Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:59

Yerevanla Bakı Brüsseldə nəyi razılaşdıra bilməyib


İlham Əliyev (solda) və Nikol Paşinyanın Brüssel görüşü
İlham Əliyev (solda) və Nikol Paşinyanın Brüssel görüşü

Yerevan və Bakı hələ də təməl maddələrlə bağlı razılığa gələ bilməyib. Bunu AzadlıqRadiosunun erməni xidmətinə – “Azatutyun” radiosuna müsahibəsində parlamentin hakim “Mülki müqavilə” fraksiyasının deputatı, Avropaya inteqrasiya daimi komissiyasının sədri Arman Yeqoyan deyib.

“Üzərində işlənəsi məsələlər var”

Ermənistan sentyabrın 6-da qarşı tərəfin açdığı atəş nəticəsində sərhəddə bir erməni əsgərin həlak olduğunu bildirsə də, Azərbaycanın Müdafiə Nazirliyi bu xəbəri təkzib edib. Rəsmi Bakı son günlər mütəmadi olaraq Ermənistan tərəfini Azərbaycan mövqelərini atəşə tutmaqda ittiham edir, lakin Yerevan bunu inkar edir.

“Hadisələr onu deməyə əsas verir ki, Brüsseldəki danışıqlar nəticə vermədi, bundan sonra vəziyyət gərginləşdi?” Bu suala cavabında Yeqoyan deyib ki, “nəticə əldə olunmayıb” kimi sərt ifadə işlədə bilməz:

“Ancaq deyə bilərəm ki, təməl maddələr üzrə razılaşma əlsə olunmayıb, yalnız noyabrda xarici işlər nazirlərinin görüşəcəyi razılaşdırılıb. Bu isə o deməkdir ki, üzərində işlənəsi məsələlər var və bu iki ay ərzində mövqeləri müəyyən qədər yaxınlaşdırmaq olar”.

Əsas sual

Avqustun 31-də Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırılıb.

“Yeri gəlmişkən, əsas sualın nə olduğunu bilirsinizmi? Artsax [Qarabağ - red.] məsələsinə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi paketi çərçivəsində, yoxsa ondan kənarda baxılmalıdır? Daha konkret desək, məsələni paketə salmaq, yaxud salmamaq Ermənistanın mövqeyidir. Azərbaycanın mövqeyi isə bu məsələyə istənilən kontekstdə baxıb-baxmamaqla bağlıdır. Təbii ki, Azərbaycanın mövqeyincə, bu məsələyə baxılmamalıdır”, – deyə deputat izah edib.

Azərbaycan Prezidenti İlham Əliyev yaxın aylarda sülh sazişinin Azərbaycanın təklif etdiyi maddələr əsasında bağlanmasını real hesab etdiyini deyib. Həmin prinsiplərə ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir.

“Qarabağ” sözü

Brüssel danışıqlarının yekunlarına dair bəyanatda Qarabağla bağlı bircə kəlmə də olmamasını Eqoyan belə şərh edib:

“Bəli, təbii ki, onlar tərəfdən bircə kəlmə də yoxdur, bu haqda biz danışmaq istəyirik. Bu, heç bir razılaşma əldə olunmayan təməl məsələdir. Bu haqda danışmaq və ya danışmamaq, danışılacaqsa, nə vaxt, indi və ya sonra danışmaq, həmçinin ümumi paketdə, yaxud ümumi paketdən kənar danışmaqdan söhbət gedir. Burada müəyyən dilemma var, burada hətta həmsədrlər arasında da müəyyən dilemma var və bu da vəziyyəti bir qədər mürəkkəb və çoxqatlı edir”.

Yerevanın da yaxın vaxtlarda sülh müqaviləsi bağlamağa çalışmasına gəlincə, deputat deyir ki, “qeyd olunan məqamlar nəzərə alınarsa, “Artsax (Qarabağ) ermənilərinin hüquqlarının təminatında müəyyən hissolunan və sabit proqres əldə etmək mümkün olar”.

Xatırlatma

Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlarla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda erməniləri yaşayan ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Avqustun sonunda Laçın şəhəri və iki kənd də Azərbaycanın nəzarətinə qaytarılıb.

2020-ci ilin 9 noyabr sazişi ilə 44 günlük müharibə dayandırılıb. 2021-ci ildə imzalanmış üçtərəfli razılaşmalar isə əsasən regionda kommunikasiyaların açılmasını nəzərdə tutur.

Hərbi əməliyyatlar bitəndən sonra Prezidenti Əliyev dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını bəyan edib. Ancaq son iki ildə atəşkəs dəfələrlə pozulub, hər iki tərəf itki verib və bir-birini atəşkəs pozuntusuna görə ittiham edib. Ötən ay Azərbaycan qüvvələri bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa edib.

Ötən ilin dekabrından bəri Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan lideri Nikol Paşinyanla Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə dörd görüşü olub. Sonuncu görüş avqustun 31-də gerçəkləşib. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh sazişinə aid məsələləri müzakirə ediblər.

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG