukraynada alınmasaydı, onlar bu müharibəni bir müddət sonra Krım bəhanəsi ilə başlayacaqdılar”.

Xameneyi vurğulayıb ki, İran və Rusiya dolların qüdrətinin tədricən azaldılması üçün birlikdə çalışmalıdırlar.

Putin də ayətüllahın sözlərinə qüvvət verərək bildirib:

“Heç kəs müharibədən məmnun deyil və adi insanların həyatlarını itirməsi böyük faciədir. Amma Qərbin davranışı bizə hərəkətdən başqa seçim qoymadı. Bəzi Qərb ölkələri deyirdilər ki, “biz Ukraynanın NATO üzvlüyünə qarşı idik, amma Amerikanın təzyiqi altında buna razılaşdıq”. Bu onların müstəqlliyinin olmamasını göstərir”.

The Guardian yazır ki, Rusiya və İran habelə ümumi dəyəri 40 milyard dollar olan uzunmüddətli neft kontraktlarına dair memorandum imzalayıblar.

Erdoğan istədiyi dəstəyi ala bilməyib

Məqalədə deyilir ki, bununla belə, müzakirə Erdoğanın şimali Suriyaya müdaxilə planlarına gəlincə, sammitdəki səmimiyyət ab-havasından heç nə qalmayıb.

The Guardian yazır ki, ehtimalən Erdoğan Putinin başının Ukrayna müharibəsinə qarışmasından istifadə edərək Suriyanın şimalına yeni hərbi müdaxiləyə hazırlaşır.

Ankara bildirir ki, bundan məqsəd Suriya ilə sərhəd boyunca Suriya ərazisində 30 kilometr enində təhlükəsizlik qurşağının yaradılmasıdır.

Erdoğan iddia edir ki, belə bir zolaq Türkiyənin ABŞ tərəfindən dəstəklənən kürd yaraqlı qüvvələrindən müdafiəsi üçün lazımdır.

Lakin Xameneyi Türkiyənin müdaxilə planlarına qəti etiraz bildirib və deyib ki, müdaxilə Suriya, Türkiyə və bütün regiona ziyan vura bilər.

The Guardian yazır ki, indi Erdoğanın növbəti addımı Suriyaya müdaxilə üçün Tehran və Moskvanın yaşıl işıq yandırıb-yandırmamasından asılı olacaq.

Məqalədə deyilir ki, belə görünür, Rusiya kürd YPG özünümüdafiə qüvvələrinin səssiz razılığı ilə Suriyanın Türkiyə ilə sərhədində Bəşər əl-Əsəd hökuməti qüvvələrinin yerləşdirilməsinə hazırlaşır.

XS
SM
MD
LG