Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:10

Vətəndaşların banklara borcu 5 milyard manata çatıb


Son bir ildə əhalinin kreditləri 32 faiz artıb

Azərbaycanda bankların bu ilin ilk yarımilinə aid göstəriciləri açıqlanıb. Mərkəzi Bankın məlumatına görə, hazırda ölkənin bank sektorunun toplam aktivləri 41 milyard 920 milyon manatdır. Sektorun öhdəlik həcmi 36 milyard 774 milyon manat civarındadır. Bu o deməkdir ki, ilin əvvəlindən bəri bank sektorunun aktivləri 3 milyard 458 milyon manat (9 faiz), öhdəlikləri 3 milyard 282 milyon manat (9.8 faiz) artıb.

Hazırda Azərbaycan banklarının toplam kredit portfeli 18 milyard 320 milyon manatdır. Ölkə banklarının kredit portfelinin 57 faizi biznes kreditlərindən (10.5 milyard manat), 28 faizi (5.2 milyard manat) istehlak kreditlərindən ibarətdir. Portfelin daha 15 faizi (2.6 milyard manat) ipoteka kreditləridir.

Kredit portfeli ilin əvvəli ilə müqayisədə 10 faiz artıb. Ötən ilin eyni dövrünə nəzərən 3 milyard 463 milyon manat artım olub. Başqa sözlərlə, son bir ildə bank sektorunun kredit portfeli 25 faizə yaxın, əhaliyə verilən istehlak kreditlərinin həcmi 32 faiz, biznes kreditlərinn həcmi 20 faiz, ipoteka kreditlərinin həcmi 21 faiz artıb.

Əhalinin istehlak kreditləri ilə yanaşı, kredit kartlarındakı artım da gözə çarpır. İndi Azərbaycanda 1 milyon 551 min kredit kartı var.

İlin əvvəlindən bəri ölkədəki kredit kartlarının sayında 140 min civarında artım gözə dəyir. Son bir ildəki artımsa daha yüksəkdir - 350 minə yaxındır.

Hazırda Azərbaycandakı bütün kartların 12.6 faizi kredit kartlarıdır. Ötən il bu göstərici 11.9 faiz olub. Kredit kartlarının dövriyyəsindəki artım da diqqət çəkir. Məsələn, bu ilin iyununda həmin kartlarla 333 milyon manat xərclənib. İlin əvvəlində həmin rəqəm 259 milyon manat idi.

Son dövrlər bütövlükdə kart sayında artım dinamikası sürətlənib. Hazırda ölkədə 12 milyon 244 min bank kartı var. Təkcə son altı ay ərzində ölkədəki bank kartlarının sayı 1 milyon ədəd çoxalıb.

Depozitlər də artıb

Bu il əhalinin banklarda saxladığı pul həcmində də artım qeydə alınıb. Hazırda fiziki şəxslərin Azərbaycan banklarında saxladığı depozitlərin həcmi 10 milyard 596 milyon manatdır. Bu vəsaitin 60 faizi milli valyutada, 40 faizi xarici valyutalarda saxlanır. İlin əvvəlindən bəri fiziki şəxslərin banklarda saxladığı vəsait həcmindəki artım təxminən 1 milyard manatdır.

Burada bir diqqətçəkən məqam da var - xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladığı vəsaitin məbləği kəskin şəkildə artıb. Bu artım Rusiya-Ukrayna müharibəsindən qaynaqlanır.

Savaşdan öncə, qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsait 294 milyon manat olub (fevralın 1-nə olan məlumat). Bircə ay sonra – martın 1-də bu rəqəm artıq 552 milyon manata yüksəlib.

Sonrakı aylarda da qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərinin həcmi artmaqda idi. Mayın sonunda bu rəqəm 833 milyon manata çatmışdı. Deməli, müharibə dövründə xarici vətəndaşların Azərbaycan banklarındakı əmanətləri yarım milyard manatdan çox artıb.

Maraqlıdır ki, müharibə başlayandan bəri ilk dəfə iyun ayında xarici vətəndaşların Azərbaycan banklarındakı depozitlərinin həcmi əvvəlki ayla müqayisədə azalıb. İyunun sonunda əcnəbilərin ölkə banklarındakı depozitlərinin həcmi 803 milyon manat olub. Bu, ayın əvvəli ilə müqayisədə 30 milyon manat azalma deməkdir.

Yarım ilə 400 milyon manat mənfəət

Bankların açıqladığı maliyyə hesabatlarından məlum olur ki, ölkədə fəaliyyət göstərən 26 kommersiya bankından 24-ü bu ilk yarımili mənfəətlə başa vurub. Bank sektorunun ilk yarımildə toplam mənfəəti 400 milyon 800 min manat olub.

Mənfəətin həcminə görə ilk üç yeri Kapital Bank (127 milyon manat), Azərbaycan Beynəlxalq Bankı (118 milyon manat) və Paşa Bank (65 milyon manat) tutub.

Bütövlükdə bu üç bank bank sektorunun 2022-ci ildəki toplum mənfəətinin 78 faizinə sahib olub. Yerdə qalan 22 faiz 21 bank arasında bölünüb.

Burada diqqətçəkən bir məqam da odur ki, ilk üçlükdəki bankların ikisi – Kapital Bank və Paşa Bank “Paşa Holdinq”ə daxildir. Başqa sözlə, ölkənin bank sektorunun toplum mənfəətinin yarısı “Paşa Holdinq”in tərkibindəki banklara məxsusdur.

2022-ci ilin ilk yarısında ölkədə cəmi iki bank zərərlə çalışıb. Bunlardan biri bank sektorunda çox cüzi payı olan Pakistan Milli Bankının Bakı filialıdır.

Bankın altı aydakı zərəri 271 min manat olub. Zərərlə işləyən digər bank Bank BTB-dir. Bu bankilk altı ayı 5 milyon 274 min manat zərərlə başa vurub.

Həmin bankın əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır və bank Mehdiyevlər ailəsinə yaxınlığı ilə bilinir.

XS
SM
MD
LG