Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:50

İndi keçmiş bank sahibinə sabiq MTN-çilər milyonlar ödəməlidir...


Etibar Əliyev
Etibar Əliyev

Fəaliyyəti dayandırılmış "Texnikabank"ın rəhbəri Etibar Əliyev 10 il öncə Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən tutulub bir neçə ay həbsdə saxlandığına görə ona 3.5 milyon manatdan artıq pul ödəniləcək.

Bu barədə Bakı Hərbi Məhkəməsində qərar çıxarılıb. Qərara əsasən, 3 milyon 515 min manatı o zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev və müstəntiq kimi onun tabeliyində çalışmış polkovnik Vüsal Ələkbərov ödəməlidir.

300 milyon tələb olunub

Vaxtilə MTN-də onun azadlığa buraxılması üçün ailəsindən alınan pulun geri qaytarılması tələbi ilə məhkəmədə mülki iddia qaldıran keçmiş bankirin bunun üçün ödədiyi dövlət rüsumu – 2 min 500 manat da sabiq MTN-çilərdən tutulacaq.

Sabiq bank sahibinin özü ilə yanaşı, oğlu Kəramət Əliyev və həyat yoldaşı Esmira Bayramova da mülki iddiaçı qismində çıxış edib.

Əliyev məhkəmədə dindirilərkən deyib ki, 2012-ci il martın 6-da heç bir əsas göstərmədən onu MTN-ə aparıblar. Onun sözlərinə görə, MTN-də ondan 300 milyon pul tələb olunub: "Deyirdilər ki, həbsimi prezidentlə razılaşdırıblar. Tələb edirdilər ki, bankdakı pulları onlara verim. İzah edirdim ki, bankın müxbir hesabındakı pullar müştərilərindir, mənim deyil. Saxta ittihamla haqqımda həbs qərarı verildi".

"Bankı talan, məni müflis elədilər"

Onun sözlərinə görə, iş otağından axtarış zamanı başqa sənədlərlə birlikdə həyat yoldaşının adına olan beşmərtəbəli evin sənədini də götürüblər. Əliyev iddia edir ki, MTN-də ondan həmin evi onların dediyi adamın adına keçirməsini istəyiblər: "Sözlərindən belə başa düşdüm ki, evim Mövlam Şıxəliyevə çatır. MTN-in nümayəndəsini banka göndərib idarəetməni ələ aldılar. Əmanətçilərin pullarını ölkədə və xaricdə istədikləri hesablara köçürdülər. Bankı talan, məni müflis elədilər. Dedilər ki, evi verməsəm, oğlumun da haqqında cinayət işi başlayacaqlar. Təklifi rədd elədim. Sonra eşitdim ki, oğlumu hər gün MTN-ə çağırıb incidirlər".

Keçmiş bankir deyir ki, MTN-in istintaq təcridxanasında saxlandığı vaxt onu günlərin birində general Şıxəliyevin kabinetinə də aparıblar. Orada ev məsələsindən söz düşəndə general deyib ki, ev onun yox, MTN rəhbərliyinin dediyi adamın adına keçməlidir. Çünki bu, rəhbərliyin göstərişidir.

Ev 3 milyon manata satılıb

Əliyevin dediyinə görə, bundan bir neçə gün sonra onu İstintaq İdarəsinin rəis müavininin otağında oğlu Kəramətlə görüşdürüblər. O, oğlunun sıxıntı içində olduğunu hiss edib. Bundan sonra evi verməyə razılaşıb. Ondan razılıq alandan sonra Vüsal Ələkbərov 6 saylı notariat kontorundan Ərəstun İmanov adlı notariusu MTN-in istintaq təcridxanasına gətirdib. Əliyevdən həyat yoldaşının adına olan evin satılmasına etiraz etməməsi haqda ərizə alınıb. Sonradan öyrənib ki, həmin ev 3 milyon manata satılıb. 2012-ci il noyabrın 6-da isə o, həbsdən azad edilib. Azadlığa çıxandan sonra bir neçə dəfə Şıxəliyevlə görüşdüyünü deyən keçmiş bankirin sözlərinə görə, ev məsələsi ilə bağlı da aralarında söhbət olub: "Ona dedim ki, evimi əlimdən almaqla düz iş görmədin. Dedi ki, "mənlik deyil, nazirlə danışarsan, onun xəbəri var". Sonradan öyrəndim ki, evimi alqı-satqı yolu ilə Eldar Ələkbərovun adına rəsmiləşdiriblər. Sonradan etibarnamə ilə Rizvan Hacıyevin, ondan da Nazilə Rüstəmovanın adına keçirilib. Bu adamların heç birini tanımıram".

2015-ci ilin oktyabrında MTN-də nazirin uzaqlaşdırılması, generallar da daxil olmaqla, 20-dən çox vəzifəlinin həbsi ilə nəticələnən əməliyyatdan sonra Əliyev də evini qaytarmaq qərarına gəlib. O, məhkəmədə iddia qaldırıb. Nərimanov rayon Məhkəməsi sözügedən evin ona qaytarılması, alqı-satqı müqavilələrinin ləğvi haqda qərar çıxarıb. Sonradan qarşı tərəf şikayət verib, əvvəlki qərar ləğv olunub.

300 min dollardan 2 milyona qədər əmanət

Əliyev vurğulayıb ki, evinin satışından əldə olunan 3 milyondan əlavə, MTN-də oğlundan da 500 min avro pul alınıb.

Keçmiş bankir əlavə edib ki, onun həbsindən sonra bankdakı sənədləri götürüb orada əmanətləri olan adamları müəyyənləşdiriblər. Onları bir-bir MTN-ə çağırıb 300 min dollardan 2 milyona qədər pullarını alıblar. Könüllü şəkildə tələb olunan pulu verməyənləri isə saxta ittihamla həbs edib istədiklərini alandan sonra buraxıblar.

"Anam alqı-satqı müqaviləsinə qol çəkdi. Sonra banka getdik, pulu götürəndə bildik ki, obyekt kimi istifadə olunan beşmərtəbəli evimiz 3 milyon manata satılıb. Həmin gün pulu aparıb Vüsal Ələkbərov və Təhsin Ağayevə (İstintaq İdarəsinin rəis müavini) verdim", – bunu isə Kəramət Əliyev deyir.

MTN rəhbərliyinin göstərişi əsasında...

Keçmiş MTN-çilər Şıxəliyev Ələkbərov isə Əliyevlər ailəsinin onların ünvanına səsləndirdiyi ittihamları rədd edib.

Təqsirləndirilən general deyir ki, Etibar Əliyevin tutulmasının ona aidiyyəti olmayıb. Onu MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəis müavini, hazırda həbsdə olan Füzuli Əliyev saxlayıb gətirib. Həmin idarədə də sənədləşmə aparılıb. O vurğulayıb ki, bankirin saxlanması MTN rəhbərliyinin göstərişi əsasında olub: "Etibar Əliyevin hansısa əmlakının satılması, girov qoyulması ilə bağlı onunla söhbətim olmayıb. Bilmirəm ki, niyə mənə qarşı yalan ifadə verir".

Ələkbərov da ittihamı rədd edir

Ələkbərov da bu ittihamı rədd edir. Deyir ki, Etibar Əliyev də, həyat yoldaşı da oğlu Kəramətin dediklərinə əsaslanıb ifadə verirlər. Yalnız Kəramət Əliyev 3 milyon evin pulunu və əlavə 500 min avronu aparıb MTN-ə verdiyini bildirib.

2012-ci ilin martında "Texnikabank" işi üzrə Etibar Əliyevlə yanaşı, bankın bir sıra başqa vəzifəli işçiləri də həbs olunmuşdu. Onların arasında AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov da vardı. Seyidov bankın Yasamal filialında çalışırdı, vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluqda ittiham olunub, ona 7 il 6 ay həbs cəzası kəsilmişdi.

Mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadədə suçlanan bank rəhbəri həbsdən buraxılandan sonra da onun barəsində cinayət təqibi davam etdi. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o zaman 8 il şərti cəza verilmişdi.

Xatırlatma

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona və vaxtilə MTN-də tabeliyində çalışmış daha üç polkovnikə -keçmiş şöbə rəisləri Yasin MəmmədovVüsal Ələkbərov, rəis müavini Sahib Ələkbərova hökm oxunub. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Şıxəliyevdən başqa digər üç nəfər həbsdə deyildi. Onlar hökm oxunanda məhkəmə zalından həbs olunublar.

Məhkəmə həmçinin onların general, polkovnik rütbələrinin, orden və medallarının alınmasına qərar verib.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər. Çünki istintaqa prosessual nəzarət orqanı var – prokurorluq. Şıxəliyev və digərləri bildirib ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı Baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır.

Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

XS
SM
MD
LG